Şahmat fənnini tədris edən müəllimlərin sertifikasiya imtahanları başlayıb

A- A A+

2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  muxtar respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə fevralın 11-dən  sertifikasiya imtahanlarına start verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində keçirilən sertifikasiya imtahanlarında şahmat fənnini tədris edən 431 müəllim iştirak edəcəkdir.

Test imtahanında iştirakçılara  40 sual təqdim edilir, sualları cavablandırmaq üçün 60 dəqiqə vaxt verilir. Keçirilən imtahanlarda test tapşırıqlarının ən azı 50 faizini (20 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış hesab olunurlar. Şahmat fənni üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə bilirlər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi də aparılır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.

Test imtahanları fevralın 14-dək  davam edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: