“Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin Təqaüdçülər klubunda “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova dastan haqqında ümumi məlumat verib. Bildirib ki, Azərbaycan xalqının yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi səhifələri ilə zəngin olan bu dastan həm də xalqımızın zəngin mədəniyyətə malik olduğunu sübut edir. Dastanda həmçinin dövlətçiliyə, qanunların aliliyinə, ictimai ədalətin qorunmasına riayət və hörmət özünü qabarıq göstərir.
Digər çıxış edənlər qeyd edib ki, Kitabi-Dədə Qorqud dastanında ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir.
Qeyd edək ki, xalqımızın tarixi üçün əhəmiyyətli olan bir sıra mühüm məqamların göstərilməsi, eləcə də gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilib.
Mədinə Rəhimli