Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən 161 qaziyə yeni il hədiyyəsi təqdim edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə qazilərlə görüş keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin və təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırığına əsasən dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilər və vətən müharibəsi iştirakçılarına yüksək diqqət və qayğı göstərilir. Şura sədri vurğulayıb ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə bayram ərəfəsində 161 qaziyə müvafiq məbləğdə maddi yardım ayrılıb. Qeyd edilib ki, Şura tərəfindən bundan sonra da bu sahədə həyata keçirilən uğurlu layihələr davamlı olacaq.
Sonra “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov qazilərimizin 44 günlük Vətən müharibəsinə göstərdiyi, fədakarlıqdan, rəşadətdən söz açıb. Qazilərlə bu cür görüşlərin keçirilməsi istiqamətində görülən işlərin mənəvi dəstək olduğunu qeyd edən İctimai Birliyinin sədri belə təşəbbüskarlığa görə öz minnətdarlığını bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Vətən müharibəsi qazisi Təbriz Zeynalov, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy, Sədərək döyüşlərinin iştirakçısı, qazi Nəzifə Qaybalıyeva və qazi Rza Əlirzayevin çıxışları dinlənilib. Çıxış edənlər qazilərə göstərilən maddi və mənəvi dəstəkdən razılıqlarını ifadə ediblər.