"Doğru və yararlı xəbər cəmiyyətə müsbət mesaj ötürür"

A- A A+

Mediada tez-tez saxta xəbərlərlə rastlaşırıq. Bu sahədə çalışan mütəxəssislər saxta informasiyanı ayırd edə bildikləri halda, əhalinin geridə qalan hissəsi bəzən çətinliklərlərlə üzləşir.

NUHÇIXAN xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova bildirib ki, müasir dövrdə informasiya bumu yaşayırıq, hadisələr o qədər sürətlə cərəyan edir, yeniliklər o qədər tez-tez baş verir ki, sürətli kontent istehsalı bəzən yanlış məlumat axınına, dezinformasiyalara gətirib çıxara bilir:

“Jurnalistlər xəbər istehsalında operativ olmaq, eyni zamanda məlumatı işlədiyi media subyektinin çatdırmasını istəmək həvəsi səbəbilə bu yanlışlıqlara yol verirlər. Dünyanın bir çox informasiya agentlikləri doğru informasiyanın yayılmasında böyük rol oynasalar da, onların fəaliyyətlərini hazırda bir qədər zəif qiymətləndirmək olar. Onların bir-birilə rəqabəti, birinci olmaq arzusu informasiya ekoisteminin çirklənməsinə səbəb ola bilir. Məsələn, dünyanın çox böyük informasiya istehsalçısı olan CNN kimi transmilli media orqanı bu yaxınlarda Suriya hadisələri ilə bağlı Sednaya həbsxanasından hazırladığı reportajında simulyasiyaya yol vermişdir. CNN-nin çox tanınmış jurnalisti Klarissa Uord müttəhimin həbsxanadan çıxarılması və ondan müsahibə alınması məsələlərini əvvəlcədən hazırlamış, dünyaya doğru olmayan məlumatlar çatdırmışdı. Təəssüf ki, bu cür hallarla biz tez-tez rastlaşırıq. Bu da dediyim kimi, media subyektlərinin, əsasən internet media resurslarının həm rəqabətdə öndə olmaq istəyi və kommersiya maraqları ilə əlaqədardır”.

V.İsgəndərovanın sözlərinə görə, peşəkar jurnalistlər təmiz informasiya ekosisteminin formalaşmasında böyük rol oynadıqlarını bilirlər:

“Onlar qlobal şəkildə təmiz informasiya axınına müsbət təsir edə bilmək üçün işlədikləri media subyektlərinin formatına uyğun olaraq istehsal etdikləri xəbər, reportaj, konvergent məhsulların hazılanması prosesində diqqətli olmalıdırlar. Jurnalistlər həm məlumatların güvənli mənbələrdən alınması, rəsmi mənbələrdən dəqiqləşdirilməsi, yoxlanılması, istər məlumatın alınması, istərsə də istehsalı prosesində etik normalara əməl edilməsi məsələlərinə önəm verməlidirlər. Çünki doğru və yararlı xəbər cəmiyyətə müsbət mesaj ötürür. Bunu idrak etmək isə əhalinin media savadlı seqmentinə yönəlik özəllikdir. Ümumiyyətlə, media savadlı insan əldə etdiyi bütün informasiyaya etibar etməməli, bir neçə mənbədən dəqiqləşdirməlidir. Eyni zamanda araşdırma sualları, faktyoxlama proqramları vasitəsilə informasiyanın doğru, yaxud yanlış olmasını, hansı mesaj daşımasını, auditoriyaya necə təsir edəcəyini, manipulyasiya xarakterli olub-olmamasını müəyyən etmək mümkündür. Hazırda sosial medianın və internet media resurslarının geniş vüsət aldığı dövrdə demək olar ki, hamı kontent istehsalçısına çevrilib. Bu baxımdan doğru informasiyanın harada olmasını müəyyən etmək cəmiyyət üçün bir qədər çətindir. Odur ki, Medianın İnkişafı Agentlyinin uzun müddətdir ki, apardığı media savadlılığı kampaniyasını təqdirəlayiq hesab etmək lazımdır. Media savadlılığı konfransından başqa, bura daxil olan onlayn platformalardakı dərslər, canlı təlimlər, seminarlar, viral podkastlar, vebinarlar, dəyirmi masalardakı müzakirələr və digər təbliğat üsullarının pozitiv nəticəsini görməkdəyik. Biz cəmiyyətin bütün seqmentinə media savadlılığı bacarıqlarının aşılanmasına çalışırıq. İnsanlar hansı medianın rəsmi olmasını, nəyə etibar etməyin vacib olduğunu, hətta rəsmi media subyektlərində olan informasiyaları digər rəsmi mənbələrlə doğrulamağı, mediada gedən prosesləri anlamağı, produktiv məhsul istehsal etməyi bacarmalıdırlar”.

Qeyd edək ki, 16-22 dekabr tarixləri Medianın İnkişafı Agentliyi tərəfindən "Media Savadlılığı" həftəsi elan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: