Bütün zamanların ən böyük azərbaycanlısı, müstəqil, qüdrətli Azərbaycan Respublikasının qurucu lideri, milli dövlətçilik konsepsiyasının yaradıcısı ulu öndər Heydər Əliyev müstəqil dövlətimizin qurucusu, memarı kimi müasir tariximizində əbədiyaşarlıq qazanmışdır. Azərbaycanın müstəqilliyə gedən yolunda görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan “Qurtuluş yolu” Naxçıvandan başlayaraq sabitliyin, əmin-amanlığın, tərəqqinin, sürətli inkişafın qarantı olmuşdur.
Dahi rəhbərin siyasi hakimiyyətinin birinci dövründə formalaşdırılan, milli məfkurəyə söykənən siyasi strategiya, milli istiqlal ideyaları zamanla bəhrələrini verdi, milli müstəqillik uğrunda mübarizə dövlət müstəqilliyinin bərpası ilə yeni mərhələyə qədəm qoydu. Sözsüz ki, bu mübarizə qurbansız ötüşmədi. 1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə sovet ordu hissələri əliyalın, günahsız insanlara vəhşicəsinə divan tutdu. Hadisənin sabahı günü Moskvadakı daimi nümayəndəliyə gələn ulu öndər Heydər Əliyev törədilən qanlı hadisələrə etiraz səsini ucaltdı, beynəlxalq təşkilatların diqqətini yanvar hadisələrinə yönəltdi. Ümummilli lider Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə də yanvar hadisələrinə siyasi qiymət verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində qərar qəbul etdi. 21 noyabr 1990-cı ildə “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarın qəbul olunması qısa zamanda mərkəzdə əks səda doğurdu.
Mərkəzdə Heydər Əliyevə qarşı başladılan kampanyaların doğuracağı nəticələri göz önündə tutan ulu öndər 1990-cı ilin 22 iyul tarixində doğma Naxçıvana gəldi. Həmin gün Naxçıvanda əsl bayram əhvali-ruhiyyəsi yaşanırdı. Naxçıvanlılar dahi rəhbərin timsalında öz xilaskarlarını görürdülər. Xalqın xilaskarı kimi üzərinə düşən missiyanı qəbul edən ulu öndər Naxçıvan və Azərbaycan Ali Sovetinin deputatı seçildi. Zaman o zaman idi ki, ölkədə hərcmərclik, anarxiya, baş alıb gedirdi, iqtisadiyyat tənəzzül etmiş, problemlər qarşısıalınmaz həddə çatmışdı.
Görkəmli dövlət xadiminin Naxçıvan dövrü siyasi və dövlətçilik fəaliyyəti bir sıra taleyüklü qərarların qəbulu ilə müasir dövlətçilik tariximizə düşdü. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi 1991-1993-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi işlər, qəbul etdiyi qərarlar Naxçıvanda sabitliyin yaranmasına hesablanmaqla yanaşı mərkəzdə də birmənalı şəkildə qəbul olunmurdu. Heydər Əliyevin siyasi səriştəsi nəticəsində Muxtar Respublikada sabitlik yarandı, Naxçıvanın işğalı təhlükəsi aradan qaldırıldı, blokada şəraiti ilə əlaqədar yaranmış ərzaq, enerji təhlükəsizliyi probleminin həllinə nail olundu. Uzaqgörən siyasi liderin hazırladığı strategiya nəticəsində dövlət quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmə mexanizminin yaradılması və təkmilləşdirilməsi, qonşu ölkələrlə diplomatik əlaqələrin qurulması və diplomatik korpusların yaradılması, iqtisadiyyatın inkişafı, kənd təsərrüfatının dirçəldilməsi, enerji və təbii qaza olan ehtiyacların təmini, ordu quruculuğu, əmlakların milliləşdirilməsi, Muxtar Respublikanın müdaifəsinin təşkili və Müdafiə Fondunun yaradılması və digər tədbirlər həm də Naxçıvanda rəhbər-xalq birliyinin əməli nəticələri idi. 16 dekabr 1991-ci ildə hazırlanan qərara əsasən 31 dekabr tarixinin həmrəylik günü elan olunması da Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bəhrəsi kimi milli birlik, həmrəylik ideyalarını gücləndirməyə xidmət edirdi.
17 noyabr 1990-cı ildə möhtərəm Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin iclasında bir sıra dövlət əhəmiyyətli qərarların qəbulu idarəçilik mexanizminin təkmilləşdirilməsinə hesablanmaqla yanaşı milli strategiyanın da əsasını təşkil edirdi. Dövlət müstəqilliyinin əldə olunmasına hesablanan milli dövlətçilik strategiyasının mühüm tərkib hissəsi olan Naxçıvan MSSR-nın adından “Sovet Sosialist” sözünün götürülməsi, ali qanunverici orqanın adının Ali Məclis elan olunması, dövlət rəmzlərinin qəbulu Heydər Əliyevin dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsi istiqamətində gördüyü işlər kimi mühüm tarixi əhəmiyyət daşıyırdı. Ulu öndərin SSRİ-nin qorunması ilə bağlı referendumda səs verməməsi, 19 iyul 1991-ci ildə kommunist partiyası sıralarından çıxmasını elan etməsi, 28 aprel 1920-ci il tarixini Azərbaycan Xalq Cumhuriyyətinin devrilməsi və Azərbaycanın işğalı kimi dəyərləndirməsi Heydər Əliyevin milli məfkurəyə, milli dövlətçilik ideyalarına bağlılığının ifadəsi kimi qəbul olunurdu. Görkəmli dövlət xadiminin uzaqgörənliklə həyata keçirdiyi işlər sırasında 1991-ci ilin sentyabrında Naxçıva MR Dövlət Müdafiə Komitəsinin yaradılması, Naxçıvanın İnkişaf və Müdafiə Fondunun yaradılması, 25 iyul 1992-ci ildə “Naxçıvan MR-in müdafiəsinin təşkili haqqında” qərarın qəbul olunması Muxtar Respublikanın müdafiəsi, erməni işğalının qarşısının alınması, sabitliyin bərpa olunması istiqamətindəki əməli tədbirlər dövlətçilik konsepsiyasının mühüm tərkib hissələri idi.
1990-1993-cü illərdə Naxçıvanda yaranmış blokada vəziyyəti özü ilə çoxsaylı çətinliklər yaradırdı. Mərkəzdə hakimiyyətdaxili çəkişmələr, şəxsi maraqların güdülməsi və digər oxşar problemlər Naxçıvana lazımi diqqətin ayrılmamasına gətirib çıxarmışdı. Yaranmış vəziyyətdə Naxçıvanda baş verən hadisələrin, problemlərin mərkəzə və dünyaya çatdırılması sahəsində də informasiya blokadası yaranmışdı. Bu dövrdə dünyanın böyük informasiya agentliklərinin Heydər Əliyevdən müsahibə almaq üçün Naxçıvana gəlməsi, ulu öndərin çıxışlarında yaranmış vəziyyəti siyasi dəqiqliklə analiz etməsi, vəziyyətdən çıxış yollarının müzakirə edilməsi, ABŞ, Fransa, Türkiyə, İran və s. dövlətlərin rəsmi nümayəndələri ilə Heydər Əliyevin görüşlər keçirməsi, millətimizin haqq səsini dünyaya çatdırması, yaranmış gərgin vəziyyətdən, törədilmiş qırğınlardan, torpaqlarımızın işğal təhlükəsi altında olmasından bəhs olunması bütünlükdə taleyini millətin, dövlətin taleyinə bağlamış siyasət nəhənginin milli dövlətçilik konsepsiyasının mühüm tərkib hissələri idi.
Bu dövrdə Naxçıvanda atılası birinci addım blokadanın yarılması, qonşu dövlətlərlə balanslı münasibətlərin, siyasi, diplomatik və ticarət əlaqələrinin qurulması idi. Ulu öndərin qısa zamanda apardığı diplomatik danışıqlar öz səmərəli bəhrəsini verdi. 1991-ci ilin 16 aprelində Nehrəm kəndindən İranla körpünün açılışı, elə həmin ilin 29 oktyabr tarixində Türkiyə ilə sərhəddə körpünün açılması, Türkiyə və İran İslam Respublikasının dövlət nümayəndələri ilə danışıqların nəticəsində Naxçıvana ərzaq və digər zəruri məhsulların göndərilməsi, 1 mart 1992-ci ildə Naxçıvanda hava limanının istifadəyə verilməsi, həmin ildə Şahtaxtı-Poldəşr keçid məntəqəsinin açılışı, həmçinin İranla əldə olunan razılığa əsasən 40 meqavat gücündə elektrik enerjisinin alınması Naxçıvanın düşdüyü ərzaq, nəqliyyat, enerji, informasiya blokadasından azad olunmasına hesablanmış mühüm nailiyyətlər idi və Naxçıvan artıq “Sabitlik adası” na çevirməkdə idi.
