Naxçıvan MR Prokurorluğunun Kollegiya iclası keçirilib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Baş prokurorunun rəhbərliyi ilə (videokonfrans rejimində) Naxçıvan Muxtar Respublikası Prokurorluğunun geniş Kollegiya iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, yanvarın 13-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən qeyd edilib ki, müstəqil, qüdrətli Azərbaycan dövlətinin varlığı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaq görən siyasətinin, vaxtında və qətiyyətlə atmış olduğu hər bir addımının bəhrəsinin bu gün bütün Azərbaycan xalqı, o cümlədən bizlər şahidi oluruq. O, cümlədən Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu xüsusilə vurğulanıb.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Naxçıvan Muxtar Respublikasının hərtərəfli, o cümlədən iqtisadi-sosial inkişafı, insanların yüksək səviyyədə rifahının təmin edilməsi istiqamətində mühüm islahatlar aparılmış və bu hazırda da davam etdirilməkdədir.

2024-cü ilin prokurorluq orqanları üçün də əlamətdar il olduğu konkret misallarla qeyd edilib.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Muxtar Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 37 cinayət işinin ibtidai istintaqı aparılıb və həmin cinayət işlərindən 13-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 376667 manat maddi ziyandan 367302 manatının (97,51%) ödənilməsi təmin olunmuşdur.

Bundan əlavə 2024-cü ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına 584 müraciət daxil olmuş, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 197, tabe rayon (şəhər) prokurorluqlarında isə 391 olmaqla, ümumilikdə 588 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir.

Geniş Kollegiya iclasında görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrasına toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar ətraflı müzakirə edilib.

Geniş Kollegiya iclasına yekun vuran Kamran Əliyev xidməti fəaliyyətin təkmilləşdirilməsi, hesabat dövründə yol verilmiş nöqsanların aradan qaldırılması, həmçinin Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı zəruri tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: