Şahbuz rayonunda idmanın bugünkü vəziyyəti müzakirə edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə  əlaqədar  müşavirə keçirilib.

Müşavirədə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov, rayon təhsil şöbəsinin müdiri Araz Məmmədov çıxış edərək rayonda idmanın hazırkı vəziyyəti, 2018-ci ildə görülən işlər və buraxılan nöqsanlardan danışıblar.

Rayon icra hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, rayonda 21 ümumtəhsil müəssisəsində müasir idman zalları, açıq idman qurğuları,  rayon mərkəzində uşaq-gənclər şahmat və idman məktəbləri, Şahbuz şəhər, Şahbuzkənd, Kükü, Kolanı stadionları gənclərin və yeniyetmələrin istifadəsinə verilib.

Rayonda uşaq-gənclər şahmat və idman məktəbləri, voleybol, futbol, sərbəst güləş, yüngül atletika, şahmat, karate-do və paralimpiya üzrə federasiya bölmələri fəaliyyət göstərir. 288 nəfər Uşaq-Gənclər Şahmat, 276 nəfər Uşaq-Gənclər İdman Məktəbində, 2827 nəfər isə ümumtəhsil məktəblərində və federasiyaların rayon bölmələrində olmaqla, ümumilikdə 3391 nəfər idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud olan 14 uşaq da idmana cəlb edilib. Rayonda əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində mühüm əhəmiyyətə malik olan bədən tərbiyəsi və idmanın inkişafına geniş yer verilir.

Qeyd olunub ki, son illər rayonda gənclərdən ibarət şəhər, qəsəbə, kənd voleybol və futbol komandaları arasında yarışlar keçirilərək bu idman növlərinin kütləviliyinə müəyyən qədər nail olunub. Əvvəlki dövrlərdən fərqli olaraq rayon gəncləri futbola  cəlb olunaraq “Batabat” komandasının muxtar respublika çempionatında iştirakı təmin edilib. 2018-ci ildə rayon idmançıları iştirak etdikləri bir sıra yarışlarda nailiyyətlər əldə ediblər.

Diqqətə çatdırılıb ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-ci il 10 dekabr tarixdə “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə  qarşıya mühüm vəzifələr qoyulub.

İcra başçısı bildirib ki, rayonda idmanın inkişafına göstərilən hərtərəfli qayğıya baxmayaraq bu sahədə çalışanlar öz üzərlərinə düşən vəzifələri heç də  layiqincə yerinə yetirə bilmirlər. Yeniyetmə və gənclərin bir qisminin idmanla məşğul olmaması onu göstərir ki, gənclərin idmanın müxtəlif növlərinə maraqlarının artırılması, idman qurğularından istifadə lazımi səviyyədə deyil. Federasiya bölmələri tərəfindən ixtisaslı və peşəkar məşqçilərin cəlb olunmaması da idmançıların hazırlıq səviyyələrinə öz təsirini göstərir. Rayon gənclər və idman idarəsi, təhsil şöbəsi və idman federasiyalarının rayon bölmələri ilə

birlikdə idmanın bütün növlərinin inkişaf etdirilməsinə və idmanın kütləviliyinə nail olunması üçün tədbirlər həyata keçirilməlidir. Federasiyaların rayon bölmələri fəaliyyətlərində ciddi dönüş yaratmalı, gənclər və idman idarəsi, təhsil şöbəsi ilə birgə təcrübəli və peşəkar məşqçiləri dəvət etməli, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin keçirilməsini təmin edərək onların təcrübəsindən istifadə etməklə nailiyyətlər əldə olunmasını, rayon daxilində və muxtar respublikanın digər rayon və şəhər komandaları ilə yoldaşlıq görüşlərinin keçirilməsini, yeni yaradılan həndbol idman növünün inkişafını diqqətdə saxlamalıdırlar.

Müşavirədə rayonda  idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar müzakirələr də aparılıb. Nöqsanların aradan qaldırılması üçün aidiyyatı təşkilatlara konkret tapşırıqlar verilib.

Sonda rayonda  2018-ci ildə  fərqlənən  məşqçi müəllim və idmançılar mükafatlandırılıblar.

 

                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: