İnsan elə bir varlıqdır ki, daim yaşamaq üçün mücadilə edir, nəinki ölmək üçün. Hətta ətrafda birinin vəfatında iştirak edir, başsağlığı verir və “Hamımız bir gün bu dünyadan köçəcəyik” , – deyirik. Fəqət görəsən özümüz inanırıqmı dediyimiz bu sözə? Təbii ki, yox. İnsan öz ölümünü heç zaman təsəvvür etmir. Sadəcə, deyinir, danışır, didinir, amma təsəvvür etmir.
Dünən səhər saatlarında AZAL-a məxsus təyyarədə vətəndaşlarımızın qəzaya düşməsi xəbərini aldığımda hər bir azərbaycanlı kimi məndə boşluğa düşdüm. Nə edəcəyimi bilmədim. Bir anlıq ağlımıza gələn “Kaş orada olardıq”. Heç olmasa, nəsə edə bilərdik ümidi ilə yanır, çırpınır adam. Bu hisslər tək mənim yox, milyonların qəlbindən keçən bir hissdir.
Kimisi iş arxasınca, kimisi ailəsinə, kimisi oxumağa gedirdi o təyyarədə. Bir də hər gün o təyyarələrdə sərnişinləri salamlayıb, sonra mehribanlıqla sağollaşan ekipaj üzvləri var idi. Son ana qədər sükunəti qoruyan, sakitliyi təmin edən və “Qorxmayın… Hər şey yaxşı olacaq” , – deyən ekipaj üzvləri. O ekipaj üzvləri ki bəzən özlərini qurban etməyi bacarırlar… Andlarına sadiq qalaraq. Bəlkə də, son uçuşun elə sirri budur ki, özlərini qurban etsinlər.
Bəzən düşünürəm, biz hamımız Tanrının ümidinə buraxılmışıq. O, sadəcə, ol deyər və hər şey bir anda olar. O zaman niyə bu qədər iztirab, bu qədər əzab var? İnsan nə qədər güclü olur-olsun, sonunda ölümün kölgəsi onun işığını udur. Təyyarədə qurulan xəyallar, ümidlər kim deyərdi ki, dəqiqələr sonra böyük bir heçliyə qarışıb yoxa çıxacaq. Heç kim!
Əslində, bu nə qədər kədərli olsa da, həqiqətdir. İnsanın öz əzabı ilə tanış olma anıdır bu. Ölüm bir növ iztirab, sınaq, faciə və yaxud digər aləmə keçid halıdır. Qəzada həlak olanların hamısı dini, dili və irqi artıq bir qırağa qoyub, ümidlərdən, arzulardan və dualardan çıxıb başqa bir aləmə, həqiqət aləminə yol alıb artıq.
Bir də o qəzadan sağ çıxanları düşünün. Yarım qalan ümidlər, yarım qalan arzular, həyəcan qarışıq qorxular, travmalar, qışqırtılar, iniltilər və ən əsası hadisənin canlı şahidinə çevrilənlər. Onlar o qəzanı daim köksündə gəzdirəcək. Kökslərin o yerində heç zaman arzular boy atmayacaq. O, yerdə böyük bir boşluq, ağ təyyarəninin qanadlarında daim asılı qalacaq.
Bu nə ilk düşən, nə də son düşən təyyarə olacaq. Təbiət varsa, yaşam varsa, mücadilə varsa, insan varsa faciə qaçılmazdır. Həyat nə qədər mürəkkəb olsa da, bu da keçəcək. Yenə gözəl günlər gələcək, yenə inamlı günlər gələcək. İnsan daim öz külündən yaranacaq. Yalnız və yalnız bir şey unudulmayacaq. Azərbaycan üfüqlərində görünməyən təyyarədəkilər üçün ən ucqar bir kənddə insanlar dua edib kömək diləyirsə, Allahdan bax sevgi, insanlıq, mərhəmət, dostluq budur. Bu heç zaman unudulmayacaq və ömrümüzün hər anında bizə ağ yol olacaq, üfüq olacaq, mayak olacaq. Bu yalnız bir keçid deyil, əslində, insanın özü ilə üzləşmə halıdır. Azərbaycan insanının!
26 dekabr Azərbaycanda matəm elan olundu. Bu adi bir matəm, Sərəncam deyildi. Bu Prezident tərəfindən verilən Azərbaycançılıq hissinin və kədərinin rəsmi şəkildə təsdiqi idi. Bu Sərəncam xalqın ruhunu özünə qaytaran və bir araya gətirən çağırış idi, əslində. Bu matəm bizə ağlayıb, sızlamağı yox, bizə qəm və kədərin amasızlığına baxmayaraq, birlik və həmrəy olmağımızı bir daha xatırlatdı. Öz duyğu və hisslərinə qarşı mübarizə aparan insan yalnız bu şəkildə ruhunu təmizləyə və daha da irəliyə baxa bilər.
Bu Sərəncamın işığına yığışan bizlər unutmamalıyıq ki, həyat keçicidir insanlıq isə qalıcı. Bədbəxtliklər və xoşbəxtliklər qarşıda bizi yenə gözləyəcək. Biz, sadəcə, buna hazır olmağı bacarmalıyıq. Qəlbimizin dərinliyindəki sevgini duyaraq bütün insanlara və insanlığa qarşı ən dərin, ən ülvi, ən təmiz hissləri daşıyaraq anmağı bacarmalıyıq. Təyyarə qəzasında həyatını itirlənlərin ruhunun işığında toplaşan bizləri, bəlkə də, daha böyük, daha ciddi fəlakətlər gözləyir qarşıda. Buna görə də dərdə ortaq olmaq dərdi azaldar, qəlbə rahatlıq gətirər. Qoy Uca Tanrı Azərbaycan xalqını bütün bəlalardan xilas edib öz nuru ətrafına toplasın!
Fariz Əhmədov
Naxçıvan Televiziyasının baş redaktoru