NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.
Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi olub. Alay komandiri polkovnik-leytenantAzadil Hüseynov hərbi andın əhəmiyyəti barədə məlumat verib, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib. Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik edib, Azərbaycan əsgərinin rəşadət və igidliyindən danışıblar.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirinin müavini general-mayor Hikmət Kərimov da çıxış edərək Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolundan danışıb və əsgərlərə ən xoş arzularını bildirib.
Gənc əsgərlər Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına, hərbi anda həmişə sadiq qalacaqlarına və verilən tapşırıqları yerinə yetirəcəklərinə söz veriblər. Mülki Müdafiə Alayının şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçiblər.
Mərasim Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının konserti ilə başa çatıb.