Təəssüflər olsun ki, yaşamın bu qədər baş gicəlləndirdiyi, sərxoş etdiyi bir dönəmdə texnologiyalar və sosial şəbəkələr, sözün əsl mənasında, həyatımızı ağuşuna alıb. Sarmaşıq kimi bizi özünə dolayan bu sistem beynimizi iflic edərək günü-gündən daha da monotonlaşaraq tək qalmağımıza səbəb olur. Bəs çıxış yolu nədədir? Necə edək ki, əvvəlki şən və firavan həyata dönə bilək. Ünsiyyətdən çəkinməyək, vecsizləşməyək. Hadisələri düz alqılaya bilək.
Hər gün real xəbərlərlə yanaşı, hədsiz sayda yalan xəbərlərlə də tanış oluruq. Hər kəs eyni məlumatı fərqli şəkildə və yaxud şişirdilmiş şəkildə paylaşır. Bu xəbərlər ucbatından real hadisələr gündəmdən tez düşür və yaxud əlçatan olmur. Beynimiz gündə nə qədər informasiya əldə edə bilər ki?
Əslində, sosial media platformaları insanları birləşdirmək, məlumat paylaşmaq və əyləndirmək üçün yaradılıb. Lakin günümüzdə bu platformaların bir çoxunun getdikcə daha çox insan həyatına mənfi təsir göstərdiyinə şahidlik edirik. Vaxtilə telefon əlinə almayan bir vətəndaş indi o telefondan qopa bilmir. Və ona əmanətən verilən ömrü boş və mənasız sosial platformalarda başa vurur. Bəs səbəb nədir bu asılılığa?
Sosial media istifadəçilərində yaranan asılılıq davranışı, sadəcə, psixoloji deyil, həm də bioloji mexanizmlərlə bağlıdır. Bu mexanizmlərdən biri də dopaminergik sistemdir. Dopamin beynimizdə “mükafat” hissi yaradan neyrotransmitterdir. O, motivasiya, zövq və öyrənmə kimi həyati funksiyalarda əsas rol oynayır. Sosial media isə dopamin istehsalını süni şəkildə stimullaşdıraraq beyin strukturlarını manipulyasiya edir.
Bildirişlər və dopamin partlayışı
Hər dəfə telefonunuzun ekranında bir bildiriş görürsünüzsə, beyniniz bunu mükafat siqnalı kimi qəbul edir. Bu bildirişlər dopaminin ifrazını artırır və “daha çox istəyirəm” hissi yaradır. Misal üçün, bir “Instagram” postu paylaşımınız çox bəyənmə aldıqda, beyniniz bunu sosial təsdiq kimi qəbul edir. Nəticədə, dopamin səviyyəsi artır, lakin bu, müvəqqətidir. Bu mexanizm qumar asılılığı ilə eyni mexanizmə əsaslanır. Məsələn, qumar oyunçuları hər dəfə mərc etdiklərində dopamin ifrazı artır. Lakin qazanc təkrarlanmadıqda beyin daha çox dopamin əldə etmək üçün mərc məbləğini artırmağı stimullaşdırır. Eynilə, sosial media istifadəçiləri də daha çox “like”, şərh və paylaşım almaq üçün əlavə səylər göstərir.
Sonsuz gözləmə
Sosial medianın ən aludəedici xüsusiyyətlərindən biri sonsuz skrollamadır (infinite scrolling). Platformalar istifadəçiyə hər skrolldan sonra yeni məzmun təqdim edir və beyin hər dəfə yeni məlumat alarkən dopamin ifraz edir. Bu proses slot maşını oynamaqla oxşardır: insan nə vaxt böyük qazanc əldə edəcəyini bilmir və nəticədə, asılılıq yaranır. Misal: Bir “TikTok” istifadəçisi düşünün. O, 30 saniyəlik video izləyir və beyni “yenilik” hissi ilə stimullaşdırılır. Hər yeni video potensial olaraq daha maraqlı bir məzmun təqdim edə bilər. Bu qeyri-müəyyənlik dopamin sistemini daim stimullaşdırır.
Sosial qabiliyyətlərin süni stimulyasiyası
İnsan beyni sosial qarşılıqlı əlaqələrə çox həssasdır. Sosial mediada aldığımız müsbət şərhlər, izləyici artımları və ya digər təsdiq formaları, real həyatda baş verən sosial mükafatlarla eyni dərəcədə dopamin artışına səbəb olur. Ancaq burada bir təhlükə var: real və virtual mükafatlar arasındakı disbalans. Virtual mükafatlar tez və asan əldə edilir, lakin davamlılıq baxımından zəifdir.
Sosial media istifadəsinin davamlı olaraq dopamin sistemini stimullaşdırması aşağıdakı nəticələrə gətirib çıxarır:
1. Dopamin həssaslığının azalması (Desensitizasiya)
Beyin dopaminə qarşı həssaslığını itirir və daha yüksək səviyyədə stimullaşdırmaya ehtiyac duyur. Bu, istifadəçilərin sosial mediada daha çox vaxt keçirməsinə səbəb olur. Misal: Əvvəllər bir neçə şərh və ya “like” kifayət edirdi ki, insan xoşbəxt olsun. Lakin zamanla bu kifayət etmir və istifadəçi daha çoxunu axtarır.
2. Gündəlik zövq Almanın Azalması
Daimi dopamin stimullaşdırılması, beynin real həyatdan zövq almasını çətinləşdirir. Ənənəvi fəaliyyətlər – kitab oxumaq, ailə ilə vaxt keçirmək və ya təbiətdə gəzmək – maraqsız görünməyə başlayır.
3. Diqqət problemləri
Dopamin partlayışlarının davamlılığı, beynin diqqət mərkəzini uzun müddət bir şeydə saxlama qabiliyyətini zəiflədir. Bir çox tələbə dərslərini təxirə salaraq saatlarla sosial mediadakı məzmunlara baxır. Beynin sürətli dopamin partlayışlarına alışması, uzunmüddətli diqqət tələb edən tapşırıqlara fokuslanmağı çətinləşdirir.
4. Real sosial münasibətlərin zərər görməsi
İnsanlar real həyatda dostları ilə ünsiyyət qurmaq əvəzinə, sosial mediada daha çox vaxt keçirirlər. Bu həm emosional bağların zəifləməsinə, həm də depressiyanın artmasına səbəb ola bilər. Sosial media istifadəsi doğru idarə olunmadıqda həm psixoloji, həm də bioloji təsirləri ilə ciddi problemlər yarada bilər. Dopamin sisteminə təsir edən mexanizmləri anlamaq, bu asılılıqla mübarizədə mühüm rol oynayır. İnsanlar texnologiyadan faydalana bilər, lakin onun bizi idarə etməsinə icazə verməməliyik. Unutmayaq ki, dopamin sistemimizi balansda saxlamaq üçün real həyatdakı xoşbəxtlik mənbələrinə daha çox ehtiyacımız var. Gəlin virtual aləmin yararlı sahələrindən istifadə edib qalan vaxtımızı daha səmərəli olan insan və cəmiyyət münasibətlərinə həsr edək. Kitab oxuyaq, idman edək, qohumları və yaşlıları ziyarət edək. Monoton yaşamdan yaxa qurtarmağa çalışaq!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru
Ruslan Rüstəmzadə
Naxçıvan Dövlət Universitetinin Tibbi profilaktika ixtisası üzrə VI kurs tələbəsi