Günnüt əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalmış əsgər Adil Tatarovun xatirəsi doğulduğu kənddə yad olunub
Ötən ilin mayında Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun uğurlu döyüş əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun əsgəri Adil Tatarovun 20 yaşının tamam olması münasibətilə doğulduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində silsilə tədbirlər keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirlərdə Müdafiə Nazirliyinin, Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, hərbi qulluqçular, kənd sakinləri, şəhidin təhsil aldığı kənd tam orta məktəbinin müəllim və şagirdləri, ailə üzvləri iştirak ediblər.
Qıraq Kəsəmən kənd tam orta məktəbində keçirilən mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Tədbirdə qeyd olunub ki, dövlətimizin başçısı şəhid ailələrinə həmişə ali diqqət və qayğı göstərir, onların bütün problemləri vaxtında müsbət həllini tapır. Təkcə son bir ay ərzində şəxsən Prezident İlham Əliyevin iştirakı ilə bir neçə respublika səviyyəli tədbir reallaşıb, sərəncamlar verilib. Bütün şəhid ailələri kimi, əsgər Adil Tatarovun da ailəsi daim diqqət mərkəzindədir.
Uğurlu Naxçıvan əməliyyatından bəhs edilərkən diqqətə çatdırılıb ki, son illər həm dövlətimizin, həm xalqımızın, həm də Azərbaycan Ordusunun həyatında bir çox əlamətdar hadisələr olub. Məhz Günnüt zəfəri 2016-cı il Aprel zəfərinin davamıdır. Bu uğurlu əməliyyatlar dövlətimizin iqtisadi gücünü, ordumuzun qüdrətini, peşəkarlığını, işğal altındakı torpaqları azad etməyə hər an hazır və qadir olduqlarını, xalqın həyat tərzinin xeyli yaxşılaşdığını, xalqın ordumuza inamını və ordumuza həmişə arxa-dayaq olduğunu göstərir. Şəhid Adil Tatarovun iştirakçısı olduğu uğurlu əməliyyat zamanı uzun illərdir düşmən əsarətində və nəzarətində qalan strateji yüksəkliklər azad edilib, 11 min hektardan çox ərazi nəzarətə götürülüb. Bu, düşmənə böyük sarsıdıcı zərbədir. Təcavüzkar Ermənistan Azərbaycan Ordusunun bu qələbəsindən sonra hələ də özünə gələ bilmir.
Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədikdən sonra “Günnüt zəfəri” adlı videoçarx nümayiş olunub.
Gəncə qarnizonu Zabitlər Evinin təşviqat dəstəsi tədbirlər müddətində səyyar xidmətlər göstərib.
Müdafiə Nazirliyinin adından məktəbin kitabxanasına hərbi vətənpərvərlik mövzusunda yüzdən artıq kitab və albom bağışlanılıb.
Sonra şəhidin atası Əli Tatarov bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.