Azərbaycanda yaşanan ən dəhşətli təyyarə qəzasından 29 il ötür - VİDEO
Naxçıvanda 52 nəfərin həlak olduğu dəhşətli təyyarə qəzasından 29 il ötür.
NUHÇIXAN xəbər verir ki, 1995-ci il dekabrın 5-i saat 17:52-də "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus olan 56 saylı "Naxçıvan-Bakı" reysi ilə uçan Tu-134B tipli sərnişin təyyarəsi Naxçıvan hava limanından Bakıya yola düşməyə hazırlaşır.
Göyərtəsində 76 sərnişin və 6 ekipaj üzvünün olduğu təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayır və bu qəza Azərbaycan Aviasiya tarixinə ən dəhşətli qəza kimi yazılır. Havaya qalxan təyyarə 60 metr hündürlüyə və saatda 317 km sürətə çatanda sonra mühərriklərdən birində problem olduğu məlum olur. Sol mühərrik sıradan çıxır, bort mühəndisi isə səhvən sağ mühərriki söndürür. Bu zaman isə pilot təyyarəni 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Saatda sürəti 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə üzüzə gəlir. Dəhşətli fəlakətdən qurtulmaq üçün pilotlar sağa, 37 dərəcə bucaq altında kəskin dönüş etməyə məcbur qalırlar və hava limanı yaxınlığındakı açıq sahəyə istiqamətlənirlər. Təssüf ki, uçuş heyətinin cəhdləri qəzadan xilas olmağa kifayət etmir və Naxçıvan şəhər Xətai məhəlləsindəki (Sovetabad) şumlanmış sahəyə düşən təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunaraq alışır.
Qəza nəticəsində göyərtədə olan 82 nəfərdən 4 heyət üzvü olmaqla 52 nəfər həlak olur. 26 sərnişin və 4 ekipaj üzvü sağ çıxır.
Anar Tağıyev