Ötən il Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin tabeliyində olan elektrik stansiyalarında 484 milyon kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib şəbəkəyə ötürülüb.
Bunu NUHÇIXAN-a açıqlamasında Xidmətin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov deyib.
Onun sözlərinə görə, bu enerjinin 51 %-i istilik elektrik stansiyalarında, 36 %-i su elektrik stansiyalarında və 13 %-i günəş və külək elektrik stansiyalarında istehsal olunub: “2023-cü illə müqayisədə istilik elektrik stansiyalarının payı 16 % azalıb, su elektrik stansiyalarında bol sululuqla əlaqədar 16 % çox elektrik enerjisi istehsal olunub.
Günəş elektrik stansiyalarında ötən illə müqayisədə 1 % artıq elektrik enerjisi istehsal olunaraq şəbəkəyə ötürülüb”.
M. Abbasov bildirib ki, 1971-ci ildən istismar olunan “Araz” Su Elektrik Stansiyasının layihələndirilməsi və yenidən qurulması işi nəzərdə tutulub: “Bu məqsədlə Rusiya, Ukrayna və Avstriyanın şirkətlərinin mütəxəssisləri müxtəlif vaxtlarda stansiyalarda hidrotexniki və hidremexaniki avadanlıqlara yerində baxış keçirib. Stansiyanın 53 ildən artıq istifadə edildiyi nəzərə alaraq hidroturbinlərin 50 il, hidrogeneratırların isə 30 il işləmə resursu müəyyən olduğu üçün stansiyanın tamamilə yenidən qurulmasına qərar verilib. Yenidənqurma zamanı stansiyanın layihə gücü 10 % artırılacaq”.