“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni obyektlər istifadəyə verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin 27 saylı Naxçıvançay Təhlükəsizlik Komandası üçün inzibati bina və xidməti obyektlər əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev bildirib ki, muxtar respublikada aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə edib, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmiryol nəqliyyatından istifadə edənlərin sayını artırıb. Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq bu inzibati bina və xidməti obyektlər istifadəyə verilir.

Mahir Əliyev bu münasibətlə kollektivi təbrik edib və bildirib ki, hazırda Təhlükəsizlik İdarəsinin 24 saylı Gülüstan komandası üçün inzibati və xidməti obyektlərdə tikinti işləri davam etdirilir.

Mahir Əliyev göstərilən qayğıya görə muxtar respublikanın bütün dəmiryolçuları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Komandanın qarovul rəisi Sabit Gülmalıyev də çıxış edərək yaradılan şəraitə və göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq edib. O, bildirib ki, binada yaradılan müasir şərait təhlükəsizlik komandasının mühüm əhəmiyyətli obyektin fasiləsiz olaraq mühafizəsini və müdafiəsini təmin etməyə imkan verəcək. Qeyd edək ki, inzibati binada iş otaqları, istirahət otağı, mətbəx, silah, sinif və yataq otaqları yaradılıb.

Ərazidə əlavə olaraq yardımçı binalar da tikilib. Komandanın inzibati binasının və xidməti obyektlərin ətrafında səliqə-sahman yaradılıb. Ərazidə abadlıq işləri aparılıb  və 400 müxtəlif meyvə və meşə tingləri əkilib.

Qeyd edək ki, son illər dəmir yol xidmətinin daha yüksək səviyyədə aparılması məqsədilə Naxçıvan, Şərur, Şahtaxtı, Culfa, Ordubad sərnişin vağzalı binalarında, bir neçə stansiyalarının idarəetmə mərkəzlərində, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında, həmçinin 20-yə yaxın inzibati və yardımçı binada əsaslı yenidənqurma və təmir işləri aparılıb.

Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: