Uşaqlıqdan sevirəm filmləri. Bəzi filmlərə təkrar-təkrar baxıb elə öz otağımdaca həmin filmlərə “Oskar” təyin edirdim. İllər keçsə də, bu hərəkətimi xatırlayıb güldüyüm və xatırlayıb hələ də köks ötürdüyüm filmlərin adı gələndə o illərə qayıdıram.
Titaniklə böyüyən uşaqlıq
Bəlkə də, sayı yadımdan çıxıb filmə neçə dəfə baxdığımın. Bəlkə də, səhnə-səhnə əzbərləmişəm filmi. Və illər keçdikcə sanki filmlə aramda qopmayan bir bağ yarandı. Nə idi məni öz əsrarəngiz dünyasına çəkən bu filmdə? Tək gəminin aysberqlə toqquşma səhnəsi, yoxsa bitməyən sevgi hekayəsi? Bunların heç biri ola bilməzdi, daha tutarlı səbəb olmalı idi bu qırılmaz bağa. Ta ki 2018-ci ildə Amin Mooalfın Səmərqənd kitabını oxuyanadək heç nə aydın deyildi. Kitabı oxuduqdan sonra bütün daşlar yerinə oturmağa başladı. 30 il əvvəl yazılan kitabı 30 il sonra oxumaq tarixin künc-bucağına qısılmış sirrə sahib olmaq kimi gəlirdi mənə. Və Titaniklə aramızdakı qırılmayan bağ “Səmərqənd” vasitəsilə ortaya çıxdı. Gəlin indi həm Titanikin batmasına, həm də bu gəmini dəyərli edən səbəblərə və qaranlıq məqamlara aydınlıq gətirək.
1909-cu ildə dünyanın ən böyük layneri olan Titanikin düzəldilməsinə başlanıldı və bu proses üç il yarım çəkdi. O öz dövrünün ən böyük sərnişin gəmisi olmaqla yanaşı, ən son texnologiya ilə təchiz olundu. İstehsalçısı “White Star Line” şirkəti olan gəminin uzunluğu 269 metr, eni 28 metr yarım, yüksəkliyi 63 metr idi. Subasımı 66 ton olan gəmi bir-biri ilə liftlərlə əlaqələndirilmiş 11 mərtəbədən ibarət idi. Gəmidə uzunluğu 7 kilometrə çatan 762 lüks kayut, üzmə hovuzları, saunalar, idman qurğuları, restoranlar, əyləncə salonları, teatr və məşhur rəssamların əsərlərindən ibarət sərgi salonu fəaliyyət göstərirdi. Gəmidəki sərnişinlər üçün 899 nəfərdən ibarət texniki və təsərrüfat personalı xidmət göstərirdi. Bütün gövdə ikiqat divarlarla əhatələndiyi üçün Xilasetmə qayıqları sərnişinlərin üçdə birinə, yəni 2224 sərnişinə cəmi 22 xilasetmə qayığı hesablanmışdı. Amma və lakin bütün bunlarla yanaşı, Titanik özündə ölümcül səhvləri də ehtiva edirdi. cilasedici qayıqların azlığı, xəbərdarlıq və kəşfiyyat avadanlıqlarının zəifliyi və nəhəng gəmini kiçik bir sükanın idarə etməsi onun manevr qabiliyyətini məhdudlaşdırırdı. Araşdırmalara görə gəmi aysberqlə toqquşmadan batmayıb. Gəminin inşası zamanı bir növ kəmər rolunu oynayan polad vitrinlər, əslində, zavod istehsalı yox, qustar üsulla düzəldilib.
Gecə Ay işığına bürünmüşdü
1912-ci il aprelin 10-u dünyanın ən nəhəng okean layneri Titanik son dayanacağı Nyu-Yorka hərəkət edərkən, təxminən, eyni saatlarda nəhəng buz dağı – aysberq qoparaq cənuba doğru hərəkət etməkdəydi. Aprelin 14-ü gecəsi kapitanın qarşıda aysberqlərin olması haqqında xəbərdarlığa məhəl qoymayaraq davam etməsi Titanikin operativ manevr imkanlarına malik olmasından doğan eyforiyanın nəticəsi idi. Bəlkə də, gəminin istehsalçısı olan şirkətin rəhbəri Bruce İsmay tarixə Titanikin adını yazdırmaq üçün gəminin ən son sürətdə irəliləməsi barədə kapitan Smitə qəti tapşırıq verib. Lakin növbətçi anidən nəhəng buz dağını görəndə ölümə 50 saniyədən az zaman qalırdı… Ay işığında! Sürəti nizamlamaq və yaxud gəmini yana döndərmək səyləri, həqiqətən də, suya düşdü. Gecə 23 radələrində sağ tərəfdən aysberqə çırpılaraq 6 yerdən yarılan gəmini xilas etmək mümkünsüz oldu. Peşəkar gəmiçilər deyir ki, Titanikin aysberqdən yan keçmək şansı olub, lakin gəminin sükanı kiçik olduğu üçün bu da laynerin manevr qabiliyyətinə mane olub. Göyərtəsində 2224 sərnişin olan Titanik iki hissəyə ayrıldı və Titanik 2 saat 20 dəqiqədən sonra okeanının lal sularına qərq oldu. Bu faciə zamanı 1513 nəfər həlak oldu, xilas olan 711 nəfərin isə çoxu sonradan başqa dəniz qəzalarında həlak oldu.
Kapitan Smitin son sözləri “Titaniki tərk etməyə hazırlaşın!”
Bəlkə də, bu ən çətin qərar oldu kapitan Smitin həyatında. O, 23:50-də nəinki özünün dənizçilik tarixinin ən ölümcül və işgəncəli qərarını verməyə məcbur oldu – “Titaniki tərk etməyə hazırlaşın!” Layner SOS siqnalı verərkən ən yaxın gəminin köməyə çatması üçün azı 4 saat vaxt tələb olunurdu. Gəminin isə su üzərində cəmi 2 saatdan az vaxtı qalmışdı. Sədaqətli kapitan Smitin kayutuna su dolsa da, gəmini tərk etmir. Gəmidə sağ qalanlar dediklərinə görə Smit sular içində 10 aylıq bir körpəni qucağına alaraq xilasedici qayıqlara tərəf üzür. Qayıqdakılar öz yanlarında kapitana yer etsələr də, körpəni qayıqdakılara verib batan gəmiyə geri dönür. Dənizçilik qanunlarına görə əgər gəmi batarsa, kapitan da gəmisi ilə birgə batmalı idi. Kapitan Smit gəminin dizaynçısı ilə Titaniklə batmağı seçərkən, gəminin son sürətdə Amerikaya getməsini tələb edən “White Star Line” dənizçilik şirkətinin idarəçisi Brus İsmay, qadın və uşaqların mindiyi bir avarlı qayığa minib və uzaqdan Titanikin batmasını izləyib. Həmin o 10 aylıq uşaq isə son illərədək Amerikada yaşayan Coyse Vest Dainton idi. Bu hadisəni məşhur “Weekly World News” qəzeti də təsdiqləyir.
Titanik batarkən niyə ağ fişənglər atıldı
Bəlkə də, Titanik xilas edilə bilərdi…fişənglər düz atılsaydı. Gəmi batarkən qırmızı fişənglər yerinə havaya dalbadal ağ fişənglər atılıb. Hava fişənglərini görən “Kaliforniya” adlı gəminin heyəti atılan fişənglərin ağ olmasını görərək gəmidə əyləncə olduğunu təxmin ediblər. Çünki fişəng rənglərinə görə tədqiq edilirdi. Ağ rəng əyləncə, qırmızı rəng isə təhlükə demək idi. Bir digər məlumatda isə Titanikə, təxminən, 70 kilometr uzaqlıqda olan Mount Temple gəmisi kömək çağırışını duyub, lakin koordinatlar səhv verildiyindən gəmi 12 kilometr uzaqlıqda olan başqa bir bölgəyə gedib. Həmçinin o zaman gəmi fitləri ən gurultulu fitlər idi. Bu fitləri 11 mil uzaqlıqdan belə duymaq mümkün idi. Amma və lakin nədənsə okeanda Titanikə 11 mildən də az məsafədə olan heç bir gəmi bu fiti duymayıb.
Tanrının ümidinə buraxılanlar
Kapitan Smitin əmrindən sonra ilk olaraq qadınlar və uşaqlar qayıqlara endirildi. 1-ci və 2-ci sinif sərnişinlərə daha çox şərait yaradıldığı üçün 3-cü sinif sərnişinlər Tanrının ümidinə buraxıldı. Xilasetmə qayıqları 64 nəfər götürmə imkanına sahib olsa da, cəmi 28 sərnişinlə gəmidən sürətlə uzaqlaşmağa qərar vermişdi. Əcəl ilk dəfə sərnişinlərin gözü qarşısında rəqs edirdi. Bu rəqs aciz insanların fonunda gəmi orkestrinin vida musiqisi ilə müşayiət olunurdu. Ümidini hələ itirməyən, taleyin amansız mübarizəsi ilə çarpışan bir qrup insan da özlərini okeanın dərin və soyuq sularına atırdılar. Atlantik okeanın soyuq sularına səpələnmiş bu insanlar yaşamaq uğrunda son mübarizəni verirdilər. Və bu mübarizədən çox az adam qalib çıxdı. Bax beləcə, gecə saat 1 radələrində Amerikaya xoşbəxtlik ardınca gedən imkansız sərnişinlərdən ibarət "Batmayan gəmi" yüzlərlə sərnişini ilə birlikdə kövrəlmiş ayın müşayiəti ilə okeanın dərinliyinə qərq oldu.
Sabah gün oyananda faciənin şahidi olan 716 sərnişin "Karpatiya" gəmisi ilə Nyu-Yorka daşındı. Gəmidən 1-ci sinif sərnişinlərdən 62 faizi, 2-ci sinifdən 41,5 faizi, 3-cü sinifdən 26 faizi xilas edilə bildi. Ölənlərin və xilas olanların siyahısından da aydın olur ki, ölüm ayağında belə ölüm üçün sinfi ayrı-seçkilik edilib.
Əbədi sükut
Dəniz, bəlkə də, batmayan gəmiləri sevmir. Buna görə də bəşəriyyət dəniz tanrıçası Neptuna hər il 200 min insan qurban verir. Bəlkə də, buna görədir ki, dənizlərin dibində 1 milyona qədər gəmi dəfn olunub. İndi Titanikdə Atlantik okeanının 4 km dərinliyində əbədi, uyumaqdadır. Uzun axtarışdan sonra nəhayət, 1985-ci il sentyabrın 1-də okeanın 3750 m dərinliyində axtarışlar aparan robot gəminin içinə daxil olaraq orada yüzlərlə şəkil çəkdi. Suda uyuyan və əfsanələşən Titanikdən 1412 əşya çıxarıldı. Əşyaların bəziləri öz sahibini tapsa da, bəziləri auksionda baha qiymətə satıldı. Sahibsiz qalan bu əşyaların bir hissəsi isə bu günədək muzeydə saxlanılır.
Titanikdəki xəzinələr
Dəqiq məlumatlara görə Misir fironu "Tutan-hamo"nun mumiyası da gəminin göyərtəsində imiş. Bundan əlavə, Ömər Xəyyamın rübailəri, Van Qoq, Salvador Dali kimi məşhur rəssamların əl işləri də onların arasında idi. Titanikdə aparılan yükün dəqiq sənədləşdirilməsi aparıldığı üçün indiki qiymətlərlə gəminin seyfində 300 milyon dollar olub. Titanikin ilk və son səfərində 20 Titanik alma iqtidarına malik, kapitalı 150 milyon dollardan artıq olan Amerikan multi-milyonçusu, 47 yaşlı Con Astor da var idi. Fəqət Con Astorun cəsədi başı əzilmiş şəkildə okeandan tapılanda onu barmağındakı 120 min dollarlıq brilyant üzükdən tanıdılar. Con Astordan başqa metallurgiya-mədən sənayesi maqnatı Quqqenheyn, ABŞ-nin tramvay maqnatı Corc Uayd, Nyu-York universal mağazalarının sahibi Straus və adları çəkilməyən 57 milyonçu da gəminin göyərtəsində idi.
Jurnalist Vilyam Steadın və gəmiçi Vilyam Reevesin qeydləri
İngilis jurnalist Vilyam hekayələr yazır, ölümdən sonrakı həyat və reankarnasiya ilə maraqlanırdı. O, 1892-ci ildə “Titanik” adlı hekayə yazır. Hekayədə gəmi aysberqə dəyərək batırdı. O bu hekayədə özünü qəzadan xilas olanlardan biri kimi göstərirdi. Amma 20 il sonra Titanik batarkən okean sularında qərq olanlardan biri də həmin jurnalist-yazar Steadın şəxsən özü idi.
Titanikin batdığı gecə anadan olan və 23 yaşını gəmidə qeyd edən Vilyam Reeves İngiltərədən Kanadaya gedən “Titanian” adlı gəmidə idi. Gəmi uğursuz zonaya, Titanikin batdığı nöqtəyə çatdı. Reeves anidən nəhəng bir aysberqin gəminin yolu üzərində peyda olduğunu gördü. Tam o anda həyəcan siqnalı verildi. Məsafə kafi olduğundan gəmini zamanında dayandırdı. Hərəkəti mümkünsüz olan gəmini ancaq 9 gün sonra hadisə yerinə yetişən buzqıran gəmilər qurtardı.
Ən çox sevilən kitab da gəminin qurbanlarından oldu!
“Titanik batan zaman onun ən görkəmli qurbanı kitab olmuşdur”.
Bu sözlər Livan əsilli fransız yazıçısı Əmin Maalufun 1988-ci ildə nəşr olunan tarixi romanı Səmərqənddə qeyd olunub. 1900-cü illərdə Londonda fəaliyyət göstərən iki cildçi Corc Sutcliffe və Francis Sangorski Henri Soteran adlı kitab satıcısından götürdükləri sifarişi 1911-ci ildə zəngin naxışlarla bəzəyib təhvil verdilər. Bu kitabda Elihu Vedderin şəkillərinin müşayiəti ilə Ömər Xəyyamın rübailərinin ingiliscə təfsirləri yer alırdı. “Böyük Ömər” və yaxud “Möhtəşəm kitab” adlanan bu kitabın üz qabığında üç ornamental tovuz quşu, arxa qapaqda isə yunan sazı çəkilmişdir. Həmçinin kitabda yaqut və zümrüd kimi mindən çox qiymətli daş, beş min ədəd dəri, gümüş, fil sümüyü, qara ağac və 600 səhifəlik 22 karatlıq qızıl yarpaqlardan istifadə edilmişdir. Sotheran bu kitabı Nyu-Yorka göndərmək istəsə də Amerika gömrüyünə yüksək gömrük rüsumunu ödəməkdən imtina etdiyi üçün kitab İngiltərəyə qaytarıldı. Daha sonra Qabriel Uells kitabı auksionda 450 funta aldı. Uells də kitabı Amerikaya göndərmək istəyirdi. Bunun üzərinə Titanikə müraciət edildi. Lakin kitabın hekayəsi Titanikin batması ilə də bitmədi. Stanley Bray 6 illik gərgin əməkdən sonra kitabın və “Böyük Ömər”in xatirəsini canlandırmaq məqsədilə Sanqorskinin orijinal rəsmlərindən istifadə edərək kitabın yeni nüsxəsini hazırladı. Bank kassasına qoyulan bu kitab İkinci Dünya müharibəsi zamanı nasist təyyarələri Londonu bombalayarkən bu kitab da məhv edildi. Bray yenidən qollarını çırmalayıb 40 illik fasiləsiz işdən sonra hazırladığı yeni nüsxəni vəsiyyəti üzrə ölümündən sonra Britaniya Kitabxanasına təhvil verildi. Ölümündən bir müddət əvvəl Bray demişdi: “Mən xurafatçı deyiləm, amma tovuz quşunun fəlakət simvolu olduğu deyilir”. Bu gün muzeydə bu əsəri görmək mümkündür.
Və o məşhur film…Titanik
Rejissor Ceyms Kameronun çəkdiyi baş rollarda Leonardo di Kaprio və Keyt Uinslettin çəkildiyi bu film 200 milyon dollara başa gəlsə də, film 1 milyard dollar qazanc gətirdi. Filmdə gəminin batma səhnəsini və insanların su üzərində yaşadıqları dəhşəti canlandırmaq üçün nəhəng süni göl hazırlandı və təkcə gəmi maketinə 46 milyon dollar pul xərcləndi.
Mənə görə Titanik batmadı, insanlar orada qəhrəmanlıq hekayələri yaratdı və bütün dünyaya göstərdi ki, sevgi hər zaman xilas edə bilməz, fəqət gözəlləşdirər. Gəmi suyun dərinliklərinə ensə də, orada uyusa da, hekayəsi əbədiləşərək bütün sevən ürəklərə köçdü. Titanik xatirələrdə bir gəmi kimi yox, insanlığa və sevgiyə yönələn təvazökarlıq nümunəsi kimi qaldı. Böyük ümidlər buz dağına dəyib çiliklənsə də, yaşayan buz dağı yox, o ümidin işığında alovlanan və daha neçə yüzilliklər boyunca şöləsi bütün dünyada hiss edilən acılı-şirinli Titanik xatirələri olacaq. Titanik heç ölməyəcək, çünki o sevgidən və gözəllikdən yoğrulmuş bir əfsanədir!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru