Unudulmaqda olan əyləncəli uşaq oyunlarımız - FOTOLAR

A- A A+

Etnoqrafik yaddaşımıza nəzər saldıqda görürük ki, ta qədimdən ata-babalarımız uzun qış gecələrində vaxtı keçirmək üçün müəyyən vasitələr düşünüblər. Bunlar əsasən, xalq oyunları ilə həyata keçirilirdi. Bu oyunlarda uşaqlarla yanaşı, böyüklər də yaxından iştirak edərdilər.

Oğlan uşaqları ən çox ev şəraitində oynanması mümkün olan aşıq oyunlarından istifadə edərdilər. “Aşıq” heyvanın (qoyun, keçi) arxa ayaqlarında olan xüsusi sümükdür (maça). Aşığın dörd üzü vardır ki, aşıq oyunlarında bunların özünəməxsus yeri vardır. Aşığın yastı halda olan  çökək üzü “cik”, qabarıq üzü “bök” (bik), yanı üstə olan hamar üzü “toxan”, qırışıq yan üzü isə “alçı” adlanır. Aşıq təsadüf hallarda dik durur ki, buna “onqa” deyirlər. Onu qeyd edək ki, ötən əsrin  ortalarına qədər hər bir oğlan uşağı üçün aşıq oynamaq adi hal idi. Etiraf edək ki, müasir dövrdə mobil telefon, televizor və planşetlərə olan aludəçilik uşaqlara aşıq oyunlarını da unutdurub və hətta bir çoxu onun mahiyyətini bilmir.

Bəzi aşıq oyunları var ki, əsasən, çöl şəraitində oynanıldığı halda, iki aşıq oyunu-“üçəm” və “qusdurma” ev şəraitində oynanılardı. Bu oyunlar yeganə aşıq oyunlarıdır ki, “səqqə”yə (daha böyük aşığa) ehtiyac yoxdur. “Üçəm” isə yeganə aşıq oyunudur ki, oyunçular aşıq udmur.

Üçəm aşıq oyununun digərlərindən fərqi  odur ki, oyun müddəti aşıqların sayı sabit olur, hər kəs özü üçün aşıq qoymur. Bu oyunda iki və daha artıq  oyunçu iştirak edə bilər. Oyunda oyunçuların sayından asılı olmayaraq, udan və ya uduzan bir nəfər olur. Əgər oyunçuların sayı ikidən artıqdırsa, əvvəlcədən razılaşmaya, əsasən, ya ilkin çıxan hamını udmuş sayılır, ya da hamı axıra qalan bir nəfəri udur. Üçəm oyununda uduzana əvvəlcədən razılaşdırılmış sayda “lopuq” vurulur (köpürülmüş ovurdlara yavaşca yumruqla, ya da bir yerə cəmlənmiş barmaqla vuraraq səsçıxarma).

Oyun üçün üç ədəd aşıq götürülür. Kimin əvvəlcə atacağı şərtləndirilir. Əgər oyunçu üç və daha artıqdırsa, birincidən sonra hansı istiqamətdə oyunçuların aşıqları növbə ilə atacağı da razılaşdırılır.

Birinci oyunçu üç ədəd aşığı bir qədər yüksəkdən yerə atır, bəzən isə atan zaman “üçəm” deyir. Əgər aşıqların üçü də cik, bök (bik), və ya dik durmuş (fərq etməz alçı, ya toxan və ya qarışıq) halda düşərsə, həmin oyunçu oyunu davam etdirir.

İkinci dəfə aşıqları elə atır ki, aşıqlar bir-birindən bir qədər aralı düşsün. Aşıqların ikisi bir cürə, biri isə başqa cürə düşərsə tək formada düşən aşıqla çırtma ilə tək-tək o biri aşıqları vurur.

Oyun 51 saya qədər davam edərdi. Razılaşmaya əsasən, ya birinci 51 xal toplayan qalanlara müəyyən sayda lopuq vurar, ya da bütün oyunçular sona qalana lopuq vurardılar.

Qusdurma oyunu isə adətən iki iştirakçı ilə oynanılır. Oyunçudan qabiliyyət tələb olunmur. Əvvəlcə kimin oyuna və neçə dəfə başlayacağı razılaşdırılır. Oyuna başlayan oyunçu öz aşıqlarından dördünü əlində saxlayaraq rəqibindən aşıqların hansı üzü üstə düşəcəyini soruşur. Sonra ovcundakı aşıqları qarışdırıb tullayır. Məsələn, rəqib aşıqların “bök” düşəcəyini demişdi. Əgər aşıqlardan ikisi və artığı “bök” düşərsə aşıqların dördünü də götürür.

Aşıqlardan biri “bök” düşübsə, ona bir tayda hesablanır və rəqib birinci oyunçuya iki aşıq verməli olur. Əgər aşıqlardan “bök” düşəni yoxdursa rəqib oyunçuya dörd aşıq verir. Birinci oyunçu verilən aşıqları özünə götürməyib, yerdəki aşıqlara qatıb yenidən yerə atır.

Bu oyunlar lap qədimdə dəbdə olsa da, sonradan uşaqlar arasında  elm və təhsilə maraq artdıqca aşıq oyununa maraq azaldı. Hətta onu oynayanlara bir qədər “avara”, “tənbəl” kimi də baxılırdı. Sözsüz ki, bu oyunlar vaxt keçirmək üçün düşünülmüşdü. Amma oxumağın, elm və təhsilin vacib olduğu bir məqamda uşaqların boş vaxtını bu cür oyunlarla keçirməsi yaxşı hal sayılmazdı. Lakin digər bir yöndən baxanda bu oyunlar uşaqlarda müəyyən dərəcədə əl cəldliyi, hesablama vərdişləri də yaradırdı. Bir də bu cür oyunların məzmunu müasir kompüter oyunlarından fərqli olaraq heç bir təcavüzkarlıq, müharibə, emosiallıqla müşayiət olunmurdu. Gözə heç bir ziyanı və mənfi təsiri yox idi. Əksinə, qədim uşaq oyunlarımız daha çox fantaziyanın gücləndirilməsi, vaxtın daha sakit tərzdə və maraqlı keçməsi üçün oynanılırdı. Bu oyunlarda iştirakçıların sayının çoxluğu da sosiallaşma üçün zəmin yaradırdı. Digər bir üstünlük isə bu gün hansı məqsədləsə kompyüter oyununu fikirləşərək öz ideologiyalarını dolayı yolla dünyaya yayan əcnəbilərin deyil, bizə doğma olan milli düşüncəyə sahib beyinlərin  məhsulu idi.

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: