O, mərdliyi, sədaqəti ilə yaşadığı 23 illik qısa ömrünə əbədi yaşarlıq qazandıraraq xalqın Milli Qəhrəmanı oldu. Çox gənc olmasına baxmayaraq vətənpərvərliyi ilə Azərbaycanın qəhrəmanlıq tarixinə öz adını yazıb. Vətən torpaqlarının qorunmasında rəşadət göstərib, şəhid adını qazanan qəhrəman oğullardan biri də Rövşən Abdullayevdir.
Qısa ömrü ilə hər bir gəncimizə nümunə olan Rövşən Abdullayev 1969-cu il yanvar ayının 16-da Lerik rayonunda anadan olub. O, uşaq ikən ailəsilə Astara şəhərinə köçür. İlk təhsilini burada 1 nömrəli tam orta məktəbdə alan Rövşən əlaçı və nümunəvi şagird olur. İdmanla məşğul olan qəhrəman bir çox idman yarışlarında iştirak edərək qalib olur. Dərslərinə həvəslə hazırlaşan Rövşən SSRİ Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi bitirən Rövşən leytenant rütbəsi ilə Rostov şəhər Daxili İşlər Şöbəsinə verilir. Ancaq bu təyinatla razılaşmayan qəhrəman təkidlə təyinatının doğma vətənə dəyişdirilməsini istəyir. Arzusuna çatan gənc leytenant tezliklə vətənə qayıdaraq Azərbaycan DİN-in Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində siyasi şöbənin rəisi vəzifəsinə təyin olunur. O, Burada fəaliyyəti müddətində əsgərlərə təlim keçib, onları döyüşə hazırlayır.
Həmin vaxt ölkəmiz ağır, gərgin günlərini yaşayırdı. Qarabağ bölgəsinə durmadan hücuma keçib, qeyri-bərabər döyüş aparan ermənilər silah-sursat və canlı qüvvə üstünlüyünə görə addım-addım torpaqlarımızı işğal edirdi. Bununla razılaşmayan vətənin igid oğulları sinələrini sipər edib, düşmən önündə çəpər qurmuşdular.
Bu hadisələrdən xəbərdar olan Rövşən Abdullayev 70 nəfərlik şəxsi heyətlə Zəngilan rayonuna ezam olunur. Həmin dövrdə rayonun kəndləri cəbhənin ən qaynar nöqtəsinə çevrilmişdi. Rayonun mühüm strateji əhəmiyyətə malik olan Qazançı kəndində post qurub əraziyə nəzarət edən qəhrəman yaxşı bilirdi ki, bu kənd işğal olunsa, Zəngilan və Qubadlı rayonlarını işğal etmək üçün düşmənə yol açılacaqdı. Quldur düşmən isə bu üstünlüyü əldə etmək üçün kəndi hədəfə almışdı. Rövşən Abdullayevin rəhbərliyi altında kəndin müdafiə olunduğunu bilən ermənilər hücum üçün fürsət axtarırdılar…
1992-ci il Sentyabr ayının 12-də Şayıflı kəndindən ərzaq, silah gətirmək üçün Rövşən 6 əsgərlə yola düşür. Bundan xəbər tutan düşmən Qazançı postuna hücum edir.
Hadisədən xəbər tutan qəhrəman təcili geri qayıdır. Bu zaman pusquya düşən komandir və 6 əsgəri düşmənin avtomat və iriçaplı silahlarının fasiləsiz atəşinə məruz qalır. Vəziyyətdən çıxış yolu axtaran Rövşən düşmənə cavab atəşləri verərək əsgərlərinə yolun aşağı hissəsindəki çaya enməyi əmr edir. Özü isə düşmənlə təkbaşına mübarizə apararaq bir neçə sərrast atəşlə erməni quldurlarını məhv edir. Bu zaman ağır yaralanan cəsur komandir son damla qanına kimi silahını yerə qoymayıb düşmənə cavab atəşləri açır. Vəziyyəti belə görən əsgərləri komandirlərini xilas etmək üçün onu döyüş meydanından çıxara bilsələr də, çoxlu qan itirmədən Rövşən Abdullayev gözlərini həyata əbədi yumur.
Vətənin igid oğlu Lənkəran şəhər qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında etdiyi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Rövşən Abdullayev ölümündən sonra ölkə Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Xatirəsi əziz tutulan Qəhrəmanın adı yaşadılaraq Lənkəran şəhərinin mərkəzində büstü ucalan parka, Astara şəhərinin küçələrindən birinə, Lerik şəhər Mədəniyyət Evinə verilib.
Şair Şəkər Aslanın gənc, igid polis zabiti Rövşən Abdullayev haqqında qələmə aldığı "Elə yaşayaram" poeması kitab şəklində çap olunub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı