Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür

A- A A+

Birinci Qarabağ müharibəsində mərdliklə vuruşan hər bir qeyrətli oğulumuz vətən uğrunda göstərdiyi rəşadətlərə görə tariximizə qəhrəmanlıq salnaməsi yazıb. Bu salnamədə qəhrəmanlığı ilə özünəməxsus yer tutan oğullarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevdir. Vətənə olan sevgisini gənc yaşlarından hərb sənətini seçməklə göstərən Mətləb Quliyev keçdiyi döyüş yolu ilə bu gün hər bir gəncimizə nümunədir.

Əslən Cəbrayıl rayonundan olan Mətləb Quliyev 1959-cu ildə yanvar ayının 9-da Beyləqan rayonunda anadan olub. Mətləb orta məktəbə Beyləqan rayonunda getsə də, sonra ailəsinin Sumqayıt şəhərinə köçməsi səbəbindən yarım qalan təhsilinə burada 13 saylı tam orta məktəbdə 8-ci sinfə qədər davam edib. Hərb sənətinə olan marağı onu Cəmşid Naxçıvanski adına hərbi məktəbə aparıb. Burada hərbi sirləri dərindən öyrənən qəhrəman nizam-intizamı və diqqətcilliyi ilə yoldaşlarından seçilir. Hərbi məktəbi müvəffəqiyyətlə başa vuran Mətləb Quliyev ordu sıralarına çağrılaraq əsgəri xidmətini yerinə yetirir. Ordudan tərxis olunan Mətləb həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olaraq təhsilinə davam edir. O, tezliklə biliyinə görə İnstitutda “Təhsil əlaçısı” döş nişanı ilə təltif edilir. Ali təhsilini bitirən Mətləb Quliyev Sumqayıt şəhəri 3 saylı orta məktəbdə gənclərin çağırışa qədərki hazırlıq rəhbəri olaraq fəaliyyətə başlayır. 7 il şagirdlərə hərbi sirlərdən dərs deyib, onların vətənə layiqli gənclər kimi yetişməsində fəallıq göstərən Mətləb Quliyev ermənilərin Qarabağ bölgəsində təcavüzkar hücumlarına görə 1992-ci ildə Daxili İşlər Orqanına müraciət edərək zabit kimi işə düzəlir. Daxili Qoşunlarda bir müddət fəaliyyət göstərən Mətləb tezliklə işğala məruz qalan torpaqlarımızı qorumaq üçün cəbhə bölgəsinə yollanır. Bir çox ağır döyüşlərdə iştirak edən baş leytenant Mətləb Quliyev hərbi biliyi ilə düşmən həmlələrinin qarşısını alıb, onları geri çəkilməyə məcbur edir.

Son döyüş… 1992-ci il avqust ayının sonu…

Ağdam bölgəsində səngimək bilməyən ağır döyüşlər gedirdi. Qeyri-bərabər döyüşdə düşmən sayca həm çox, həm də texnika və silah-sursatdan güclü idi. Bölgənin strateji əhəmiyyətli yüksəkliyi artıq düşmənin əlinə keçmişdi. Əsgərlərimizin ruh düşkünlüyünü görən baş leytenant onlarda qələbəyə inam oyatmaq üçün pulemyotla düşmən üzərinə qəfil hücuma keçir. Onlarla düşməni məhv edib yerə sərən Mətləb cəsarətli hücumu ilə düşməni qorxuya salır. Uzun mübarizə sonunda düşmənin snayperinə tuş gələn Mətləb Quliyev ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlir. Vətənin igid oğlu Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir.

Vətən torpaqlarının qorunması uğrunda şücaətlər göstərib verilən döyüş tapşırıqlarını şərəflə yerinə yetirən baş leytenant Mətləb Quliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Xatirəsi əbədiləşən qəhrəmanın adı ilk əmək fəaliyyətinə başladığı Sumqayıt şəhər 3 saylı orta məktəbə verilərək önündə büstü qoyulub. Yaşadığı binanın həyətində adına bulaq tikilib və xatirə lövhəsi vurulub.

Ömürlərini vətənə adayıb, torpaq uğrunda şəhid olan igid oğullar yaratdıqları qəhrəmanlıq salnaməsilə adlarını əbədi olaraq Azərbaycan tarixinə yazıblar. Hər nə qədər əsrlər keçsə də onlar unudulmaz qəhrəmanlar olaraq xalqın qəlbində yaşayacaqlar. Elə bu gün doğum günündə yad etdiyimiz qəhrəmanımız kimi…

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: