6 yanvar 2025-ci il tarixdə saat 12:54 radələrində “112” qaynar telefon xəttinə Kəngərli rayon polis əməkdaşı tərəfindən müvafiq məlumat daxil oldu. Və məlumata dərhal reaksiya verilərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının pirotexnikləri dərhal hadisə yerinə çıxış etdilər. Hadisə yerində partlamamış mərmiyə yaxınlaşdıqdan sonra məlum oldu ki, Çalxanqala kəndi ərazində iki ədəd 120 mm-lik metrlik top mərmisi mövcuddur və təlim mərmisinin yararsız vəziyyətdə olduğu məlum oldu. Buna baxmayaraq, mərmilər ərazidən təxliyə olundu və zərərsizləşdirilməsi üçün Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti bölməsinə təhvil verildi.
Bunu NUHÇIXAN-a müsahibəsində Mülki Müdafiə və Əməliyyat Planlaşdırma İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin mayoru Şərif Əsədov deyib.
O bildirib ki, ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının ərazisində müxtəlif istiqamətlərdə ötən il ərzində 20 müxtəlif döyüş sursatlarının aşkar olunması ilə bağlı məlumatlar daxil olub və bütün məlumatlara çıxış həyata keçirilib. Pirotexniklər tərəfindən 20 çıxış müddətində müxtəlif çaplı top mərmiləri, minaatan mərmiləri, avtomat mərmiləri, tam döyüş qabiliyyətli F1 əl qumbaraları, avtomat daraqları, həmçinin elektrodetanatrlar, xüsusi müşahidə cihazları və başqa döyüş sursatları aşkar olunması ilə bağlı daxil olan məlumatlara reaksiya verilmiş və onların hər biri ilə bağlı əməliyyat təxliyə tədbirləri keçirilərək ərazidən təxliyə olunub və təhlükəsizlik qaydalarına əməl etməklə aidiyyəti üzrə təhvil verilib.
Muxtar respublika ərazisində belə partlamamış döyüş qabiliyyətli döyüş sursatlarının müxtəlif ərazilərdə tez-tez rast gəlinməsi əhali üçün, əslində, çox böyük təhlükədir. Ötən illər ərzində muxtar respublikada partlamamış döyüş sursatlarının təhlükəsizlik tədbirlərinin pozulması nəticəsində partlaması və vətəndaşların xəsarət alması kimi hallarda baş verib. Bunu nəzərə alaraq, bütövlükdə, əhaliyə xəbərdarlıq edilir ki, partlamış və yaxud partlamamış döyüş sursatı aşkar olunursa, ona yalnız pirotexniklər ona yaxınlaşdıqdan sonra məlum olur ki, döyüş qabiliyyətli və yaxud yararsızdır.
Bu sursatlar, demək olar ki, sovet dövründə atılıb partlamayan mərmilərdir. Əsasən Poliqon ətrafındakı ərazilərdə təlim məqsədilə atılıb təbiət hadisələri zamanı yer dəyişib. Eyni zamanda binaların və evlərin zirzəmilərindən təmir bərpa işləri zamanı sursat və mərmilər aşkar olunub. Təbii ki, zaman keçdikcə onlar paslanır və aşınmaya məruz qalır.
Bəzən də elə olub ki, vətəndaş tapıb gətirib özü polisə təhvil verib. Belə hallar yolverilməzdir. Həmin sursatların hər an partlama təhlükəsi var. Tövsiyə olunur ki, belə sursatlar aşkar edilərkən ona yaxınlaşmaq olmaz və nəzərə alsaq ki, belə sursatlar daha çox çöllük ərazilərdə aşkar olunur o zaman həmin ərazidəki insanları oradan uzaqlaşdırmaq lazımdır. Və dərhal FHN-nin 112 qaynar xəttinə dərhal məlumat vermək lazımdır. Həmin qrup hadisə yerinə gəldikdə isə onlara bələdçilik edib dərhal hadisə yerinə çatdırmaq lazımdır. Əlavə olaraq əhalinin bu sahədə maarifləndirilməsi məqsədilə nazirliyin saytında və sosial şəbəkələrində bu haqda məlumatlar paylaşılıb. Bunun nəticəsi olaraq isə vətəndaşlar əvvələ nisbətən daha diiqqətli davranır.