Məktəbyaşlı uşaqların internetdən istifadəsində valideyn nəzarəti necə olmalıdır?

A- A A+

İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda həyatımızı kompütersiz, internetsiz təsəvvür etmək mümkün deyil. Məktəbyaşlı uşaqlarda da kompüterə, mobil telefonlara, internetə maraq hədsiz dərəcədədir. Bunun həm müsbət, həm də mənfi tərəfləri vardır. Müsbət tərəfi ondan ibarətdir ki, uşaqlar dərslərə aid informasiyaları, dünyəvi bilikləri, öyrədici proqramlar vasitəsilə xarici dilləri, rəssamlığı, müxtəlif musiqi alətlərində çalmağı, dünyagörüşlərinin formalaşmasında lazım olan bilikləri internet vasitəsilə alırlar. İnternet sürətli informasiya almaq üçün, müəyyən tədqiqatlar, araşdırmalar aparmaq üçün məktəbyaşlı uşaqların əsas köməkçisinə çevrilir. Lakin internetdən istifadənin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də çoxdur. İnternetdə yerləşdirilmiş informasiya heç bir senzura, qadağalar, qaydalar və reqlamentlər olmadan toplandığından, hər dəfə internet resurslarından istifadə edərkən uşaqlar təhlükəli və zərərli informasiyalar ala, arzu olunmayan saytlara daxil ola bilirlər. Bu da onların mənəvi-psixoloji sağlamlığına təsir edir. Ona görə də valideynlər uşaqları internetdən istifadə edən zaman mütləq şəkildə nəzarəti gücləndirməlidirlər.  Bəzən valideynlər çıxış yolunu uşaqlara internetdən istifadəni qadağan etməkdə görürlər, əksinə bu yanaşma onların şəbəkəyə marağını daha da artırır. Uşaq evdə kompüterdə işləyən zaman valideyn ona nəzarət edə bilir, lakin evdən kənarda mobil telefon vasitəsilə internetdən istifadə edən uşağa nəzarət etmək olmur. Bunun üçün valideynlər öz uşaqları arasında maairfləndirici söhbətlər aparmalı, onları sosial şəbəkələrdən istifadə edən zaman arzuolunmaz saytlara daxil olmaqdan çəkindirməlidirlər.  Bəzi “filtrləyici” proqramların köməyi ilə  valideynlər  bu nəzarəti təmin edə bilərlər.

Microsoft şirkəti Windows 7 əməliyyat sistemindən başlayaraq valideynlərə uşaqların internetdə zərərli saytlardan müdafiəsinə və onları nəzarətdə saxlamağa imkan verən “Windows Family Safety” adlı proqram təminatı hazırlayıb. Bu proqram vasitəsilə valideynlər internetdən istifadə zamanı bir sıra saytlara qadağalar qoya və məhdudiyyətləri tənzimləyə bilərlər. McAfee, Norton, AVG kimi məşhur antivirus proqramları həm də filtrləmə ilə bağlı funksiyaları yerinə yetirir. McAfee Family Protection və Norton Family tipli proqramlar vasitəsilə də valideyn nəzarəti tam təmin olunur.

Gəlin, gələcəyimiz olan uşaqlarımızı, onların sağlamlığına, mənəviyyatına təsir edən zərərli, ziyanverici informasiyalardan qoruyaq. Bunun üçün valideynlər öz uşaqları ilə daim ünsiyyətdə olmalı, onları narahat edən problemləri ilə maraqlanmalı, asudə vaxtlarında uşaqları ilə çox vaxt keçirməlidirlər.

 

Səminə Rüstəmova

                                      Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: