Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 07 fevral 2019-cu il tarixli sərəncamı, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Həmin Sərəncama əsasən, əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 3 faiz artırılacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Ölkə başçısının bu Sərəncamının icra edilməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və şəhər və rayon şöbələri tərəfindən müəyyən işlər görülür.
Artımlar muxtar respublika üzrə 48 864 nəfər əmək pensiyaçısına şamil ediləcək və pensiyalara yönəldilən aylıq vəsaitdə ümumilikdə 258,7 min manata yaxın artım olacaqdır. Muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan 172 309 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi də xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçiriləcəkdir. Nəticədə 26 789 nəfər yaşa görə, 13 178 nəfər əlilliyə görə, 8897 nəfər isə ailə başçısını itirməyə görə pensiyaçısının pensiyası artırılacaqdır.
Məlumat üçün bildirilir ki, Fond tərəfindən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və digər bu kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış əmək pensiyaçılarının pensiyalarında da bu Sərəncama uyğun müvafiq şərti çevrilmələr aparılmaqla müvafiq hesablamalar həyata keçiriləcək, lakin onların pensiyalarının ümumi məbləğində dəyişiklik olmayacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən indeksləşmə 1 həftə ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2019-cu ilin fevral ayının pensiya ödənişində, yanvar ayının artımları da daxil olmaqla əmək pensiyaçılarına ödəniləcəkdir.