Muxtariyyətimiz varlığımızdır

A- A A+

Muxtariyyət- yəqin ki bu mücərrəd sözün mahiyyətini, anlamını, taleyüklü əhəmiyyətini  onun statusunu qazanan məmləkətlərin insanları qədər heç kəs dərk edə bilməz.  Xüsusilə də bu status həmin ərazidə yaşayan insanların  milli xüsusiyyətinə deyil, coğrafi mövqeyinə görə əldə edilə. Azərbaycana bağlı  Naxçıvan Muxtar Respublikası kimi.

Əslində bu gün dünyanın bir sıra ölkələrində yetərincə sayda  muxtar ərazilər var. Onların əksəriyyətinə bu status necə deyərlər, ölkələrin idarəedici qurumları tərəfindən  verilib. Amma Naxçıvanda yaşayan Azərbaycan türkləri hələ 95 il əvvəl bu muxtariyyəti öz iradələri, qətiyyəti və bacarığı ilə əldə ediblər. Bir zaman dünyanın xəritəsində 2.5 milyon kvadrat kilometr ərazini əhatə edən  Azərbaycan torpaqlarında  zamanla yeni dövlətlər yarandıqca, insanlığın ikinci atası Nuh peyğəmbərin məskəni olan, türk dünyasının “yavru Vətəni”, Şərqin qapısı  sayılan  Naxçıvan məqsədli şəkildə  öz doğma anasından ayrı salındı. Həmin vaxt imperialist qüvvələrin gücü ilə hissə-hissə başqa dövlətlər tərəfindən mənimsənilən qədim Azərbaycan torpaqları kimi Naxçıvan coğrafiyası da zorla yeni yaradılan Ermənistanın ərazilərinə qatılmalı idi. Amma bu torpağın sahibləri- min illik sakinləri, qədim dövlətçilik ənənələrinə malik olan yerli xalq qətiyyəti ilə öz gələcəyinə - muxtariyyətınə  səs verdi. Bununla da özgürlüyünü, müstəqilliyini qazandı. Əgər o zaman Naxçıvan camaatının qətiyyəti olmasaydı, indi dünyanın xəritəsində bu qədim oğuz-türk yurdu da yox idi.

Amma Naxçıvan öz əzmkar insanları  ilə doğma anasına sığınıb, Azərbaycanın bir parçası olduğunu bir əsrə yaxındır ki bütün dünyaya sübut edir, döyüşür  və yaşayır. Əgər 95 il əvvəl məqsədli şəkildə yaradılan Ermənistan adlı bir dövlətin təhdidi ilə  “ölüm-qalım” dilemması qarşısında qalmışdısa, bu gün Azərbaycanın tərkibində muxtar dövlət  kimi qüdrətli Azərbaycan  Ordusu, vətənpərvər  vətəndaşları ilə düşmən ölkənin kabusuna çevrilib. Bir zaman blokadaya salınıb ərazilərinə aramsız hücumlar etdiyi Naxçıvan öz iqtisadi inkişafı ilə  indi Ermənistanı dəfələrlə üstələyib.

Torpaq təkcə bitki, ağac böyütmür. Torpaq həm də insan yetişdirir. Bu insan da  torpağa olan sevgidən doğulur. Bu torpaq sevgisi insanı cəsarətli, qorxmaz edir. Torpaq sevgisi ilə böyüyən  insan onu qoruyaraq üzərinə öz qanını  tökərək Vətənə çevirir və daha çox sevir.

Naxçıvanın çətin siyasi proseslərin fonunda  95 il əvvəl əldə edilən muxtariyyəti təkcə inkişafı, oğuz-türk yurdu olmasının zəmanəti deyil, həm də  onun düşmən iddiasına qarşı çevrilən əbədi qalxanıdır. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə edəndə, ona qarşı əsassız ərazi iddiaları olan təcavüzkar  dövlət- Ermənistan üçün əsas hədəflərdən biri də Naxçıvanı işğal etmək idi. Amma həmin illər Tanrının bir xilaskar kimi Naxçıvana göndərdiyi Heydər Əliyev şəxsiyyəti onu yenidən qoruya bildi. Yerli əhali erməni təcavüzünə qarşı mübarizədə tək qalanda, ümummilli lider Heydər Əliyev dünyanın diqqətini 1921-ci ildə imzalanan beynəlxalq Moskva və Qars müqavilələrinə, 1924-cü ildə əldə edilən muxtariyyətə çəkərək muxtar respublikanı etibarlı şəkildə müdafiə etdi. Artıq dünyanın diqqəti Naxçıvana çevrilmişdi. Ümummilli lider bir daha Naxçıvanın muxtariyyətini  qoruya bildi.

Bununla da Naxçıvanın yeni bir dövrü başladı. Müharibə apara-apara iqtisadi cəhətdən yüksəliş bəlkə də dünyanın heç bir ölkəsinə nəsib olmayıb. Amma 1992-ci ildən Ermənistan tərəfindən salınan blokada, 1990-cı illərin ictimai-siyasi çətinliyi Naxçıvanın tərəqqisinə mane ola bilmədi. Əksinə o, özünün var olduğunu, Heydər Əliyev ideyalarına sadiqliyini sübut edərək tərəqqiyə doğru irəlilədiyini sübut etdi. Çünki Ümummilli liderimiz onun gələcək taleyini xalqa və  xalqın daha etibarlı oğullarına tapşırmışdı.

Naxçıvan Muxtar Respublikası özündə Naxçıvan şəhərini və 7 rayonu birləşdirir. Bu şəhər və rayonları bir-biri ilə sıx birləşdirən, bütövləşdirən amillərdən biri də məhz elə muxtariyyətdir. Muxtariyyət monolit gücdür Naxçıvan üçün, muxtariyyət doğma Azərbaycanla ərazi və mənəvi baxımdan ən güclü bir bağdır. Muxtariyyət Naxçıvanımızın tərəqqisi, inkişafı və gələcəyidir.

 Bu gün Naxçıvan muxtariyyətinin  95 illiyini  qeyd edir. Beş min illik şəhərsalma mədəniyyəti və tarixinə baxanda 95 ilin o qədər də böyük rəqəm olmadığı aydın görünür. Amma maraqlı  burasıdır ki, Naxçıvan  bu gün Azərbaycanın ayrılmaz bir hissəsi olaraq regionda sürətlə inkişaf edən bir muxtar respublika kimi  yetərincə çəkiyə malik olan söz sahibidir.

Muxtariyyətinin 95 ili mübarək , doğma Naxçıvanım.

                                                                                                                                              

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: