Yaşayan əfsanəvi Milli Qəhrəman - FOTOLAR
O, milli orduda ilk xidmət edən əsgərlərdən biri olub. Onun Naxçıvan Muxtar Respublikasından başlayan döyüş yolu Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Ağdərədən keçib. Od-alovlu cəbhədə igidcəsinə vuruşan Milli Qəhrəmanımız Mirzə Quliyev də vətənə xidməti ilə hər bir Azərbaycan gəncinə nümunə olub. O, 1974-cü il yanvar ayının 11-də Bərdə rayonunun Saatlı kəndində anadan olub. Saatlı kənd orta məktəbində təhsilini başa vurduqdan sonra Mingəçevir şəhərindəki 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirərək qaynaqçı peşəsinə yiyələnib. 1992-ci il avqustun 25-də Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Bir çox hərbi təlimlərdə iştirak edən milli qəhrəman əsgəri xidmətini yerinə yetirmək üçün Naxçıvan Muxtar Resbublikasının Sədərək rayonuna göndərilib.
Bu mənim əsl vətəndaşlıq borcum idi, etməliydim
51 yaşını qeyd edən Milli Qəhrəman Mirzə Quliyev NUHÇIXAN-a müsahibəsində bildirib ki, həmin dövrdə ölkəmizin Qarabağ bölgəsi və Naxçıvan Muxtar Resbublikasının sərhəddə yerləşən rayonlarında qızğın döyüşlər gedirdi. PDM-də tuşlayıcı atıcı kimi döyüşə Sədərək rayonunda qatıldıqdan sonra Şərur rayonunun Yaycı və Şahbuz rayonunun Batabat kəndlərində gedən döyüşlərə qatıldım. Bölgə olaraq Naxçıvanda düşmənə qarşı müdafiə hər zaman güclü olub. Düşmənin hücumunun qarşısı alınır, geri çəkilməyə məcbur edilirdi. Ancaq Qarabağ bölgəsində vəziyyət belə deyildi. Ona görə bir qrup döyüşçü ilə 1993-cü il iyulun 28-də Ağdam bölgəsinə göndərildik. Burada düşmən hücumlarının qarşısını aldıqdan sonra Füzuli, Cəbrayıl, Tərtər və Ağdərə rayonları uğrunda gedən qanlı döyüşlərdə iştirak etdim. Döyüşlərdə PDM-lə düşmənin bir neçə tankını və xeyli canlı qüvvəsini məhv etməyi bacardım. Cəbhədə atəşkəs elan olunana qədər vətənə xidmət borcumu fədakarlıqla yerinə yetirdim. Bu mənim əsl vətəndaşlıq borcum idi, etməliydim.
Vətənə xidmətim Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildi. 1995-ci il 15 yanvar tarixli fərmanları ilə “Hərbi xidmətlərə görə” və “İgidliyə görə” medalları ilə təltif edildim. Həmin ilin aprel ayının 4-də isə ölkə rəhbərinin 307 saylı Fərmanı ilə daha yüksək ada – “Azərabaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldüm.
Xidməti borcumun son illərində Polis Akademiyasına daxil olaraq qiyabi təhsil aldım. 1996-cı ilin oktyabr ayında çavuş rütbəsi ilə milli ordu sıralarından azad edilərək Daxili İşlər Orqanlarında işlə təmin olundum.
1997-ci ildən Bakı Şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətimi davam etdirdim. 2003-cü il mart ayının 5-dən isə Daxili İşlər Nazirliyinin əmri ilə leytenant rütbəsi alaraq Nəsimi Rayon 20-ci Polis bölməsində əməliyyat müvəkkili təyin olundum. Burada 10 il xidməti müddətində polkovnik-leytenant rütbəsinədək yüksəldim. Sonra Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Axtarış bölməsində xüsusilə mühüm işlər üzrə Baş Əməliyyat Müvəkkili vəzifəsində fəaliyyətimi davam etdirdikdən sonra səhhətimdə olan problemlərə görə ehtiyata buraxıldım.
9 ildir, xidmətimdən azad olunsam da, dövlətimizin diqqətini həmişə hiss etmişəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətən qarşısında xidmətlərimi yüksək qiymətləndirərək məni “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları ilə təltif edib.
Bu maraqlı müsahibəyə görə Milli Qəhrəman Mirzə Quliyevə sağlam ömür arzu edirik. Sizlər göstərdiyiniz rəşadətinizlə Azərbaycan gəncliyinə nümunə olmusunuz. Və sizləri özünə örnək bilən gənc nəsil isə işğal altında olan torpaqlarımızı azad edib Vətənimizi bütövləşdiriblər. Xalqımız sizin kimi vətənpərvər oğulları ilə hər zaman qürur duyacaq. Doğum gününüz mübarək!
Səriyyə Salahova