Səlahiyyətli nümayəndənin müavini “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin iştirakçıları ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, noyabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri olan uşaqlarla görüşüb.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə və “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin proqram rəhbəri Fuad Dərgahlı layihə barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi gənclər arasında ekoloji bilik və bacarıqların təbliğini təşkil etmək və bunun üçün gənc səfirlər qrupunu hazırlamaqdır. Layihə ölkənin iki regionunda - Naxçıvan və Qarabağda reallaşdırılacaq. Bu məqsədlə heyət ilk olaraq Naxçıvan Muxtar Respublikasına səfər edib. Burada müxtəlif yaş qrupundan gənclərlə görüşlərin keçirilməsi, layihə yekunlaşandan sonra gələcək fəaliyyətlər üçün gənclərdən ibarət eko-qrupların formalaşdırılması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli səmimi salamlarını çatdırıb və bildirib ki, Naxçıvan blokada şəraitində yaşayır. Bu isə muxtar respublikanın paytaxtla inteqrasiyasını sürətləndirməyi, o cümlədən ölkəmizdə tətbiq olunan qabaqcıl təcrübənin Naxçıvanda yaşayan gənclərə aşılanmasını zəruri edir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi bu məsələlərə xüsusi diqqət göstərir, gələcəyimiz olan gənclərin təklif və ideyalarının dəstəklənməsi, inkişafı məqsədilə münbit şərait yaradır. Bu işdə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətlərinin üzərinə böyük vəzifələr düşür.
Layihənin işinə uğurlar arzulayan və icrası üçün dəstəyini ifadə edən Samir Seyidəhmədli gənclərə belə layihələrdə fəal iştirakı, ölkəmizin gələcəyi naminə yaradılan şəraitdən səmərəli istifadə edərək peşəkar mütəxəssis kimi formalaşmağı tövsiyə edib.
“Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin iştirakçısı olan uşaqlar gələcək planları və Naxçıvan səfəri ilə bağlı təəssüratlarından bəhs ediblər.
Görüşdə Naxçıvana növbəti səfərlər və burada həyata keçirilməsi nəzərdə tutulan digər layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Layihə iştirakçılarından Səbinə Əlizadə “Vətən” adlı əl işini səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədliyə hədiyyə edib.
Sonda xatirə fotosu çəkdirilib.