Qədim Nehrəm məhəllələri: tarixdə və günümüzdə

A- A A+

Adından və tarixindən həmişə qürurla danışdığımız Nehrəm qədim kəndlərimizdəndir.Tarixən ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrin önündə gedib bu kənd.“Bu dünyada sözdən böyük yadigar yoxdur,zira ki, bütün mal-mülk tələf olub gedər,amma söz qalar”,- deyən  və bu il 150 illiyini qeyd etdiyimiz Cəlil Məmmədquluzadə kimi söz ustası 7 il Nehrəmdə yaşayaraq ədəbi yaradıcılığının ən gözəl nümunələrini burada yaradıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi xəttini daim dəstəkləyən nehrəmlilər, ötən əsrin 90-cı illərində – ölkəmizin tarixi sınaq qarşısında olduğu bir vaxtda, təlatümlü şəraitdə dahi şəxsiyyətlə Nehrəmdə görüşərək Ona olan inam və sədaqətlərini ifadə etdilər. Bu sədaqət ,etibar əbəs yerə göstərilmirdi.Çünki nehrəmlilər ölkəmizin gələcəyini bu Böyük Şəxsiyyətdə görürdülər. Müstəqillik illərində Nehrəmin muxtar respublikanın abad kəndlərindən birinə çevrilməsi ümummilli liderin siyasi xəttinə olan sadiqliyin bəhrəsidir. Nehrəm müasirləşdikcə,  gözəlləşdikcə burada məskunlaşma artmış, yeni məhəllələr salınmışdır.

Mövzumuz Nehrəm məhəllələridir. Hansı ki, Nehrəmin coğrafi mövqeyinin və ərazi quruluşunun formalaşmasında bu məhəllələr məxsusi rola malikdirlər.Ümumiyyətlə, məhəllələrin salınması və onlarda məskunlaşmanın artmasına ən böyük vasitə vaxtilə həmin ərazilərdə sututarların və yeraltı su mənbələrinin – quyuların  olması idi. Müasir dövrdə Nehrəmdəki bir çox məhəllə adları unudulsa da Çaylaq, Xəndək, Təpəbaşı, Hasar, Qumqala, Selov, Şişkin, Bağarası kimi məhəllələr bu gün də qalmaqdadır.

Bu məhəllələrin  ən böyüyü Çaylaq imiş. Məhəllənin adı nehrəmlilərin şirin şivəsində “Çaylaq” yox, “Kaylaq” kimi səslənir. Mərgalı və Köş düzləri, Qarnıyarıq kimi dağlardan axan sel suları vaxtilə həmin məhəllədə birləşib Araz çayına tökülürdü.Yaşayış məntəqəsinin qədim ibadət ocaqlarından olan Güllü məscid də məhz Çaylaq məhəlləsində yerləşir. Çaylağa yaxın olan məhəllələrdə isə 4 məscidin yerləşməsi tarixən milli-mənəvi və dini dəyərlərə sadiq olan Nehrəm üçün təbii haldır. Çaylaq həm də digər qədim məhəllələrin kəsişdiyi yerdə yerləşir.   

Qədim Çaylağın adı bir də bu kənddən gəlib-getmiş mirzələrin ən böyüyü Cəlil Məmmədquluzadənin bir vaxtlar məhz burada yaşaması ilə əlamətdardır. Yaşlı sakinlər dahi ədibin Nehrəm kəndinə gəlməsini və Çaylaq məhəlləsində məskunlaşmasını ata-babalarından belə eşidiblər:“Günorta azanına bir az qalmış Çaylaq məhəlləsindəki məscidin qabağında fayton dayandı, sərnişin balaca əl çamadanını götürüb, ehtiyatla yerə düşdü.Cəlil Məmmədquluzadə Çaylaqla Bağçabaşı məhəlləsindən gələn dar küçənin kəsişməsindəki birmərtəbəli, möhrə ilə tikilmiş evdə yaşamışdı.”

1890-1897-ci illərdə Nehrəmdə yaşayıb burada məktəb açaraq ilk dəfə qızları təhsilə cəlb edən dahi demokrat Mirzə Cəlil Həlimə xanım Nağı qızı ilə ailə həyatı qurmuş, bu izdivacdan Münəvvər xanım Məmmədquluzadə dünyaya gəlmişdir. Münəvvər xanım müxtəlif illərdə Çaylaq və Qumqala məhəllələrində yaşamış, Nehrəmdə tibb bacısı kimi fəaliyyət göstərmişdir.

Çaylaq məhəlləsinin qurtaracağı Təpəbaşı məhəlləsinə dayanır. Bu məhəllədə eyniadlı məscid və tarixi İmamzadə türbəsi yerləşir. Ötən əsrin əvvəllərində quldur Andronik Ozanyan Culfa rayonunun Yaycı kəndindən başlayaraq Əlincəçay ətrafı kəndlərə,oradan Sirab və ətraf yaşayış məntəqələrinə  divan tutduğu bir vaxtda nehrəmlilər düşmənə qarşı inadlı mübarizə aparmışlar. Həmin vaxt kənddə mövcud bir topu Xəndək, Çaylaq, Təpəbaşı məhəlləsi boyunca gəzdirərək düşmənin diqqətini yayındırmış, qarşı tərəfi silah-sursat sarıdan zəngin olduqlarına inandırmışdılar. Kənd sakinlərinin sözlərinə görə, qız-gəlinlərin düşmənə əsirdüşmə ehtimalını düşünən kənd ağsaqqalları onları məscidlərdən birinə toplayıblar.Cavanlara isə neft dolu qablar və kibrit verərək məğlubiyyət üz verərsə, binanı yandırmağı tapşırıblar.

Ötən əsrin 90-cı illərində   ölkəmizin və muxtar respublikamızda siyasi sabitliyin və vahid idarəetmənin olmadığı bir vaxtda nehrəmlilər “Klubun qabağı” adlanan məhəllədə dahi şəxsiyyət Heydər Əliyevlə görüşərək ümummilli liderin Azərbaycan Ali Sovetliyinə deputat kimi namizədliyini irəli sürdülər. Bu gün həmin “Klubun qabağı” adlanan məhəllə Nehrəmdə “Heydər Parkı” kimi tanınır və üçrəngli bayrağımızın dalğalandığı bu ərazi  kənd sakinləri üçün  müqəddəs, əziz sayılır.

Nehrəm məhəllələrinə təkcə coğrafi anlayış kimi yanaşmaq yanlış olardı.Çünki bu məhəllələr yüz illərin mənəvi dəyərlərini,adət-ənənələrini qoruyub yaşadır. Bineyi qədimdən olduğu kimi, indi də Nehrəmdə Təpəbaşı məhəlləsində toy mağarı qurulan zaman kəndin ən aşağı məhəlləsindən – Qarağanlıdan bura camaat axışıb gəlir, toy yiyəsinin sevincinə şərik çıxaraq qol götürüb oynayırlar. Əgər birinin yası düşsə, ev sahibinin xəbəri olmadan qohum-qonşu dəfn və yas mərasimi üçün lazım olan tədbiri tökərlər.

Dünən olduğu kimi,bu gün də məhəllələrin əsas mənəvi atributları ağsaqqal və ağbirçəklərdir.Kəndinə qəlbən vurğun olan, Nehrəmə üz tutan zaman bir növü bələdçi kimi hər zaman müraciət etdiyimiz kənd ağsaqqalı  Tofiq Abutalıbov deyir ki, ta qədimdən ağsaqqal sözünə, ağbirçək öyüdünə kənddə böyük hörmət olub.Sözünün kəsəri və ictimaiyyət arasında böyük nüfuzu olan, mübahisəli məsələlərdə ədalətli mövqe nümayiş etdirən ağsaqqallara  Nehrəmdə “müvəkkil” deyilirdi. Onlar hər hansı ailə münaqişəsini,elçiliyi, qohum-qonşunun mübahisəli mövzularını ədalətlə həll edərdilər. Necə deyərlər, bu insanların sözünün üzərinə söz  deyən yox idi. İndi tarixə çevrilən bu qədim məhəllələrin hər bir evində salınan süfrənin (Naxçıvan dialektində dəstərxan) başına ən azı 5-6 uşaq yığışardı.  

 

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: