Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Komissiya tərəfindən bu gün dövlət orqanlarının 32 nümayəndəsinin iştirakı ilə "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda seminar keçirilib.
Komissiyanın sədri İsmayıl Qəribli keçirilən tədbirin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, 2007-ci il 31 may tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış qaydalarına əməl olunmasına nəzarəti əsasnaməsinə uyğun olaraq həyata keçirir, dövlət qulluqçularından və digər şəxslərdən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayətləri və məlumatları qəbul edir, araşdırmalar aparır, belə halların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verir.
Bugünkü seminarın məqsədi qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Dövlət qulluqçularının etik davranışı korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri olmaqla, dövlət qulluğuna ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır. Dövlət qulluqçuları vəzifə funksiyalarının icrası zamanı bu qaydaları və bu sahədə müəyyən edilmiş dəyərləri rəhbər tutmalı, dövlət orqanlarının rəhbərləri davranışları ilə tabeliyindəki dövlət qulluqçularına nümunə olmalı, etik qaydaların tələblərinə onların əməl etməsini təmin etməlidirlər.
Daha sonra Komissiyanın şöbə müdiri Mahir Abbasov "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda çıxış edib və slaydlar vasitəsi ilə dövlət qulluqçularının etik davranış qaydaları, bu qaydaların həyata keçirilməsinə nəzarət və etik davranış qaydalarının pozulmasına görə məsuliyyətlə bağlı məlumat verib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.