Naxçıvanın müdafiəsi istiqamətində dahi rəhbərin atdığı mühüm addımlardan biri də milli ordu hissələrinin yaradılması, sovet qoşunlarının Naxçıvandan çıxarılması idi. Aparılan danışıqların nəticəsində18 avqust 1992-ci ildə rus əsgərləri, 18 oktyabr 1992-ci ildə sonuncu rus sərhədçiləri Naxçıvanı tərk etdi. Naxçıvanı tərk edən ordunun hərbi sursat və əmlakların milliləşdirilməsi, mili ordu hissələrinin yaradılması Naxçıvanın ermənilərdən qorunmasının qarantına çevrildi.
Ulu öndərin Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə, Ali Məclisin sədri vəzifəsini daşıdığı 1991-1993-cü illərdə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar, Muxtar Respublikanın müdafiəsi, iqtisadiyyatın dirçəldilməsi, ərzaq və enerji təhlükəsizliyinin təmini, qonşu dövlətlərlə olan münasibətlərin yeni müstəviyə daşınması, diplomatik korpusların yaradılması və çoxsaylı bu kimi mühüm əhəmiyyətli işlər Ümumilli liderə olan xalq məhəbbətini daha da artırdı, rəhbər-xalq birliyini gücləndirdi.
Ulu öndərin Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə siyasi səriştə ilə hazırlanan, həyata keçirilən qanun layihələri dövlətin əsaslarını möhkəmləndirdi, dövlətçiliyin baza prinsiplərini formalaşdırdı. Zamanla dövlət strukturlarının yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik orqanlarının təşkili və onalara nəzarət mexanizminin hazırlanması və həyata keçirilməsi, kolxozların milliləşdirilməsi dahi şəxsiyyətin siyasi strategiyasının təməl prinsipləri kimi müasir dövlətçilik tariximizin yeni mərhələsini təşkil edir.
Mərkəzdə isə vəziyyət acınacaqlı hal almışdı. Səriştəsiz rəhbərliyin yaratdığı xaos vəziyyəti, vətəndaş müharibəsi, dövlət çevrilişi cəhdləri, ölkənin parçalanmaq təhlükəsi qarşısında qaldığı bir dövrdə taleyini xalqının taleyinə bağlayan dahi rəhbər xalqının çağırışına səs verdi, xalqının yanında olduğunu ifadə etdi və zaman göstərdi ki, xalq öz müdrik liderini çağıranda yanılmamışdı. Amma qarşıda gərgin, mübarizələrlə dolu yol var idi. Ölkə elə bir parçalanma, böhran vəziyyətində idi ki, nəinki bütün Azərbaycan xalqı, ölkəni uçurum vəziyyətinə gətirən səriştəsiz rəhbərlər də xalqın, dövlətin xilas yolunu, Qurtuluş yolunu Heydər Əliyevdə görürdü. Ona bəslənən ümidlərə, ona uzanan əllərə biganə qalmayan xalqının sevimlisi Heydər Əliyev xalqın çağırışı ilə 9 iyun 1993-cü ildə Bakı şəhərinə səfər edir. Nəticədə ölkə xaos vəziyyətindən qısa zamanda çıxarıldı, rəhbər-xalq birliyinin bariz nümunəsi idi ki, müstəqil Azərbaycan Respublikası qüdrətli inkişaf yolunu tutdu.
Ulu öndər Heydər Əliyev ideyaları işığında dinamik inkişaf yolu tutan ölkəmiz Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, uzaqgörənliyi nəticəsində 44 günlük Vətən Müharibəsində parlaq qələbə çalaraq işğal altında olan torpaqlarını düşmən əsarətindən azad etməklə hərbi, diplomatik gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan nəinki regionun, dünyanın güc mərkəzlərindən biri kimi tanınıb qəbul olunmaqdadır. Bütün bu nailiyyətlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ideyalarının, onun müəllifi olduğu milli dövlətçilik konsepsiyasının uğurlu bəhrələridir.
Əli Həşimov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı