NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 06 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Televiziyada bir sıra yeniliklər edilib. Verilişlərin daha keyfiyyətli və tamaşaçı zövqünü oxşayan şəkildə təqdim edilməsi üçün “Səhər” və “İdman” verilişlərinin estetik baxımdan diqqəti çəkən yeni studiyaları yaradılıb, 200 min manat dəyəri olan yayım və çəkiliş avadanlıqları alınıb.
Növbəti yenilik isə “Xəbərlər” redaksiyasının çəkiliş studiyasında tətbiq edilib. Redaksiyanın studiyası yenidən qurulub. Müasir dizayna və vizual görüntüyə malik olan studiyanın bütün işıq və səs sistemləri yenilənib, monitor quraşdırılıb. Yeni studiyadan xəbərlərin saat 19:00 (əsas) və 22:00 (yekun) buraxılışları təqdim ediləcək.
Yeni qurulan studiyada ilk xəbər buraxılışı Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümündə - fevralın 9-da efirə təqdim ediləcək.