NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi münasibətilə "Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü" mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
- Qəzet məqaləsi;
- Teleradio materialları;
- Ədəbi yaradıcılıq; (poema, şeir, nəsr, dram və s.)
- Rəsm əsəri;
- Memarlıq işi:
Müsabiqənin keçirilməsində məqsəd:
Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, muxtar respublikanın müstəqillik dövründəki inkişafını müxtəlif materiallarla təqdim etməkdir.
Müsabiqədə iştirak:
Yaradıcılıq qabiliyyəti olan hər kəs müsabiqədə iştirak edə bilər. Lakin bu zaman iştirakçı yalnız bir istiqamət seçməlidir.
Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirmə meyarları:
-işlərin bədii səviyyəsi və keyfiyyəti;
-müsabiqənin şərtlərinə cavab verməsi və istiqamətlərdən birini əhatə etməsi.
-ideyanın orijinallığı;
-işin təsiredici qüvvəyə malik olması və mövzunun asan qavranılması;
-yaradıcı yanaşma və mövzunun açılması.
Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı tələblərə cavab verməlidir:
Teleradio verilişi və qəzet məqaləsi;
Müsabiqəyə təqdim olunan məqalələr müəllifin istəyinə uyğun olaraq “Şərq qapısı” və ya şəhər və rayon qəzetlərində dərc edilməli, “Nuhçıxan” İnformasiya Agentliyində yerləşdirilməli, teleradio materialları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolarda efirə yayımlanmalı, bu zaman "Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü" yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür” qeydi göstərilməlidir.
Ədəbi nümunələr:
Müsabiqəyə təqdim olunan ədəbi nümunələr üçün həcm məhdudiyyəti yoxdur. Ədəbi nümunələr (həcmi uyğun olsa) qəzetlərdə çap oluna bilər.
Rəsm əsəri:
Müsabiqəyə təqdim edilən rəsm əsərləri rəngkarlığın və qrafikanın müxtəlif texnikalarından istifadə olunmaqla (sulu boya, yağlı boya, quaş, qara qələm, qarışıq texnika və s.) və istənilən material üzərində işlənə bilər. Siyasi rəhbərlərin portretləri əsərlərdə əks oluna bilməz. Müsabiqəyə təqdim olunan rəsm əsərləri minimum 50x60 sm ölçüdə olmalıdır.
Memarlıq nümunəsi:
Memarlıq nümunələri eskiz formasında olmalı, muxtar respublikanın qədim və müasir memarlıq quruluşunu əks etdirməlidir.
Müsabiqənin keçirilmə vaxtı:
Müsabiqə 2019-cu il fevral ayının 12-dən noyabr ayının 30-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 2019-cu il noyabrın 30-dək şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fonduna təqdim etməlidirlər;
Qaliblər 2019-cu ilin dekabr ayında elan olunacaq və mükafatlandırılacaqlar.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
Birinci yer (1 nəfər) - 1000 manat
İkinci yer (2 nəfər) - 500 manat
Üçüncü yer (3 nəfər) - 300 manat
Həvəsləndirici yer (4 nəfər) - Qiymətli hədiyyələr
Ünvan: Naxçıvan şəhəri, Cəlil
Məmmədquluzadə küçəsi,
Gənclər Mərkəzi
Əlaqə telefonu
(036) 550-84-27