Hər kəsə “müəllim” demək hörmətdir ya anlayış çatışmamazlığı?

A- A A+

Qəbir evin nurla dolsun, əziz şair Bəxtiyar Vahabzadə. Nə gözəl yazmısan: “Ey hörmətli müəllim, hər könüldə yerin var”. Əslində, sən düz yazmısan, biz səni səhv anlamışıq. Sən öyrədənə müəllim dediyin halda, biz istədiyimizə müəllim deyə xitab etmiş, ya da elə öyrədilmişik. Sanki kiməsə müəllim deməsək üzüyünün qaşı düşəcəkmiş. O qədər müəllim demişik ki, hər kəsə, indi ayırd edə bilmirik, müəllim kimdir. Düşünün, müəllim müəllim olduğunu inandırmaq üçün dəridən-qabıqdan çıxır. Halbuki müəllimin girdiyi evlər nura qərq olar, hər kəs ayaqda qarşılayardı müəllimi.

Bu gün prokurora, polisə, gömrükçüyə, briqadirə, biznesmenə, xülasə bütün növ dövlət və özəl sektor işçilərinə “müəllim” deyə xitab edilir. Düşünürük ki, onlara müəllim deməklə hörmət edirik? Əksinə, həm onlara, həm də müəllim adını daşıyanlara hörmətsizlik edirik. Axı hər peşənin bir xitab növü var: cənab prokuror, cənab rəis, cənab briqadir və sair.

İnsafdandırmı zibil idarəsinin müdirinə də müəllim deyək, özəl şirkətdə qrup rəhbərinə də, müəllimə də? Biz bu cür xitab etdikcə bizdən sonrakı nəsil müəllimin kim olduğunu unudacaq. Düşünün ki, balaca körpələr taksi sürücüsünə də müəllim deyir, məktəbdəki xadiməyə də, müəllimə də. Özünüz artıq düşünün işin ciddiliyini.

Müəllim öyrədəndir. Müəllim ömrünün nurunu şagirdlərə çırağ edəndir. Müəllim öz övladları ilə şagirdlərini ayırmayandır. Müəllim ömrünü xalqına şam edən Həsən bəy Zərdabilər, Məhəmməd Tağı Sidqilər, Hüseyn Cavidlər, Mirzə Cəlillər, Lətif Hüseynzadələr, Hüseyn Həşimlilərdir. Siz nə xoşbəxtsiniz ki, bu adı alovlandırıb odlar yurdunda müəllimlik etmiş, yaddaşlarda saflaşaraq ülviləşmisiniz. Qəbir eviniz nurla dolsun!

Sizin layiqli davamçılarınız bu gün şəhərin mərkəzindən ta ucqar dağ kəndinə qədər bu məşəli alovlandırmaqdadır. O işıqdan yığılan zərrələr indi milyonlarla məktəbə nur saçır, ömür fəda edir. Unutmayaq ki, dünyada və ölkədə ən böyük ad müəllim adıdır. Bütün vəzifə sahiblərindən tutmuş ən ali məqam sahiblərinə qədər hər kəs müəllimə borcludur. Hər kəsə adı, familyası və yaxud işi gərəyincə xitab edək. Bahanı ucuz etməyək. Dəyər sahibini dəyərsiz qoymayaq. Yenə də övladlarımızı “Əti sənin, sümüyü mənim”, – deyərək müəllimə əmanət edək. Müəllim olmayan hər kəsə “müəllim” deyərək xitab edənləri şiddətlə qınayaq, onlara izah edək ki, müəllim adını ucuz tutmayın. Ümummilli Lider Heydər Əliyev demişkən “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Gəlin bizdə bu prinsipə sadiq qalaq!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: