Naxçıvan Dövlət Universitetinin imtahan mənzərəsi

A- A A+

 

Naxçıvan Dövlət Universiteti muxtar respublikada fəaliyyət göstərən yeganə universitetdir. Naxçıvanda bura “doğma universitet” kimi tanınır. Demək olar ki, Naxçıvan  Muxtar Respublikasının kadr potensialını təmin edən yeganə universitetdir. Burada düşünə bilməyəcəyiniz qədər innovativ yeniliklər var. Bu halı müşahidə etmək üçün universitet kampusuna daxil olmaq, dərs prosesini, əsasən də, imtahan prosesini müşahidə etmək kifayət edir. Yeniliklər bununla da bitmir. Dünyanın bir çox qabaqcıl universitetləri ilə əməkdaşlıq edən Naxçıvan Dövlət Universiteti beynəlxalq standartlara uyğun təhsil təqdim edərək elm, təhsil və texnologiya sahəsindəki nailiyyətləri ilə ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib.

Tələbələrin sakit ortamda, elektron və çap mediasından istifadə etməsi üçün universitetin Elmi Kitabxanası səhər saat 09:00-dan gecə saat 10:00-a kimi növbəli şəkildə iş və xidmət rejimini təşkil edir. Müəllimlərin imtahan nəticəsini yoxlaması, tələbələrin imtahan nəticəsinin elan olunması həm elektron kabinetlər, həm də SMS bildirişi vasitəsilə çatdırılır.

Tələbələrin imtahanlardan məmnunluğu şəffaflıq, obyektivlik və müasir metodların tətbiq olunması ilə bağlıdır

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirir ki, mövcud normativ-hüquqi aktlara və tədris proqramına uyğun olaraq yanvar ayının 6-dan Naxçıvan Dövlət Universitetində həm bakalavr, həm də magistratura səviyyəsində imtahan sessiyası başlayıb. Universitet ölkədə genişprofilli ali təhsil müəssisəsi kimi tanındığından qabiliyyət və praktik yönümlü ixtisaslar tədris proqramında daha çox üstünlük təşkil etdiyindən imtahan sessiyası həm test, həm yazılı, həm şifahi, həm də açıq tipli imtahan metodlarından təşkil olunur. İmtahan prosesinə əyani tələbələrlə yanaşı, qiyabi tələbələrdə cəlb olunur. İmtahana hazırlıq prosesi, sualların emal olunması, onların tələbələrə vaxtında çatdırılması, test banklarının yenilənməsi və onların müasir testologiyanın prinsiplərinə uyğunlaşdırılması işinə sentyabr ayından başlanılır. Sillabuslar tələbələrin elektron kabinetlərinə yerləşdirildikdən sonra imtahana qədər olan mərhələdə, məsləhət saatlarında və hibrid görüşlər zamanı tələbələri maraqlandıran və onların çətinlik çəkdiyi suallar ətrafında müzakirələr aparılır. İmtahanların hər sessiyada təkmilləşdirilməsi tələbələrin  biliklərinin keyfiyyətyönümlü  inkişafına xidmət edir. Eyni zamanda imtahan sessiyasındakı yeniliklər tələbəyönümlü təhsilin qurulmasına daha çox zəmin yaradır. İmtahan prosesindəki şəffaflıq və obyektivlik, mövcud qaydalara uyğun olaraq yaradılmış apellyasiya komissiyasının tərkibində valideyn və media nümayəndələrini iştirakından açıq-aydın görünür. Müxtəlif vaxtlarda keçirdiyimiz sorğular zamanı tələbələrdən aldığımız rəylər onu deməyə əsas verir ki, son illərdə universitetdə imtahan sualları hazırlanarkən tələbələrin arzu və istəkləri nəzərə alınıb.

Universitet artıq iki ildir ki, imtahan cədvəllərinin hazırlanmasını da tələbələrin təkliflərini nəzərə alır. Ötən ildən fərqli olaraq bu il daha operativ imtahan cavablarının onlayn çatdırılması işi də təkmilləşdirilib. İmtahanlar QR kodları vasitəsilə oxunur və tələbələrə çatdırılır.

Apellyasiyaların obyektiv aparılması üçün komissiya kifayət qədər səylər göstərir. Və düşünürük ki, tələbələrin imtahanlardan məmnunluğu imtahanların sadələşdirilməsi ilə əlaqədar yox, şəffaflıq, obyektivlik və müasir metodların tədbiq olunması ilə bağlıdır. Və bu son deyil. Universitet daima imtahan prosesinin yenilənməsi istiqamətində axtarışdadır. Həmçinin tələbələrində verdikləri təklif və qaydalar təlimatlara uyğun gəldiyi halda imtahan prosesi bu təkliflərə uyğun dizayn ediləcək.

İmtahan prosesində bütün tələbələrə uğurlar arzu edirik. İnanırıq ki, bu imtahan sessiyasında əldə olunmuş keyfiyyət və müvəffəqiyyət göstəriciləri keçən ilin ümumi mənzərəsini ifadə edə biləcək və biz də bununla strateji hədəflərimizə çatmış olacayıq.

Apellyasiyaların əsas məqsədi imtahan dövründə obyektivlik və şəffaflığı təmin etməkdir

Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov: – İmtahan sessiyası ilə əlaqədar olaraq apellyasiya komissiyasının yaradıldığını qeyd etdi. Təqribən, gün ərzində apellyasiya komissiyasına 15-20-yə yaxın ərizə daxil olur. Bu komissiya, əsasən, imtahana nəzarət, ortaya çıxan narazılıqların həllinə xidmət edir. Tələbələr imtahandan sonra hər hansı bir narazılığı sistem vasitəsilə monitorinq və qiymətləndirmə bölməsinə bildirir və həmin bölmə imtahandan çıxan cavabları apellyasiya komissiyasına təqdim edir. Komissiya isə aidiyyəti kafedraya məlumat verərək və imtahan nəticəsinin digər müəllimlər tərəfindən yoxlanılmasını təmin edir. Doğrudan da, tələbə haqlırdısa, daxil olan ərizəyə yerində baxılır və rəy yazılır. Biz də həmin rəyə əsaslanaraq imtahanın nəticəsinin dəyişilib- dəyişilməməsi ilə bağlı qərar qəbul edilir. Və bu qərar həmin gün sistem vasitəsilə tələbəyə çatdırılır. Bəzən isə tələbənin istəyinə uyğun olaraq müvafiq qaydada apellyasiyada tələbənin iştirakı təmin edilir. Apellyasiyaların əsas məqsədi imtahan dövründə obyektivlik və şəffaflığı təmin etməkdir.

 3424 imtahandan 2652-si yazılı, 322-si şifahi, 450-si isə elektrondur

Tədris şöbəsinin müdiri Şahin Əliyev: – Nəzərə çatdırım ki, imtahanların təşkili və keçirilməsi universitetin rektoru Elbrus İsayevin müvafiq əmri əsasında həyata keçirilir. Sessiya çərçivəsində bakalavr səviyyəsində 80, magistratura səviyyəsində isə 79 ixtisaslaşma üzrə, ümumilikdə, 10.000-dək tələbə imtahan verəcək. İmtahanlar 3424 fənni əhatə edir. Onlardan 2652-si yazılı, 322-si şifahi, 450-si isə elektron-test üsulu ilə həyata keçirilir. Şifahi imtahanlar üçün hər bir ixtisas fənlərinin xüsusiyyətlərinə uyğun olaraq qiymətləndirmə meyarları hazırlanıb təsdiq edilmişdir ki, bu da imtahanlarının qiymətləndirilməsi zamanı həmin meyarlar əsas götürülür.

İmtahanlar, əsasən, iki növbədə təşkil olunur və imtahanların ardıcıllığı tələbələrin seçiminə uyğun olaraq təyin edilib. Tələbələrin imtahan cədvəlləri “E-cədvəl” mobil tətbiqi vasitəsilə onlara təqdim olunub. Eyni zamanda imtahan sualları da semestrin əvvəlindən LMS platforması üzərindən tələbələrin şəxsi kabinetinə daxil edilib. Elektron-test üsulu ilə aparılacaq imtahanların testləri 2024-cü il dekabrın sonunadək imtahan sistemində açılaraq tələbələrə tədqim olunub. İmtahan nəticələri həmin günün sonunda tələbələrin “WhatsApp” nömrələrinə göndərilir və şəxsi kabinetlərinə yerləşdirilir.

Bütün müraciətlər və cavablandırmalar tamamilə elektron qaydada həyata keçirilir

Monitorinq və qiymətləndirmə bölməsinin müdiri Elgün Tağıyev: – Sessiya zamanı akademik borcu yaranan tələbələrə 2 fənn üzrə təkrar imtahan vermək hüququ fevral ayının əvvəlində təşkil olunacağını bildirdi. İmtahanlar hər bir fakültə üzrə imtahan zalında minimum 2 nəzarətçi olmaqla universitet əməkdaşlarından ibarət imtahan komissiyası tərəfindən aparılır. Bütün imtahan zalları lazımi avadanlıqlarla və kameralarla təmin edilib.

Sessiyanın şəffaflığını və operativliyini təmin etmək məqsədilə universitetdə 9 nəfərdən ibarət İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Apellyasiya Komissiyası daxil olan şikayətləri operativ şəkildə araşdırır.  Bütün müraciətlər və cavablandırmalar tamamilə elektron qaydada həyata keçirilir. İmtahan sessiyası yanvar ayının 31-nə dək davam edəcək.

Kitabxananın axşam növbəsinin olması, təbii ki, oxucu sayına da təsir edir

Elmi Kitabxananın direktoru Xumar Məmmədova: – Artıq bir neçə aydır ki, kitabxananın uzadılmış iş rejiminə keçdiyini qeyd edib. Bu rejim tələbələrin kitabxanadan istifadəsini daha da artırıb. İstər ənənəvi, istərsə də kitabxana daxilində müraciətlər daha  da çoxalıb. İmtahan ərəfəsində bütün fakültələrdən tələbələrin kitabxanaya axını hiss olunur. Uzadılmış iş rejimində fəaliyyət göstərən kitabxana əməkdaşlarının əsas məqsədi tələbələrə maksimum xidmət göstərmək və imtahanlarla əlaqədar daha çox elektron mənbədən istifadə etmələrinə imkan yaratmaqdır.

Kitabxananın axşam növbəsinin olması, təbii ki, oxucu sayına da təsir edir. Burada əsas məqsəd yerli və xarici tələbələrin kitabxanadan istifadəsini maksimum əlçatan etməkdir.

Azərbaycan dilçiliyi kafedrasının müəllimi Mehriban İmanova: –Naxçıvan Dövlət Universitetinin Elektron imtahan portalından ismarıc daxil olur ki, hörmətli müəllim imtahan vərəqələri yoxlanmaq üçün hazırdır. Və biz imtahanı yoxlayıb qiymətləndirmə etdikdən sonra tələbələr öz imtahanlarının hansı meyarlar əsasında qiymətləndirdiyini görmüş olur.

Bələdiyyə və turizm kafedrasının müəllimi Mehman Şabanov: – İmtahanlar tam obyektiv şəkildə yoxlanılır. Buradakı vərəqlər kodlaşdırılır. Biz də çalışırıq ki bütün imtahan nəticələrini obyektiv qiymətləndirək. Hər sualın qiymətləndirmə meyarı var. Yoxlamaların nəticələrində də hiss olunur ki, son dövrlərdə tələbələr imtahana yaxşı hazırlaşır. Bu da şəffalığın, obyektivliyin göstəricisidir.

Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Sumayə Səlimzadə: –İmtahan zalına daxil olarkən nəzarətçilər şbarqalkalardan istifadə etməməyi tövsiyə edirlər. Yazılı imtahan zamanı 5 sual, elektron test üsulu ilə keçrilən imtahalarda isə 50 test təqdim olunur. Hansı ki, bu test sualları imtahan bazasına daxil olan 700 sualın içindən seçilib düşür. İmtahan müddəti 2 saatdır.

7 imtahandan üçünü uğurla başa vurmuşam. Növbəti dörd imtahana isə maksimum çalışıram ki, qiymətlərim yüksək olsun. İmtahanlara, demək olar ki, keçdiyimiz fənlərin mühazirələrindən suallar salınır. İmtahanı verdikdən sonra gün ərzində mobil telefonumuza imtahan nəticəsi haqqında bildiriş gəlir.

Tərcümə ixtisasının (ingilis) II kurs  tələbəsi Zəhra Məmmədova: – İmtahan müddəti daha çox kitabxanada hazırlaşmağa üstünlük verirəm. Düşünürəm ki, burada hazırlaşanda daha disiplinli və daha çox çalışıram. İmtahanlardan əvvəl kitabxanaya gəlib burada hazırlaşaraq potensialımı artırıram. Kitabxanadakı sakitçilik və disiplin bizi çox qane edir. Burada mənimlə bərabər hazırlaşan çoxlu sayda tələbə var ki, onlarda mənim “kitabxana dostları”mdır.

Stomatologiya ixtisasının III kurs tələbəsi Yaqut Əliyeva: – İmtahan vaxtı demək olar ki günüm kitabxanada keçir. Bu semestr 6 imtahanım var ki, bunların da hamısı yazılı imtahanlardır. Kitabxanadan istifadə edərək imtahana hazırlaşıram. Kitabxanada axtardığımız dərsliyi tapa və rahatlıqla imtahana hazırlaşa bilirik. Çalışıram ki, kitabxanada daha çox vaxt sərf edərək ixtisasıma mükəmməl yiyələnim.

 

Fariz Əhmədov

 NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: