Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təlim-metodiki toplantı hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işində şəxsi heyətlə iş üzrə zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ixtisas hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə keçirilib. Toplantı zamanı nəzəri məşğələlərə üstünlük verilərək şəxsi heyətlə iş üzrə komandir müavinlərinin peşəkarlıqlarının artırılmasına, tabelikdə olanların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi işinə xüsusi diqqət yetirilib. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin toplantıda iştirak edən nümayəndələri müxtəlif mövzularda çıxışlar ediblər. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən toplantı zamanı bölmələrdə ictimai-siyasi hazırlıq dərslərinin keçirilməsi üzrə göstərici dərslər və hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Şəxsi heyətlə iş üzrə zabitlərdən ixtisas hazırlığından məqbullar götürülüb. Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə 3 gün davam edən təlim-metodiki toplantıya yekun vurulan zaman zabitlərin ixtisas hazırlığı və tabelikdə olanların idarəetmə bacarıqları yüksək qiymətləndirilib.
Nəriman Nəcəfov