“Mən cəbhəyə gedib düşmənlə döyüşəcəyəm!”

A- A A+

O, yaşıdlarından çox seçilən, fərqli bir gənc idi. Uşaq yaşlarından vətəninə bağlı, yurduna böyük sevgi bəsləyirdi. Ana torpaq deyiləndə - onun qəlbən duyduğu sevgidən gözləri yaşarardı. Çünki qəlbində böyük nisgili, yurd həsrəti vardı. Ona görə də dostları təhsil almaq barəsində söhbət edəndə gənc qəhrəmanın dilindən ancaq bu kəlmə eşidilirdi: “Mən cəbhəyə gedib düşmənlə döyüşəcəyəm!”. O, sözünün əri olub, dediyi kimi də etdi və Azərbaycanın Milli Qəhrəmanı adını qazandı.

Haqqında məlumat verdiyim qəhrəman Səxavət Ələmdar oğlu Məhərrəmovdur. Onun düşmənə nifrəti uşaq yaşlarından yaranmışdı. 1988-ci ildə mənfur qonşumuz Ermənistan məkrli niyyətini ilk Qərbi Azərbaycan torpaqları üzərindən həyata keçirməyə başladı. Elə doğma, dədə-baba yurdlarından zorla köç etməyə məcbur qalanlardan biri də Məhərrəmovlar ailəsi oldu.

Səxavət Məhərrəmov 1973-cü il dekabr ayının 5-də Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. Böyüdüyü gözəl təbiətli, doğma kəndinə çox bağlı olan Səxavət 9-cu sinfə qədər orta təhsilini kənddə alır. 1988-ci ildən etibarən qərbi azərbaycanlıların kütləvi deportasiya edilməsi nəticəsində yeniyetmə yaşlarında olan qəhrəman ailəsi ilə birlikdə əvvəlcə Gürcüstana köçüb, orada yaşamağa məcbur olur. Bir müddət sonra Bakıya qayıdan ailə Lökbatan qəsəbəsində məskunlaşır. Orta təhsilini qəsəbədə yerləşən 106-saylı orta məktəbdə başa vuran Səxavət əmək fəaliyyətinə 1 saylı Təmir-Tikinti İdarəsində başlayır. Qəlbən çox həssas olub, ədəbiyyat və tarix fənlərinə çox maraq göstərən Səxavət yurdu üçün hər darıxdığında əlinə qələm alıb şeirlər yazır. Onun bütün qəlbini bürüyən vətən nisgili təhsil almaq düşüncəsindən daşındırır. O, könüllü olaraq hərbi xidmətini yerinə yetirmək üçün müraciət edir. Əvvəlcə Daxili Qoşunlarda, sonra isə yeni yaranan Milli Ordu sıralarında xidmət edən qəhrəman bir çox hərbi təlimlərdə iştirak edərək cəsarəti və qorxmazlığına görə hərbçi yoldaşları arasında böyük hörmət qazanır.

1992-ci ilin iyun ayında Cəbhə bölgəsinə yollanan Səxavət Ağdərə uğrunda döyüşlərə qatılır. Düşmənin dəfələrlə hücum etdiyi ancaq işğal edə bilmədiyi Möhrətağ kəndində qızğın döyüşlər zamanı Səxavət Məhərrəmov bölüyü ilə birgə düşmənə ağır zərbələr endirərək canlı qüvvəsini məhv edib, döyüş texnikasını sıradan çıxarır. Güclü müqavimətin qarşısını ala bilməyən düşmən geri çəkilir. Döyüş əməliyyatı düşmənin məğlubiyyəti ilə nəticələnsə də, ağır yaralanan Səxavət qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir.

Əsgəri xidmətini qüsursuz yerinə yetirib qəhrəmancasına şəhid olan Səxavət Məhərrəmov ölkəmizin ərazi bütövlüyünün qorunmasında göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Qəhrəmanın adı əbədiləşdirilərək Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbə verilib və məktəbin dəhlizində büstü qoyulub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: