Sədərəkli idmançılar mükafatlandırılıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunda bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, muxtar respublikada fəaliyyət göstərən 12 federasiyanın yeddisinin Sədərək rayon bölmələri yaradılıb. Sədərəkdə idmanla məşğul olanların sayı 2200 nəfərdir ki, onların 231 nəfərini qızlar təşkil edir. Sağlamlıq imkanları məhdud olan 15 uşaq və gənc də idmana cəlb olunub.

2018-ci il ərzində boks üzrə keçirilən muxtar respublika birinciliklərində rayonu təmsil edən komandanın bir üzvü  Naxçıvan şəhər açıq çempionatının qalibi adına layiq görülüb. Karate-do üzrə keçirilən muxtar respublika açıq birinciliyində iştirak edən Sədərəkli iki idmançı I və III yerin sahibi olub. Bundan əlavə respublika spartakiadasında 400 metr məsafəyə qaçışda bir nəfər I yerə,  stolüstü tennis üzrə isə bir idmançı III yerə çıxıblar. İntelektual oyunlar üzrə muxtar respublika birinciliyində də iştirak edən bir nəfər Sədərək rayon təmsilçisi  I yerin sahibi olub.

Tədbirdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-ci il 10 dekabr tarixdə “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə qarşıya qoyulan mühüm vəzifələrə  də toxunulub.

Müşavirədə qarşıya qoyulmuş vəzifələrdən danışan icra başçısı diqqətə çatdırıb ki, rayonda müasir idman infrastrukturunun, hərtərəfli şəraitin yaradılmasına baxmayaraq, hələ də mövcud imkanlardan lazımınca istifadə olunmur. Qarşıya qoyulmuş vəzifələrin icrası üçün Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, federasiyaların rayon bölmələri öz fəaliyyətlərini gücləndirməlidirlər. Aidiyyəti qurumlar tərəfindən rayonda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması işi diqqətdə saxlanılmalı, müxtəlif növlər üzrə rayon birinciliklərinin keçirilməsi davam etdirilməli, muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışlarda rayon idmançılarının iştirakı təmin edilməlidir. Gənclər və İdman İdarəsi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə birgə tədbirlər keçirməli, sağlamlıq imkanları məhdud idmançıların rayonun və muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyasına nail olmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, Uşaq-gənclər şahmat və idman məktəbinin fəaliyyəti gücləndirilməli, idman yarışları və müxtəlif idman oyunları müvafiq federasiya bölmələri ilə birlikdə təşkil edilməlidir.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə və Uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov 2018-ci ildə idman sahəsindəki nəticələr barədə məlumat veriblər.

Tədbirdə Sədərək rayonunda 2019-cu il ərzində idman sahəsində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq edilib. Ötən il idman sahəsində fərqlənən idmançılar mükafatlandırılıblar.

 

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: