Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzasının səbəblərini araşdıran komissiya iş planını müəyyənləşdirib

A- A A+

Qazaxıstan Nəqliyyat Nazirliyi yanında aviasiya hadisələrini araşdıran təhqiqat komissiyası “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı iş planını müəyyənləşdirib.

Bu barədə NUHÇIXAN Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verir.

Komissiyaya nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir. Nəqliyyat hadisələri və insidentlərin təhqiqatı departamentinin direktoru Nurjan Malayev araşdırma üzrə səlahiyyətli şəxs təyin edilib. Qazaxıstan Nəqliyyat Nazirliyinin araşdırma komissiyasının məqsədi aviasiya hadisəsinin səbəblərini müəyyən etmək və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün tövsiyələr hazırlamaqdır. Bu komissiya Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasının tərkibinə daxildir.

"Bu gün Marat Karabayevin sədrliyi ilə qərargahda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün Qazaxıstana gələn 17 beynəlxalq ekspertin iştirakı ilə müşavirə keçirilib. Komissiya iş planını müəyyənləşdirib. Beləliklə, komissiya tam tərkibdə hadisə yerinə baş çəkəcək. Hava gəmisinin elementlərinin toplanması üçün anqara baxış keçirəcək. Bu elementlərin toplanmasına başlanılması tarixi ilə bağlı birgə qərar qəbul edəcək", - məlumatda vurğulanıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qeyd edək ki, təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: