Ordubadlı məktəblilərə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Dəstə kənd tam orta məktəbində şagirdlərə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ictimai təhlükəsizlik idarəsinin baş inspektoru, polis mayoru Fariz Nəsirov yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlüklərindən danışıb. Bildirib ki, biometrik şəxsiyyət vəsiqələri təhlükəsizlik baxımından əvvəlki vəsiqələrdən daha təkmildir. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı yerləşdirilib. Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı yeni nəsil şəxsiyyət vəsiqələri hər bir kəs üçün əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri Vilayət Bağırov məktəblilərin, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərindən danışıb.
Tədbirin sonunda məktəblilərə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri təqdim olunub.
Məhəmməd Fərəcov