Qanadsız Mələklər

A- A A+

Dünyanın ədalətsizliyi və ziddiyyətləri arasında elə insanlar var ki, onlar sanki mələklərdir – qanadları olmasa da, qəlblərindəki işıqla həyatımıza nur saçırlar. Onlar bizim yanımızda hər an var, amma bəzən onların fədakarlığını görmək üçün gözlərimizi açmağa ehtiyacımız olur.

Həyatın çətinliklərində itirdiyimiz güvən, ümidsizlik anlarında itələdiyimiz inam, məhz bu qanadsız mələklərin sevgi dolu əllərində yenidən çiçəklənir. Bəli, analar – yorulmadan bizi böyüdən, hər nəfəsdə həyatımıza öz canlarından can qatan o böyük ürək sahibləri. Onların şəfqəti, hər damla göz yaşı ilə ömürlərimizə sükutlu dua kimi işlənir.

Dünyamızın sükutunda, hər daşın və ağacın arxasında möhtəşəm bir hekayə gizlidir. Bu hekayələrin bir çoxu görünməz qəhrəmanlara, göz önündə olmayan, lakin hər zaman ürəklərdə olan insanlara aiddir. Onları biz "qanadsız mələklər" adlandırırıq. Bu mələklərin qanadları yoxdur, amma onların ürəkləri uçmağı bilir.

Qanadsız mələklər bizə yalnız yardım əlini uzatmaqla kifayətlənmirlər; onlar həm də ümid işığını alovlandırırlar. Bəzən bir müəllim sinifdəki hər bir şagirdin gözündə gələcəyin xəyalını oxuyur və bu xəyalı reallığa çevirmək üçün yorulmadan çalışır. Bəzən bir həkim, öz sağlamlığını riskə ataraq, başqa bir insanın həyatını xilas etməyə çalışır. Bu insanların işi yalnız peşə deyil, bir ilahi missiyadır. 

Bəlkə də heç vaxt tanımadığımız bir kənd müəllimi dağ başında qarda yolları keçərək uşaqların həyatına maarif işığı gətirir. Bəlkə də hər səhər sübh tezdən işə gedən fəhlə, ailəsinə bir tikə çörək gətirərək, fərqində olmadan mələkliyi yaşayır.

Qanadsız mələklər bizə öyrədir ki, sevgi və fədakarlıq görünməz qanadlardır. Hər birimiz bu mələklərdən ilham alaraq, başqa birinin həyatında dəyişiklik edə bilərik. Bu dünyada hər bir kiçik yaxşılıq, bir parça ümid, bir az mehribanlıq bizi böyük mələk ordusunun bir hissəsinə çevirir.

Bəlkə də mələk olmaq üçün qanadlara ehtiyac yoxdur. Yalnız ürəkdən gələn bir yaxşılıq, insanlıq və mərhəmət... Bax, bu, həqiqi qanadsız mələk olmaq deməkdir

Amma ən təsirli qanadsız mələklər bəzən tanımadığımız, adını belə bilmədiyimiz insanlardır. Gecəyarısı küçədə ac bir uşağa çörək verən, ehtiyacı olan birinin əlindən tutan o xeyirxah ürəklərdir. Onların nə mükafata, nə də tanınmağa ehtiyacı var. Onlar fədakarlıq üçün yaşayar.

Həyat hər zaman ədalətli deyil. Amma qanadsız mələklərin varlığı bəşəriyyətin ümid işığını heç vaxt sönməyə qoymur. Onlar səssizdir, görünməzdir, amma hər yerdədir. Bizə yalnız bir az daha diqqətli baxmaq, ətrafımızdakı bu mələkləri tanımaq və onların işığını paylaşmaq qalır.

Qanadsız mələklər – bu dünyanın unudulmaz qəhrəmanlarıdır.

 

Səkinə Əhmədova

Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: