Qəhrəmanlıq nümunəsi…

A- A A+

Zamanın elə bir dövrü yoxdur ki, ölkəmizin başının üzərini qara buludlar almasın. Məhz bu çətin anda qeyrətli, mərd oğullarımız vətənin bütövlüyünü qorumaq üçün sinələrini önə verib igidcəsinə vuruşublar. Onların hər birinin şücaəti xalqımızın düşüncəsində qəhrəmanlıq dastanına çevrilərək əfsanələşib. Belə əfsanəvi qəhrəmanlardan biri də Yusif Əliyusif oğlu Əliyevdir.

1969-cu il dekabr ayının 2-də Bakının Qobustan qəsəbəsində dünyaya göz açan qəhrəman orta təhsilini qəsəbədə yerləşən 223 saylı orta məktəbdə alır. Orta təhsilini başa vurduqdan sonra o, Qobustan Avtomobil Nəqliyyatı İdarəsində işlə təmin olunur. Bir müddət əmək fəaliyyəti ilə məşğul olan Yusif Əliyev əsgəri xidmətini yerinə yetirmək üçün ordu sıralarına çağrılır. Hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində yerinə yetirən qəhrəman 1990-cı ildə ordudan təxris olunaraq Bakı şəhərinə qayıdır. Daxili İşlər Nazirliyinə işə düzəlmək üçün müraciət edən Yusif Əliyev tezliklə Post-patrul xidməti alayının 3-cü rotasına təyin edilir. Həmin vaxtda Dağlıq Qarabağ münaqişəsi başlamış və bölgə intensiv olaraq düşmən hücumuna məruz qalmışdı. Vətən torpaqlarının qorunmasında Polis əməkdaşları ilk gündən fəallıq göstərərək ərazidə əhalinin təhlükəsizliyini təmin etməyə çalışırdılar.

1991-ci ilin fevral ayında əhalinin təhlükəsizliyini təmin etmək üçün Yusif Əliyev Goranboya ezam olunur. İlk döyüşə rayonun müdafiəsi uğrunda qatılan qəhrəman Buzluq, Mənəşid və Erkəc kəndləri uğrunda da düşmənlə mübarizə aparır, hücumun qarşısını almağa çalışır. Fevral ayının 24-də 500 nəfərə yaxın quldur erməni Mənəşid kəndinə hücuma keçir. Yusif Əliyev və tərkibində olan polis dəstəsi mövqelərini qoruyub saxlamaqla düşmən həmlələrinin qarşısını almağa və düşməni geri çəkilməyə məcbur edirdilər. Uğulu döyüş əməliyyatı aparılsa da, döyüş sursatının bitməsi vəziyyəti çətinləşdirir. Vəziyyəti belə görən Yusif Əliyev 14 nəfər döyüşçü ilə düşmənlə əlbəyaxa döyüşə atılır. Düşmən müqavimətin gücünü görüb geri çəkilir.

Sentyabr ayının 14-də düşmən Buzluq kəndinə hücum edir. Düşmənlə mübarizə aparan Polis dəstəsinin döyüş sursatının bitdiyi xəbərini alan Yusif Əliyev tezliklə yoldaşlarına sursat aparmaq üçün yola çıxır. Böyük çətinliklə bu vəzifəni yerinə yetirən qəhrəman güllə yağışı altında qalsa da, sursatları yoldaşlarına çatdıra bilir. Ancaq o, ağır yaralanaraq qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Ağsu rayonunun Rəhimli kəndində dəfn edilir.

Vətən torpaqlarının qorunmasında şəxsi igidlik göstərib, verilən döyüş tapşırıqlarında vəzifə borcunu layiqli yerinə yetirən Yusif Əliyev ölkə qarşısında xidmətlərinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qəhrəmanın Adı əbədiləşdirilərək Qobustan qəsəbsindəki 195 saylı orta məktəbə verilib və qarşısında büstü qoyulub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: