“Naxçıvan-mənim doğma diyarım” müsabiqəsi yekunlaşıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı fevral ayı ərzində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Naxçıvan-mənim doğma diyarım” mövzusunda inşa yazı, rəsm və şeir müsabiqələri keçirilib. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən inşa yazı müsabiqəsinin muxtar respublika mərhələsində ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan və rayon, şəhər mərhələsinin qalibi olmuş 60 şagird iştirak edib.
Muxtar respublika ümumtəhsil məktəblərinin bədii qiraətçiləri isə müsabiqədə 30 nəfərlə təmsil olunublar. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən rəsm müsabiqəsində isə muxtar respublikanın 40 fırça ustası öz bacarıqlarını nümayiş etdirib. İştirakçılar müsabiqəyə Naxçıvan Muxtar Respublikasının dünəni və bu gününü, inkişafını, təhsilini, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən inşa, şeir və rəsmlər təqdim ediblər.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Heyran Əhmədova inşa, şeir və rəsm müsabiqələrinin əhəmiyyətindən danışıb.
Sonra münsiflər heyətinin üzvlərindən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev və Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva qalibləri təbrik ediblər.
Nəticələrə uyğun olaraq müsabiqələrin hər birində bir I yer, iki II yer, üç III yer, eləcə də 3 həvəsləndirici yer olmaqla 27 qalib müəyyən edilib. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Aygün Hüseynli