95 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının tarixində milli-mənəvi dəyərlərə həmişə ehtiram göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas olan milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə əks etdirir”.
Doğrudan da, muxtar respublikamızın hər yerində milli adətlərimizə böyük hörmət və ehtiram var. Xalq yaradıcılığı festivallarında nümayiş olunan milli adət və ənənələr bir daha sübut edir ki, keçmişimizi öyrənməyə bizdə böyük maraq var. Elə bu maraq da həyat yollarımızı işıqlandırıb, qəlbimizə və ruhumuza bir təravət bəxş edib.
İnsan həyatı müxtəlif hadisələrlə zəngin və maraqlıdır. Toy mərasimi bizim ömür yolumuzun ən gözəl və yaddaqalan anlarıdır. Milli dəyərlərə söykənən toylarımız daha da maraqlıdır.
Toy mərasimi bir neçə mərhələdən sonra həyata keçirilir. Əvvəl qız evi ilə tanışlıq, elçilik, şirin çay, nişan, parçabiçdi, xına gecəsi, qız və oğlan evinin toyları həyata keçirilir. Bunların içərisində xına gecəsinə xüsusi hazırlıq görülür, bu gecədə qız-gəlin doyunca şənlənir. Xına gecələrini haxıştasız təsəvvür etmək olmaz. Haxışta gecəsi axşam verilən yeməkdən sonra qızlar-gəlinlər əllərinə xına yaxaraq qızın ətrafına toplaşırlar. Xına qabında xına isladılır, gəlin ortalıqda oturur, qızlar isə bardaş qurub yerdə otururlar. Biri ayaq üstdə gəzib haxıştanın sözlərini deyir, qalanları birlikdə haxışta söyləyirlər:
Naxçıvanın sal duzu,
Xörəyə az sal duzu.
Əmi qızımın keyfidi,
Ərə gedir baldızı.
Təbii ki, bütün qızların taleyindən baldızlıq və gəlinlik keçir. Deyilən haxıştalarda da gəlin-qayınana, gəlin-baldız münasibətləri önə çəkilir:
Ordubadın qızları,
İşvələri, nazları,
Özləri şirindilli,
Yamandı baldızları.
Haxıştanı deyən nə qədər şən olsa, məclis də bir o qədər maraqlı olar. Bəzi haxıştalarda milli geyim nümunələrinin adları da çəkilir.
Ağbirçək qadın əlindəki ağac ilə xına qoyulacaq qızın üzündəki qırmızı örpəyi qaldırır, altdan başına qoyulan dingə görünür. Dingə gəlinin örpəyini uca saxlamaq üçün naxışlarla işlənmiş araqçın formasında dik papaqdır. Oğlan evindən gələnlərdən biri xına tabağını ortaya çəkir. Oğlanın yaxınlarından biri gəlinin əlinin ortasına xına qoyur. Balaca bir oğlan uşağı xınanı qaçırdıb bəyə verir, əvəzində bəydən bəxşiş alır. Gəlinin əllərinə, ayaqlarına xına yaxırlar. Sonra xına tabağı məclisdə oturanların arasında gəzdirilir. Məclisdəkilər əllərinə xına qoyurlar. Xına quruyana qədər yenidən haxıştalar deyilir, mahnılar oxunur. Bu dəfə qayınana-gəlin münasibətlərinə aid mahnılar oxunur, bu mahnılar məclisə şuxluq gətirir. Qız evindən bir qadın belə deyir:
Qayınana evimin gülü, çiçəyi,
Qayınana evimin ağbirçəyi.
Qayınanasız evlər olmasın,
Qayınanasız evin çiçəyi solar
Qayınanasız evdə söz-söhbət olar.
Oğlan evinin adamları mahnı oxuyanı alqışlayırlar. Qız evinə belə cavab verirlər:
Əlində, ayağında əlvan xınası,
Gəlib gəlin gətirməyə oğlan anası.
Xoş gəldin deyin gəlinə,
Dəstə gül verin əlinə.
Gümüş kəmər bağlasın,
Gəlin incə belinə.
Bu məclisdə oxunulan mahnılar yaşanılmış həyat hadisələrinin ümumiləşmiş formasıdır. Belə mahnılardan qız-gəlinlər özlərinə nümunə götürürlər. Bizim milli adətlərimizin dəyəri, qiyməti də bundadır. Gördüklərindən həmişə yaxşı nəticə çıxarırlar.
Qız-gəlinin əllərinin xınası yuyulandan sonra ortalığa şirniyyatlar, çay gətirilir. Çayı rahatlıqla içirlər. Oğlan evindən gələnlər gecənin bir yarısına qədər qız evində əylənirlər. Zarafat üçün yatanları iynə-sapla yatdıqları yerə tikirlər, oğlan evi gedəndə oğlanın yaxınlarından biri gəlinə xoş sözlər deməklə ayrılır:
Xoş gəldin, xoş gəldin, xoş nişan, ay qız,
Bizim bu gözəl bəyə tuş gəldin, ay qız.
Gəlin səni yarıyasan,
Doxsanında qarıyasan.
İlkinin oğlan olsun,
Beşikdə yırğalıyasan.
Deyə-gülə keçirilən xınayaxdı xalqımızın birliyinin simvoludur.
“Arazın səsi” qəzeti