İlkin düşüncədə və müasir günümüzdə çillə mərasimi

A- A A+

Qədim türklərin mövsüm və mərasimlər haqqındakı düşüncələri onların bu mənada icra etdikləri ayin və rituallarda özünü göstərir. Hər mövsümdə təbiətin müxtəlifliyi qədim insanın təəccübünə səbəb olmuşdur. Bu təəccübündən də irəli gələrək müxtəlif ayin, rituallar icra etmişdilər. Hər fəsildə baş verən hava dəyişikliyi, təbiət hadisələri insanların təbiət hadisələrini özlərinə ram etmək haqqında tədbirlərinin gerçəkləşməsini şərtləndirmişdir. Odur ki, mövsümlə bağlı dəyişkliklər insanların maraqlı ayin və ritualları həyata keçirməyə təhrik etmişdir. Bunların çoxunun zaman-zaman icra olunması müxtəlif mövsüm mərasimi faktlarının müasir günümüzdə də formalaşması və icrasını gerçəkləşdirmişdir.

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqviminə əsasən, dövrlərə – çillərə bölünür. Çillə, əziyyətdən, məşəqqətdən, zülmdən çıxmaq mənasındadır. Bizim müasir dilimizdə çillədən çıxmaq ifadəsi var. Əgər bir adam günlərlə evdən çıxmasa, zarafatla onu haqqında deyərlər ki, filankəs çilə çıxardır. Amma bu zarafatın arxasında böyük bir inam var. Xalq belə təsəvvür edir ki, qış təbiətin məşəqqətli bir zamanıdır. Bu zamandan aciz insanın çıxması son dərəcə çətindir. O qışdan çıxmaq insanın, doğurdan da, bayram etməsinə dəyən bir keçid dövrüdür:

Çillə gəlsin, xoş gəlsin,

Qar talaya tuş gəlsin.

Ağır qardan bərəkət,

Şəhərimizə xoş gəlsin.

Böyük Çillə, Kiçik Çillə, Boz ay mərhələləri Novruz bayramına qədərki çox vacib mərhələlərdir. Məlum olduğu kimi, Böyük Çillə dönəmində havalar mülayim keçir. Qışın şaxtalı, sərt günləri bu dönəmdə sonrakı mərhələyə nisbətən az olur. Və qış öz “hökmünü” sonra – Kiçik Çillə dövründə daha aydın göstərir. Qışın ikinci mərhələsi sayılan Kiçik Çillə dönəmində hava, adətən, Böyük Çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq da deyir ki, “Əsas şaxta Böyük Çillədən sonra olur, yəni Kiçik Çillədə. Bu kiçik Çillə çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günnük Kiçik Çillə nə qədər sərt olsa da ömrü qısadır. Bu vaxt həm də günnər uzanır. Xalq yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük Çillə və Kiçik Çillə bir-birinə qarşı qoyulur. Böyük Çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa, Kiçik Çillə onun əksinə olaraq, öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə olunur. Bir poetik nümunədə də bu məqam öz əksini tapır:

“Kiçik Çillə..

Boyu bir belə...

Hikkəsi bir belə..

Gəlişi oldu

Hayınan.

Gedişi oldu

Vayınan.

Əlində qırmanc,

Eli-günü yandırdı,

Neçə günahsız doqqaz bağladı,

Neçə alaqapı

Sındırdı.

Kəsdi neçə evin yağmasın,

Pendirin, çörəyin, ağmasın...”.

Nümunədən göründüyü kimi, Kiçik Çillə ərəfəsində hava o qədər soyuq və şaxtalı günlərlə müşayiət olunur ki, belə hava şəraiti insanlara, təsərrüfata kəskin ziyan vurur. İnsanlar lap əvvəllərdən ilin bu dönəmini ilin ən sərt vaxtı kimi qarşılamışlar. İlin bu dönəminin sərtliyinin insanların yaşayış tərzinə, təsərrüfata da mənfi təsirlərini nəzərə alaraq hazırlıqlar görmüşlər. Xalq öz düşüncəsində ilin bu dönəmini – Kiçik Çillə dönəmini “qışın oğlan çağı” da adlandırmışdır. Ulu əcdadlarımız Kiçik Çillənin bu qədər sərt havalı olmasını maraqlı fəlsəfə ilə qarşılamışlar: evin kiçik övladı həmişə ərköyün olduğu üçün Kiçik Çillə də öz ərköyünlüyünü belə göstərir.

Məlum olduğu kimi, Böyük Çillə dekabr ayının 20-də daxil olur. Hava əvvəldən düşünülən kimi elə də soyuq keçmir. Çillənin daxil olması 20-si axşama təsadüf edir. İnsanlar Çilləni xoş qarşılamaq üçün müxtəlif ayin və rituallar həyata keçirirlər. Evlərdə qovurğa qovrulur, süfrələr müxtəlif nemətlərlə bəzədilir. Növbənöv şirniyyatlarla bəzənmiş süfrələrdə qarpızın olması artıq mütləq məqama çevrilib. Qeyd edək ki, bu şirniyyatları evlərdə qadınlar özləri hazırlayarlar. Çillə gecəsində hər evdə çillə qarpızının kəsilməsi Naxçıvan Muxtar Respublikanın ənənəvi mərasimlərindəndir. Çillə qarpızının sakral, yəni müqəddəs tərəflərindən biri də odur ki, bu qarpızı ailənin hər bir üzvü dadmalıdır. Hətta nişanlı qız və ya oğlan evlərinə də Çillə qarpızı xonçalarda aparılar. Çillə qarpızının aparıldığı nişanlı qız evində qarpızın yarısı kəsilərək yenidən oğlan evinə göndərilər. Təzə ailə quran gəlinlərin evinə valideynləri tərəfindən də Çillə qarpızının olduğu xonça aparılar. Bu adət, əsasən, Naxçıvanın ərazilərində müşahidə olunur. Çillə qarpızının, mövsümdən sözügedən günədək saxlanmasının da özünəməxsus texnologiyası vardır. Belə ki, onu samanın içərisində sərin yerdə saxlayarlar. Üstünün cızılmamasına, çatlamamasına nəzarət edərlər. Zamanında – 20 dekabr axşamında qarpızın süfrədə olması ev əhlini sevindirər. Çillə qarpızının yer aldığı xonçada onun ətrafına mövsümi meyvələrdən də düzülər. Bəzi regionlarda narın da süfrədə olması məqsədəuyğun hesab edilir.

Çillə qarpızının aparıldığı nişanlı qız evində şənlik, coşqu başlayar. Bir xalq bayatısında deyildiyi kimi:

Bu qarpız, çillə qarpız,

Düşübdü dilə qarpız.

Düzülüb xonçalara,

Gedir yar gilə qarpız.

Qərbi Azərbaycanın mahallarında, eləcə də Güney Azərbaycanda Böyük Çillənin daxil olması münasibətilə çillə mərasimləri keçirilib. Hazırda da Qərbi Azərbaycandan deportasiyaya uğramış soydaşlarımız çillə mərasimlərini məskunlaşdıqları ərazilərdə icra etməkdədirlər. Naxçıvan MR Ordubad rayonu Parağa kəndində məskunlaşmış Dərələyəz mahalının Gomur kənd sakinləri bu mərasimdə qışın daxil olması münasibətilə fəsilə uyğun yeməklərin hazırlanmasını mütləq hesab edir və günümüzdə də bunu yaşadırlar. Məsələn, Dərələyəzlilərin “şıppıq aşı” adlanan qış yeməyi çillə gecəsinin ən sevilən nemətidir. Bu xörəyi hazırlamağı hər bir ailə sanki özünə borc bilir. Yemək “şıppıq” adlanan dərman əhəmiyyətli bitki ilə əvvəlcədən hazırlanmış əriştədən hazırlanır. Aş bədənə istilik bəxş edir, əhvali-ruhuyyəyə xoş gəlir. “Şıppıq aşının” hazırlanmasında əsas məqsəd “qalın qış”ın gəlişinə qədim insanın sağlam və isti bədənlə cavab verməyə hazır olduğunu ifadə etməkdir.

Çillə gecəsinin məşhur atributu olaraq məhz qarpız kəsilməsinin də sakral tərəfləri mövcuddur. Bu sakrallıq qarpızın üstünün və içinin rənglərində təcəssüm edir. Qara qışdan, onun vuracağı ziyandan ehtiyat edən qədim insan önləyici tədbirlər məqsədilə keçirtdiyi ayinlərdə müxtəlif atributlardan, simvolik əşya və meyvələrdən də istifadə etmişdir. Qarpızın yaşıl və qırmızı rənglərin məcmusundan ibarət olması onun bu mərasim üçün uyğun olduğunu şərtləndirmiş və qədim insan da bu rənglərlə Tanrıdan canlı təbiət, istilik, od arzu etmişdir. Məlum olduğu qədər, günəşin yerdəki simvolu olan od, ocağın da atributu qırmızı rəngdir. Qırmızı rəngin həm də şər qüvvələrdən, bəd ruhlardan qoruma funksiyası da mövcuddur.

Böyük Çillədə indi unudulmuş, əvvəllər isə aktiv şəkildə icra olunan Saya mərasimi keçirilib. Bu barədə folkorşünas M.Kazımoğlu maraqlı məlumatlar verərək yazır ki, saya mərasimi qoyunçluqla birbaşa əlaqəsi olan mərasim idi. Saya mərasimi bizim indiki Kosa-kosa mərasiminə oxşar detallarla müşayiət olunub. Məsələn, adamlar, xüsusi oyunbazlar, məsxərəçilər çoban paltarı geyinər, əllərinə quzu dərisi alıb və qapı-qapı gəzərək xüsusi nəğmələr oxuyaraq pay yığarmışlar:

Salamməleyk say bəylər,

Bir-birindən yey bəylər.

Saya gəldi gördünüzmü,

Sayaya salam verdinizmi?

Sayaçı sözlər adlı janrın adı da bu bayramın qalığıdır. Saya sözü çuvaşlardakı çaya sözü ilə səsləşir. Deməli, digər türk xalqlarında da saya bayramları keçirilib. Bizdə bu gün bu bayram mətnlər şəklində qalır, mərasim şəklində qalmır. Bu bayram təxminən yanvar ayının ortalarında, qoç sürüyə daxil olan vaxtda keçirilib. Qoçu xüsusi qırmızı parçalarla bəzəyər və onu sevinclə sürüyə qatardılar və ümid edərdilər ki, həmin o saya və ya çaya adlı hami ruh insanlara kömək edəcək ki, məhsul bol olsun.

 Bizim indi Kosa-kosa mərasimində də oyun elementləri var: kosa da nəğmələr oxuyur və insanlardan pay istəyir. Bu payın arxasında çox böyük həqiqətlər dayanır. Yəni sayaçı mərasimləri göstərir ki, bu bayram məhsuldarlıq bayramıdır. Yəni qışdan çıxan insan özünün qoyunçuluqla bağlı ümidlərinin bayramını edir. Bütün bu mərasimlər etnosun təqvim və bu təqvimlə bağlı yaranmış olan mərasim düşüncəsinin qədim kökləridir.

Çilləniz mübarək, əziz xalqımız!

AMEA Naxçıvan Bölməsi

filologiya üzrə fəlsəfə doktoru, dosent

Aytən Cəfərova

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: