“Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamı inqilabi bir addımdır. Mən və digər deputat həmkarlarım Milli Məclisdə büdcə müzakirələri zamanı ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər irəli sürmüşük. Burada ilkin fikir bundan ibarət idi ki, minimum əməkhaqqı ya 143, ya da maksimum 150 manat olmalı idi. Amma Prezident İlham Əliyev tamamilə fərqli qərar qəbul etdi, Maliyyə Nazirliyinin təkliflərini bir kənara qoyaraq, öz iradəsi ilə bu addımı atdı. Beləliklə, ilk dəfə olaraq ölkədə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı. Bu qərarı qəbul etdiyinə görə cənab Prezidentə minnətdarlıq edirik”.
Bunu NUHÇIXAN-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə sədri qeyd edib ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək:
“Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Çünki bu, ilin 10 ayını əhatə edəcək. Minimum əməkhaqqının 50 manat artırılması böyük bir addımdır. Xatırlayırsınızsa, əvvəlki illərdə 10 faiz artım olurdu. Maaşı artırılanların siyahısına tibb bacıları, xadimələr, kitabxana işçiləri və digər qrup insanlar daxildir. Beləliklə, onların ailə büdcəsi 50 manat artmış oldu. Bu, olduqca önəmli və hiss olunan rəqəmdir. Prezident İlham Əliyev bu cür addımları hər il atır. Bir şeyi bilmək lazımdır ki, yaşayış minimumu istehlak səbətinin minimum rəqəmidir”.
Hadi Rəcəbli deyib ki, bəzi araqarışdıran saytlarda, Facebook səhifələrində minimum əməkhaqqının 50 manat və ya 37 fazi artması pis mənada müzakirə edilir:
“Bu, məni çox narahat edir. Ancaq bu, o demək deyil ki, ideal yaşayış üçün lazım olan rəqəmdir. Bu rəqəmin adı var. Minimum əməkhaqqı və yaşayış minimumu. Bir daha qeyd edirəm ki, yanlış anlaşılmasın, bu rəqəm minimumdur. Burada “minimum” ifadəsini niyə işlədirik? Yəni əməkhaqqının ən aşağı həddidir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəlində 19 bölmə var, bu artım onların hamısına şamil ediləcək. Bu da bir daha onu göstərir ki, ölkə başçısı daim vətəndaş haqqında düşünür. Əhalinin güzəranının yaxşılaşdırılması üçün cənab Prezident tərəfindən belə addımlar davam etdirilərəcək”.