Ölkə telekanallarında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə geniş yer verilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə ölkənin televiziya, qəzet və internet portallarında silsilə verilişlər, məqalələr, videomateriallar yayımlanıb.
1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm və əhəmiyyətli hadisəsidir. Bununla da Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılıb və şərəfli inkişaf yolu keçib.
Bu gün ölkə telekanalları Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə silsilə verilişlər və xəbər süjetlərinə geniş yer verib. Azərbaycan televiziyasının “Səhər”musiqili-informasiya proqramı bütövlükdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunub. Bununla bağlı televiziyanın efirində konsert və musiqi proqramları da təqdim olunub. AzTV-də həmçinin 9 fevral münasibəti ilə “Nuhun yurdu-Naxçıvan”, “XXI əsr salnaməsi- Naxçıvan” filmləri də yayımlanıb. Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin konserti izləyicilərə təqdim olunub. Azərbaycan dövlət radiosunda isə “Naxçıvan Muxtar Respublikası-95” mövzusunda Naxçıvanın musiqi kollektivlərinin konsertinə yer verilib. “Mədəniyyət” kanalında “Ordubad kəhrizləri”, “Naxçıvan yallıları”, “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Heydər Əliyev və Naxçıvan” adlı veriliş və filmlər efirə təqdim olunub. “İctimai” televiziya isə Şərur xalq yallı ansamblının konsertini yayımlayıb. Bu mövzuya eyni zamanda “Lider” televiziyasının “Səda” proqramında da toxunulub.
Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində keçirilən “Naxçıvanın muxtariyyət statusu” adlı tədbir də Azərbaycan televiziyasının və “Xəzər” telekanalının “Xəbərlər” proqramında yayımlanıb.
Eyni zamanda ölkənin qəzet və internet portallarında da Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə məqalələr dərc olunub, foto və videomateriallar yayımlanıb. Akademik İsa Həbibbəylinin “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycanın “Nəqşi-Cahanı” məqaləsi maraqla qarşılanıb. Jurnalist Sahil Tahirlinin “Tarixin 95 ili”adlı məqaləsi“Nuhçıxan” İnformasiya Agentliyinin internet saytından və “Şərq qapısı” qəzetindən sonra “İki sahil” və “Palitra” qəzetlərində də dərc olunub, Naxçıvanxeberleri.com, eyni zamanda Azinform.az informasiya portallarında yayımlanıb. Türkiyənin İğdır qəzetində isə “O Naxçıvandır” sərlövhəli məqalə dərc olunub. Jurnalist Səməd Canbaxşiyevin “Muxtariyyətimiz varlığımızdır” məqaləsi “Nuhçıxan” İnformasiya Agentliyində yerləşdirilib. “AZƏRTAC”, “Report”, Türkiyənin “Milliyyət-blok” kimi onlarla informasiya agentliyi və informasiya portallarında da Muxtariyyətin 95 illiyi münasibəti ilə məqalə və xəbərlər yayımlanıb.
Bir neçə gündür ki, sosial şəbəkələrdə də Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı minlərlə paylaşımlar edilib, foto və videomateriallar yerləşdirilib, minlərlərlə izləyici tərəfindən təbrik və şərhlər yazılıb. Ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz də muxtariyyətin 95 illiyi ilə bağlı sosial şəbəkələrdə yazı və müxtəlif fotolar paylaşıblar.
Naxçıvan dövlət televiziyası və dövlət radiosunun da 9 fevral proqramı bütövlükdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunub. Televiziya və radionun efirlərində bununla bağlı film, veriliş və keçidlər, eyni zamanda konsert proqramları yayımlanıb. “Nuhçıxan” İnformasiya Agentliyinin internet saytında yaradılan “Naxçıvan Muxtar Respublikası-95” adlı bölmədə isə silsilə məqalələr, şeirlər, kliplər, fotoşəkillər və videomateriallar yerləşdirilib.
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında isə qədim Azərbaycan diyarı olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası – 95” adlı kitab sərgisi açılıb.