Vətən darda olanda milliyyətindən və mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşlar onu qorumaq üçün ayağa qalxdı. Onlar da ölkəmizin bütövlüyü və dövlətimizin müstəqilliyi uğrunda igidcəsinə vuruşub xalqın unudulmaz qəhrəmanı oldular. “Mən milliyətcə rusam, ancaq vətənim Azərbaycandır”, - deyən Yuri Petroviç Kovalyovda belə oğullardan biri idi.
Vətənə sevgisi ilə hər bir azərbaycanlıya nümunə olan Yuri Kovalyov 1965-ci il noyabrın 29-da Göyçay rayonunda anadan olub. Qəhrəman 7 yaşında ikən ailəsi ilə Rusiyanın Krasnodar vilayətinə köçərək 5 il orada yaşadıqdan sonra Bakı şəhərinə qayıdır. Orta təhsilini Nizami rayonundakı 229 saylı məktəbdə başa vuran qəhrəman ordu sıralarına çağrılır. Əsgəri xidmətini yerinə yetirib bir müddət əmək fəaliyyəti ilə məşğul olan Yuri Kovalyov dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qırmızı Bayraqlı Qara Dəniz Donanmasının 109 nömrəli miçmanlar və praporşiklər məktəbinə daxil olur. Təhsil aldığı dövrdə Qərbi Azərbaycanlıların dədə-baba torpaqlarından zorla çıxarılması və ermənilərin dinc əhaliyə olmazın vəşiliklər etməsi Yuri Kovalyovu çox narahat edir.
1990-cı ilin əvvəllərindən Qarabağ bölgəsinə hücuma başlayan düşmən olmazın vəşiliklər edib, yerli əhaliyə divan tutur. Bütün bunlara etiraz edən Yuri Kovalyov “artıq düşmənə layiqli cavab vermək lazımdır”,- deyib könüllü olaraq DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılır. O, Goranboy rayonu uğrunda döyüşlərə qatılaraq düşmənlə ön cəbhədə vuruşur. Düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edən qəhrəman igidliyi ilə ermənilərin qəlbinə qorxu salır. Qəhrəmanın cəsarəti və qorxmazlığından vahiməyə düşən düşmən, ordusuna “kim onu öldürərəsə” yüz min rubl pul mükafatı veriləcəyi vədini verir.
1991-ci il 3 oktyabr günü…
Ağır döyüş əməliyyatlarından qayıdan Yuri Kovalyov avtomobildə bir neçə döyüşçü yoldaşı ilə Ağdama getməli idi. Bu istiqamətdə irəliləyərkən Xocavənd ərazisində avtomobil atəşə tutulur. Cavab atəşləri verilən zaman ağır yaralanan Yuri Kovalyov qəhrəmancasına şəhid olur. O, Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilir.
Vətən torpaqlarının qorunmasında şəxsi igidlik göstərib, şəhidlik zirvəsinə yüksələn Yuri Petroviç Kovalyov ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 1992-ci il 6 iyun tarixli, 831 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qəhrəmanın adı əbədləşdirilərək Bakı şəhər Nizami rayonudakı 229 saylı məktəbə verilib. 2021-ci il oktyabrın 3-də Milli Qəhrəmanın şəhadətinin 30 illiyinə həsr olunan anım tədbirində həmin məktəbin önündə büstünün açılışı olub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı