Bu il Naxçıvanın muxtariyyatının 95 ilini qeyd edir. Bu münasibətlə muxtar respublikaya şeirlər həsr edilir. NUHÇIXAN həmin şeirlərdən birini təqdim edir:
Bu gün muxtar dövlətimin çiçəklənən bir vaxtıdır,
Təmiz eşqin, düz ilqarın, könüllərin paytaxtıdır,
Bu torpaqda yaşayanlar dünyanın ən xoşbaxtıdır,
Səndə keçib unudulmaz, ən bəxtəvər, ən xoş anım,
Mənim doğma Naxçıvanım!
***
Tarixlərə həkk olmusan qəhrəmanlıq savaşında,
Səyyahları ram etmisən cazibədar baxışınla,
Möcüzəyə çevrilmisən bəzəyinlə , naxışınla,
Sənsən eşqim, məhəbbətim, ilham pərim, söz divanım,
Mənim doğma Naxçıvanım!
***
Bir nağıldır, bir dastandır, əfsanədir Nəqşi-cahan,
Tariximdən, Nuh yurdumdan nişanədir Nəqşi-cahan,
Yazı-qışı başdan-başa şəhanədir Nəqşi-cahan,
Odur andım, odur hissim, odur sevgim, həyəcanım,
Mənim doğma Naxçıvanım!
***
Ulu öndər doğulandan bir il sonra yarandın sən,
Yarandığın gündən bəri mərd-mübariz dayandın sən,
Ulu öndər həyat verdi, İlham ilə ucaldın sən,
Azərbaycan, Nuhun yurdu, Şərq qapısı-tək ünvanım,
Mənim doğma Naxçıvanım!
Ənvər Hüseynov
“Şərqin səhəri” qəzeti