İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli dəyərlər onun ən qiymətli sərvətidir. Zəngin mədəniyyətə malik hər bir xalq milli dəyərlər sisteminə malikdir.
Şəhər adamlarına nisbətən kənddə yaşayan insanlar milli adət-ənənələrin, ailə qanunlarının qorunmasına daha çox üstünlük verirlər. Kənd adamları bəlkə də buna görədir ki, ululardan miras qalan adət-ənənələri, qayda- qanunları və ümumilikdə mənəvi dəyərləri daha çox qoruyub yaşadırlar. Elə bu, bəlkə də kənd həyatının özünəməxsusluğudur. Kənddə böyükdən-kiçiyə hər kəs yazılmamış bu qanunlarla yaşamağa üstünlük verirlər. Rayonumuzdakı kəndlərin hansı birinə üz tutsaq, hansı bir ailənin qonağı olsaq, orada şəhərdə yada düşməyən adət-ənənələrin, milli dəyərlərin qorunduğunu görərik. Belə kəndlərimizdən biri də əsrlərlə yaşı olan Kükü kəndidir. Bu kənddə hələ də arxalıq, tuman-kofta geyinən ağbirçək nənələrimiz, al-əlvan rəngli iplərlə corab, əlcək, papaq, adi bez üzərində gözəl sənət nümunələri yaradan qızlarımız, gəlinlərimiz var. Min illərdən bəri yol gələn toxuculuq sənətinin biliciləri-ağbirçək nənələrimiz, analarımız, qız-gəlinlərimiz bu kənddə üstünlük təşkil edirlər. Bu gün onların gözlərinin nuru, qəlblərinin sevinci, əllərinin sehri ilə toxuduqları sənət əsərləri evlərimizdə, muzeylərimizdə qorunub saxlanmaqdadır.
Uzun illər boyu qadınlarımız kənddə təkcə payız, qış aylarında toxuculuqla məşğul olurdularsa, son zamanlar bu sahəyə maraq artdığından demək olar ki, ilboyu bu işlə məşğul olurlar. Bu da onu sübut edir ki, xalqın yaratdığı daha dəyərlidir, daha qiymətlidir, onu başqa heç nə əvəz edə bilməz. Təbii ipdən və boyadan istifadə edilən toxuculuq nümunələri bu gün də dəyərlidir, əvəzedilməzdir.
Bu kənddə hələ də adi ev qayğıları kimi həvəslə yun əyirən, xalça toxuyan, çörək bişirən, nehrə çalxayan qadınlarımız var. Onlar milli dəyərləri elə ailələrimizdə yaşatmaqla onun əsl təbliğatçılarıdırlar. Kənddə toxuduğu əl işləri ilə hər kəsə örnək olan Sona nənə haqqında çox eşitmişdik. Elə eşitdiklərimizi görmək marağı ilə bu kəndə üz tutduq. Gəlişimizdən xəbər tutan Sona nənə yaylığının ucunu tez düyünləyib, ağır addımlarla qapıya tərəf gəlib, bizə “xoşgəldin” edərək çox şad olduğunu bildirdi.
-Ay qızım, nə yaxşı gəldiniz, ürəyimdə deyiləcək sözlərim çoxdur. Elə mən də körpəlikdən yaşlıları dinləməyi çox sevdiyimdən nənəyə diqqətlə qulaq asıb, arabir suallar verirdim. Bir xeyli söhbət edib, çay içdikdən sonra toxucu nənə əl işləri ilə bizi tanış etməyə başladı. Hər bir otaqda divarlardan asılmış xalçalar, milli dəyərlərimizi özündə əks etdirən bədii tikmə sənətinin nümunələri gözümüzü, könlümüzü oxşadı. Sanki bu sənət əsərləri öz gözəllikləri, tarixləri haqqında ”dil açıb” danışmaq istəyirdilər. Müsahibimiz hələ gənc yaşlarından əsasən dekorativ-tətbiqi sənətin bir növü olan bədii tikmə ilə məşğul olduğunu söylədi. Bu tikmə sənətində müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallardan istifadə edilərək adi bez üzərində öz fikirlərini canlandıran nənə o zamanlar lazım olan materialları tapmaqda çox çətinliklər çəkdiyini də dilə gətirdi. Mən uzun zamandır bu işlə məşğulam, toxuculuq sənətinə qəlbən bağlıyam. Demək olar ki, günümün yarısını bu işlə məşğul olmağa sərf etdiyimdən illərin necə keçdiyini heç hiss etməmişəm. Və ilmələrə, naxışlara, saplara baxa-baxa bir də gördüm ki, ömürdən günlər su kimi axıb gedib, yaşım 78-i haqlayıb. Bu illər ərzində həmişə düşünmüşəm ki, toxuculuq sənətinin valehedici olmasının birinci sirri rənglərin düzgün seçilməsindən asılıdır. Əgər rəng düzgün seçilərsə, naxışlar, ilmələr düzgün vurularsa, insan istədiyi hər bir sənət əsərini öz təxəyyülünün məhsuluna çevirə bilər. Mən sevə-sevə bu sənətin sirlərini öz nəvələrimə, qohumlarıma, tanışlarıma öyrətməkdən zövq alıram. Bu yaşda olmağıma baxmayaraq, bu işi bu gün də görürəm. Uzun qış gecələrində kəndin qız-gəlinlərini başıma toplayıb, nağıl danışa-danışa, maraqlı söhbətlər edə-edə, dəm-dəsgah quraraq toxuculuqla məşğul oluruq. Hər sənətdə olduğu kimi, bu sənətin də özünəməxsus sirləri çoxdur. Toxumağa maraqlı olan hər kəs, ilk əvvəl, bu sirləri bilməlidir. Mən də bu sirləri öz anamdan, nənəmdən öyrənmişəm. Elə buna görə də özümə borc bilərək çalışıram ki, bu adət-ənənəni yaşadam. Yaşadam ki, yaddan çıxmasın, unudulmasın, itib-batmasın.
Söhbətin şirin yerində gözüm otaqda olan bir sandığa sataşdı. Nənə “bu sandığın içində nə var?–deyə soruşdum. Sandığı acan nənə az qala yarım əsr yaşı olan əl işlərini mənə göstərəndə inana bilmədim. Burada illərdir öz gözəlliyini qoruyub saxlayan sənət əsərləri həqiqətən də tərifəlayiq idi. Gördüklərimdən necə təəccübləndiyimi bilərək sevinən nənə cod, qabar, titrəyən əlləri ilə divardakı xalçaları göstərərək dedi:
-Bax, evimizdə gördüyünüz bu xalçaların da hamısını vaxtilə mən özüm toxumuşam. İllərdir ki, bu evdə xalça toxunur. Özü də biz xalça toxumaq üçün istifadə etdiyimiz ipləri özümüz yundan əyirir, müxtəlif təbii boyalarla boyayırıq. Elə ona görədir ki, 40-45 ildir evimizdə istifadə etdiyimiz xalçaların rəngi təbii olduğundan dəfələrlə yuyulmağına baxmayaraq olduğu kimi qalır. Sonra nənə kənddə yunun əyrilmə qaydasından danışdı. Əyirmək üçün cəhrədən istifadə edirik. Bu alətə indi hər evdə rast gəlinmir. Buna baxmayaraq, həmin aləti qoruyanlar, yaşadanlar da var. Demək olar ki, uzun illərdir cəhrədən istifadə edirəm. Bu işi mənə gəlin köçdükdən sonra qaynanam öyrədib. O, bildirdi ki, ip hazırlamaq üçün, ilk növbədə, yun daranır, sonra cəhrə vasitəsilə əyrilmiş ip milə dolanır və hazır məhsula çevrilir. Bunun üçün cəhrənin yanında müxtəlif yun darağı olmalıdır. Sona nənə ilə birgə yun əyirib-darayan Rəna nənə də bu qədim el sənətini yaşadan ağbirçəklərimizdəndir. Yun daramaq barədə danışan Rəna nənə deyir ki, əvvəlcə bir dəstə yun darağın dişinə keçirilir və hər iki əllə yanlara dartılır. Sonra alınmış iki yun dəstini üst-üstə qoyub bu prosesi yenidən təkrar etmək lazımdır. Bu iş bütün yun dəsti daranana qədər və yun telləri bir-birinə paralel olanadək davam etməlidir. Yun hazır ip formasına gətirildikdən sonra müxtəlif bitkilərdən hazırlanmış boyalarla rənglənir. Sonra biz bu iplərdən özümüzə lazım olan paltarları toxuyuruq. Rəna nənə onu da vurğuladı ki, cəhrə ilə yun əyirmək çətin olduğundan müasir dövrümüzdə bu işi görən az adam tapmaq olar.
Sonda müsahiblərimiz qeyd etdilər ki, biz təkcə həvəskar kimi bu işlə məşğul olmuruq. Mil, milçə və tığla görülən əl ilə toxuma işləri cansıxıcılığı aradan qaldırmaqla yanaşı, sağlamlığımıza da həddindən artıq müsbət təsir edir.
Biz də inanırıq ki, xalq yaradıcılığının dəyərli incilərindən sayılan toxuculuq sənətini gələcək nəsillərə çatdırmaq istəyən kənd ağbirçəkləri yəqin ki, hələ bundan sonra da ömür vəfa etdikcə toxuyacaq, maraqla bu işin sirrini gələcək nəsillərə öyrədəcəklər.
“Oğuz səsi” qəzeti