Azərbaycanda gördüyü işlər və əməlləri ilə fəxr etdiyimiz tarixi şəxsiyyətlər çoxdur. Tarixi prosesin yaradıcısı olan şəxsiyyətlər isə barmaqla sayıla bilər. Onlar cəmiyyət, onun inkişafı, tərəqqisi üçün lazım olan şəxsiyyətlərdir. Dünya fəlsəfi və elmi fikir tarixində cəmiyyətin inkişafında, milli tərəqqi və sivilizasiyada tarixi şəxsiyyətin rolu həmişə yüksək qiymətləndirilib, ayrı-ayrı millət və xalqların mədəni yüksəlişində, dövlətin möhkəmlənməsində böyük şəxsiyyətlərin liderlərin aparıcı mövqeyi əsas amillərdən biri kimi təsdiqlənib. Bu gün sürətlə dünya birliyinə inteqrasiya olunan müstəqil Azərbaycan dövləti, onun zəngin mədəni irsə və sivil intellektual potensiala malik olan xalqının çağdaş milli tarixi Heydər Əliyevin adı ilə bağlıdır.
Böyük siyasət ustadı, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti siyasi-mənəvi tariximizdə elə bir uca zirvədir ki, o zirvənin əzəmətini, böyüklüyünü bugünkü övladlarımıza, gələcək nəsillərə çatdırmaq, layiqincə tanıtdırmaq təhsil-tərbiyə işçiləri qarşısında duran başlıca vəzifələrdən biridir. Heydər Əliyev ruhi-daxili aləmi, sözü və əməli, fikir və düşüncələri, humanistliyi, əqidəliliyi və iradi keyfiyyətləri ilə xalqına, vətəninə bağlılığı ilə özünə qarşı sonsuz məhəbbət oyadıb, dövlət və dövlətçilik siyasətinin bütün dünyada yeni məzmun istiqamətini, modelini yarada bilib.
Heydər Əliyevin tək Azərbaycanın ayrılmaz hissəi olan Naxçıvana həsr olunmuş mübarizələrlə dolu həyat yolu bütöv bir dövrün, epoxanın canlı salnaməsidir.
Heydər Əliyevin ümummilli lider kimi xidmətlərindən biri də milli ideologiyamızın məzmun istiqamətini formalaşdırması idi. Məhz onun qüdrətli zəkası, yalnız müdriklərə məxsus həyat təcrübəsi sayəsində milli ideologiyamızın təməl daşları qoyuldu, sosial-iqtisadi, mədəni-mənəvi həyatın inkişaf perspektivləri müəyyən edildi.
Ümumilli liderin fikrincə milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin və Azərbaycan dilini, xalqımızın min illər boyu yaratdığı ədəbi xəzinənin, ədəbiyyatımızın öyrədilməsi çox vacib məsələdir.
Ümummilli liderin fikrincə, milli ideologiyamız iki çox mühüm komponentdən, birincisi milli dövlətçilik, ikincisi, milli-mənəvi dəyərlərdən ibarətdir. O, milli-mənəvi dəyərlərin mahiyyəti üçün zəruri olan tərkib hissələri də müəyyənləşdirirdi: dil, din, adət-ənənə. Bütün bunlar isə milli mentalitet formalaşdırılması prosesi ilə çox yüksək səviyyədə bağlıdır. Ona görə də ulu öndər milli ideologiyamızın ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərləri ideologiyadan ayrı tutmur, əksinə milli-mənəvi dəyərləri ideologiyanın başlıca şərti kimi götürür. Bu isə böyüyən nəsillərin bugünkü və gələcək mənəviyyatını, ümumiyyətlə mənəviyyatı milli ideologiyanın mahiyyətinə bağlamağı tələb edir.
Beləliklə, heç bir dövlət başçısı, heç bir siyasi lider və hətta heç bir millətçi ziyalı dövlət quruculuğu və idarəçiliyi ilə yanaşı milli ideologiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması və onun həyata keçirilməsi sahəsində Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməyib.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin kiçikyaşlı şagirdlərində ümummilli lider Heydər Əliyevin irsindən istifadə etməklə ideya inamı, milli idealogiya aşağıdakı şəkildə formalaşdırılır:
- kiçikyaşlı məktəblilərin ideya inamı elmi cəhətdən əsaslandırılaraq sistemli şəkildə hazırlanır, dərsliklərdə olan materialların ideya inamı istiqaməti üzə çıxarılıb öyrədilir;
- ümummilli lider Heydər Əliyev haqqında dərsliklərdə olan mövzuların tədrisi, eləcə də sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi şagirdlərin vətəndaşlıq keyfiyyətlərinin, mənəvi simasının başlıca amili kimi ideya inamını üzə çıxarmağa yönəldilir;
- kiçikyaşlı məktəblilər Heydər Əliyevin şəxsiyyəti və fəaliyyətinə dair elmi-idraki, publisist və bədii ədəbiyyatla, sənədli filmlərlə, tarixi mənbələrlə, görkəmli adamların ulu öndər haqqında fikirləri ilə tanış edilir;
- Heydər Əliyevin hakimiyyəti dövründə xalqımızın bütün sahələrdə yüksək inkişaf və tərəqqiyə nail olduğu, dünyada xalqımızın tanınmasında ümummilli liderin misilsiz fəaliyyəti məktəblilərə çatdırılır;
- Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı kinofilmlərə tez-tez baxış keçirilir;
- ulu öndərin əməllərini, ideyalarını, arzularını yaşatmaq və həyata keçirmək işində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iftixar doğuran fəaliyyəti barəsində kiçikyaşlı məktəblilər məlumatlandırılır, onlarda ideya inamı və əqidəsini formalaşdırmaq, doğma vətənə, onun maddi və mənəvi sərvətlərinə milli iftixar hissi aşılanır;
- Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı istiqamətində Muxtar Respublikanın Ali Məclisinin Sədri, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Vasif Talıbovun təhsil sahəsinə göstərdiyi böyük qayğı, həyata keçirdiyi dəyərli və əhəmiyyətli tədbirlər barədə kiçikyaşlı məktəbliklər məlumatlandırılır.
Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin ibtidai siniflərinin bütün təlim-tərbiyə işləri, proqram və dərsliklər, həmçinin tərbiyə proqramları və tədbirləri şagirdlərin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində milli ideologiyanın formalaşdırılması üçün geniş imkanlara malikdir.
Allahverdiyeva Lalə
Pedaqogika üzrə fəlsəfə doktoru