“Şərq qapısı” qəzetinin hazırladığı “100 ilin qəhrəmanları” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən Tədbirlər Planına uyğun olaraq “Şərq qapısı” qəzetinin hazırladığı “100 ilin qəhrəmanları” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə şəhidlərimizin və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Ölkə başçısı cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam da göstərilən qayğının əyani təzahürüdür. Sərəncama əsasən muxtar respublikanın 100 illik yubileyi bu il ərzində geniş qeyd olundu, bir sıra tədbirlərlə daha yaddaqalan oldu.
Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na uyğun olaraq “100 ilin qəhrəmanları” adlı kitabının nəşr edildiyini diqqətə çatdıran Baş nazir qeyd edib ki, igid oğullarımızın qəhrəmanlıq hekayələrinin qələmə alınması, gələcək nəsillərə çatdırılması vacib amildir. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq üçün bu sahədə nümunəvi addımlar atılır. Qələmə alınan hər sətir o zaman xalqın sərvətinə çevrilir ki, o, qəzetdə öz əksini tapsın, kitab halında nəşr edilsin. Təqdimatına yığışdığımız bu kitab da məhz onlardan biridir. “Şərq qapısı” qəzetinin “100 ilin qəhrəmanları” layihəsi çərçivəsində ərsəyə gətirdiyi kitabda da igid oğullarımızın şücaəti öz əksini tapıb.
Baş nazir Ceyhun Cəlilov şəhidlərimizin həyat və döyüş yolunu qələmə alıb, yaddaşa köçürməyi özünə borc bilən, kitabın ərsəyə gəlməsində əməyi olanlara, “Şərq qapısı” qəzetinin kollektivinə təşəkkürünü bildirib, Vətən müharibəsi şəhidi İbrahim Vəlizadənin anası Xurşud Vəliyevaya “Yüz ilin qəhrəmanları” kitabını təqdim edib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid leytenat Emin Sadiqovun anası Gülşad Rüstəmova, Şəhid İbrahim Vəlizadənin anası Xurşud Vəliyeva çıxış edərək şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyeva minnətdarlıq ediblər.
“Şərq qapısı” qəzetinin baş redaktoru, “100 ilin qəhrəmanları” layihəsinin rəhbəri Sara Əzimova, Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, layihənin icraçısı Turan Məmmədlinin çıxışları dinlənilib. Qeyd olunub ki, “Şərq qapısı” qəzetinin “100 ilin qəhrəmanları” layihəsi çərçivəsində ərsəyə gələn kitabda şanlı Vətən savaşında və sonrakı hərbi əməliyyatlarda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın valideynlərinin (Naxçıvan Muxtar Respublikasında yaşayan) övladları haqqında xatirələri yer alıb. 44 cümləyə sığışdırılan hər bir xatirə şəhidlərimizə böyük sevgi və ehtiramın ifadəsidir.
Mərasimdə Naxçıvan Televiziyası və “Şərq qapısı” qəzetinin birgə hazırladığı “100 ilin qəhrəmanları” adlı videoçarxa baxış olub.
Naxçıvan Dövlət Milli Dram Teatrının direktor əvəzi Mirqabil Əkbərov vətənpərvərlik ruhunda şeir səsləndirib, Naxçıvan Dövlət Filarmoniyasının solisti, Prezident mükafatçısı İlkin Abdullayev “Qələbəyə gedən yollar” mahnısını ifa edib.