Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu işə başlayıb - FOTOLAR
Dekabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu işə başlayıb.
NUHÇIXAN xəbər verir ki, “Uşaqlar və ekologiya” mövzusuna həsr olunmuş forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edirlər.
Forum çərçivəsində uşaqlar “Uşaq hüquqları: İnkişaf üçün birləşək - Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar - Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi - Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi- Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi - Təbiətin keşiyində”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti - Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq - təbiəti qoruyaq” mövzuları üzrə müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış edəcəklər.
Qeyd edək ki, forumda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Komitənin bir qrup əməkdaşı iştirak edir. Muxtar respublikanı “Uşaq Səfirlər Məclisi”nin üzvlərindən olan 6 uşaq təmsil edir.