Qəzzanın sağ əli Rusiya və Ukraynanın başına...

A- A A+

Orada insanlar ölürdü, insanlıq ölürdü...

Dünən hər kəsin narahatlıqla, maraqlandığı, hər gün videolarda izlədiyi Qəzzada atəşkəs elan olundu.  Videolarda yayımlanan uşaqların sevinclə toy-bayram etdiyi o kadrlar hər birimizin içindəki yatmış göz yaşlarını  oyadıb axmağa səslədi. Sevinc-sevincə, gülüş-gülüşə qarışdı Qəzzada.

Müharibə dövründə insanlar yalnız həyati təhdidlərlə deyil, həm də ümidsizlik, qəzəb və ayrılıq hissi ilə üzləşirlər. İki ölkənin bir-birinə qarşı olan dərin nifrəti, təkcə hərbi əməliyyatlarla məhdudlaşmır, bu nifrət həm də insanları fərqli düşüncə və dünyagörüşlə imtahan edir. Bu vəziyyət bizə uzunmüddətli sülh və ədalətin təmin olunmasının nə qədər çətin olduğunu göstərdi.

15.01.2025-ci il tarixdə barışın günü, sülhün günü kimi yox, uşaqların sevinc günü kimi qalacaq. Xəstəliyin bədənə və ruha verdiyi zərər kimi müharibə də cəmiyyətə, insanlığa və sosial quruluşlara zərbədir. Müharibənin ən ağır fəsadlarından biri insanın öz daxili sülhünü, etibarını, əxlaqını və bəzən də insanlıq hissini itirməsidir.

Atəşkəs yalnız hərbiçilərin silahı yerə qoy əmri yox, həm də fiziki döyüşlərin dayandırılması deməkdir. Bu proses həmçinin cəmiyyətin üzləşdiyi dərin travmaların, nifrətin və qəzəbin müalicə edilməsinin başlanğıcıdır.

Müharibələr sadəcə hərbi qarşıdurmalar yox həm də böyük bir insanlıq sınağıdır. İnsanlar hər iki tərəfdə də həyatları və normal yaşayış tərzlərini qorumaq üçün mübarizə aparır, lakin bu mübarizə getdikcə daha da çətinləşir. Atəşkəs, bu faciənin anidən bir fasiləyə çevrilməsi deyil. Bu, müharibənin qəddarlığına qarşı, mülki həyatın bərpası üçün bir çağırışdır. Hər iki tərəf arasında müharibənin gətirdiyi kədər, itkilər və bölünmələr atəşkəsin miqyasından daha böyükdür. Bombalanmış şəhərlər və itirilmiş həyatlar geri qayıtmır. Bəşəriyətin ümumi çağırışları sırasında hər bir insanın yaşamaq haqqı, hər bir uşağın, hər bir ailənin təhlükəsiz şəkildə həyatını davam etdirmək istəyi var. Lakin bu atəşkəs, sülhün təmin olunması üçün yalnız bir addım olmalıdır, hər iki tərəf, bu aralıqda gördükləri zərbələrin, insanlıq və mənəviyyat qarşısında nə qədər ağır olduğunu anlamalıdır.

Atəşkəs, həyatın və insanlığın varlığını qorumaq üçün daha geniş və dərin bir ehtiyacı üzə çıxarır. Zərərləri müalicə etmək, ürəkləri birləşdirmək, yeni inşa edilmiş dünyaya münasibət bildirmək də sülh adlanır. Müharibənin təbii nəticəsi olan zərərin ardında bir yuxu var, insanlığın gələcəkdə daha fərqli, daha sağlam bir yerdə yaşamaq yuxusu. Atəşkəs isə bu yolda atılacaq ilk müsbət addımdır. Yalnız o zaman, bu müvəqqəti sükutdan sonra yuxular reallığa çevrilər.

Səma Hüseynli

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: