Dünənim, bu günümsən, səninlədir gələcək

A- A A+

1993 – cü ilin iyun ayı idi. Azərbaycan tarixin ən çətin dövrünü yaşayırdı. Torpaqlarımız işğal edilmişdir. Ölkəmiz demək olar ki, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Müxtəlif siyasi və hərbi qruplaşmalar arasında gedən daxili mübarizə respublikanı süquta doğru aparırdı. Ölkəmizin ən çətin vaxtında Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdı. Bu qayıdış zülmətə, qaranlığa bürünmüş məmləkətə günəşin doğması idi. Beləliklə, 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş günü kimi daxil oldu. Onun böyük dövlətçilik təcrübəsi xalqı yeni faciələrdən qorudu. Bundan sonra yeni Azərbaycanın qurulmasına başlandı. Heydər Əliyevin müdrik daxili və xarici siyasəti ölkəmizi böyük dövlətlərin strateji tərəfdaşına çevirdi. Bütün dövrlərin ən böyük iqtisadi layihələrdən biri olan “ Əsrin müqaviləsi” bunun sübutudur. 1994 – cü ilin sentyabrında Azərbaycan Respublikası ilə dünyanın ən nüfuzlu ölkələrini təmsil edən neft şirkətləri arasında saziş imzalandı. “Neft strategiyası”nın əsası qoyuldu. Bu, adi saziş deyildi. Bu, iqtisadi inkişafımızın təməli müstəqilliyimizin təminatı idi. Türk – islam birliyini möhkəmləndirmək üçün Heydər Əliyev qardaş türk – islam dövlətləri ilə əlaqələri möhkəmləndirdi. Dünyanın bütün ölkələri ilə əməkdaşlıq münasibətləri yaradıldı. Tarixi qonşularımız olan Rusiya və İranla əlaqələr sahmana salındı. Gürcüstanla mehriban qonşuluq münasibətləri möhkəmləndirildi. Ulu Öndərin diplomatik fəaliyyəti nəticəsində dünya birliyi Qarabağın əzəli Azərbaycan torpağı olmasının və Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Daxili və xarici siyasət sahəsində əldə edilən uğurlar dünya azərbaycanlılarının milli hüquqlarının qorunmasına şərait yaratdı. Ulu Öndər dünya azərbaycanlılarının milli birlik rəmzi idi. Məhz onun təşəbbüsü ilə 2001 – ci ilin noyabrında Dünya Azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu, milli birlik tariximizin yeni mərhələsinin başlanğıcı oldu. Dünya azərbaycanlıları ilk dəfə bir araya gətirildi. Qüdrətli Azərbaycana gedən yolun bütün azərbaycanlıların milli birliyindən keçdiyi sübut olundu. Dahi şəxsiyyət uca bir dağa bənzəyir. Ondan uzaqlaşdıqca onun əzəməti və qüdrəti daha aydın görsənir. Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti də belədir. Hər gün, hər ötən illər onun qüdrətinin nə qədər böyük olduğunu sübut edir. Ulu Öndərin hələ gənc yaşlarından memar olmaq arzusu olmuşdu. O, memar olmasa da Azərbaycanın siyasi memarına çevrildi. Onun “şah əsəri” isə müstəqil Azərbaycan oldu.

Doğma xalqını işıqlı gələcəyə qovuşdurmaq üçün gecəsini gündüzünə qatan dahi rəhbər Vətən yolunda, xalq yolunda bütün gücünü ortaya qoydu. 2003 – cü ildə xəstəliyi ilə əlaqədar Amerikanın Klivlend şəhərində müalicə olunurdu. Bu zaman mütləq ki, ölkəmizdə yeni prezident seçkiləri keçirilməli idi. Lakin Xalq 30 ildən artıq ona rəhbərlik etmiş, Vətəni dəfələrlə ağır sınaqlardan xilas etmiş sevimli rəhbərdən qətiyyən ayrılmaq istəmirdi. Azərbaycan xalqı narahatlıq içərisində idi. Prezident kürsüsünə can atanlar təbii ki, çox idi. Lakin tükü tükdən seçən xalqımız tərəddüd etmədən bir nəfərin üzərində dayandı. 2003 – cü ilin prezident seçkilərində İlham Əliyev qalib gəldi.

2003-cü il dekabrın 12 – də Heydər Əliyev Amerikanın Klivlend xəstəxanasında əbədiyyətə qovuşdu. Bütün türk dünyası matəm içərisində idi. Bu gün Heydər Əliyevin Bakı şəhərində Fəxri xiyabandakı məzarı xalqımızın və ölkəmizə gələn bütün qonaqların müqəddəs ziyarətgahına çevrilib.

Bele bir deyim var “Dahilər heç bir işi yarımçıq qoymurlar”. Ulu öndərdən miras qalan Azərbaycan bu gün Cənab Ali Baş Komandan İlham Əliyevin güclü daxili və xarici siyasəti sayəsində günü-gündən daha da çiçəklənir və dünya arenalarında laiqincə təmsil olunur.

Altunay İsgəndərova
Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: